Məhkəmə qərarları › İş №3(001)-869/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-869/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-869/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-in nümayəndəsi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2960/2024 nömrəli icra sənədinə əsasən Şəxs 27 oktyabr 2022-ci il tarixli, 101804-320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 manat məbləğində əsas kredit borcu, 379,34 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 1.652,29 manat, 101804-320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 manat məbləğində əsas və 386,51 manat faiz borcu olmaqla, cəmi 4.232,59 manat məbləğində borc olmaqla ümumilikdə hər iki müqavilə üzrə 5.884,88 manat məbləğində borc və 78,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi üzrə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilməmişdir. Şəxs həmin borcu tam şəkildə tələbkara ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə olan borc vaxtında ödənilmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, əvvəllər də bankdan dəfələrlə kredit götürmüşdür. O qeyd etmişdir ki, 10000 manat krediti cəmi bir ilə ödəmişdir. 40 ildir ki, işlədiyi müəsissədən onu təqaüdə çıxmasına 2 il qalmış işdən çıxarmışlar. Qazanc yeri olmadığına görə banka olan borcunu ödəyə bilmir. Şəxs eyni zamanda bildirmişdir ki, onun barəsində olan borc məbləği şişirdilmişdir. O, məhkəməyə ərizə təqdim edərək Expressbank ASC-yə olan borcununun hazırda 100 manat ödədiyini, növbəti aylarda da, 50 manatdan az olmayaraq ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 uzun müddət keçməsinə baxmayaraq icra sənədinin icra edilmədiyini, borcun da tam şəkildə ödənilmədiyindən Şəxs şikayətçi olduqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2960/2024 nömrəli icra sənədindən görünür ki, Şəxs 27 oktyabr 2022-ci il tarixli, 101804- 320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 manat məbləğində əsas kredit borcu, 379,34 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1.652,29 manat, 101804- 320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 manat məbləğində əsas və 386,51 manat faiz borcu olmaqla, cəmi 4.232,59 manat məbləğində borc olmaqla ümumilikdə hər iki müqavilə üzrə 5.884,88 manat məbləğində borc və 78,85 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

6. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2960/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2960/2024 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

8. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində barəsində axtarış elan edilmişdir.

9. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Azərikart ödənişə dair portal çıxarışından görünür ki, Şəxs "xxxx" ASC-yə 100 manat məbləğində ödəniş etmişdir.

10. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-yə olan borcundan 100 manat ödəniş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, növbəti aylarda da 50 manatdan az olmayaraq ödəniş edəcəkdir.

11. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in səlahiyyətli nümayəndəsi tərfindən yazılmış ərizədən görünür ki, icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində tərtib edilmiş inzibati protokola baxılarkən borclu Şəxs tələbkar "xxxx" ASC-yə 100 manat ödəniş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

12. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

13. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

14. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmiş, habelə sonuncu hazırda baxılan inzibati xəta haqqında iş üzrə olan borcu qismən ödəmişdir.

15. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəməyə ərizə təqdim edərək Expressbank ASC-yə olan borcunun hazırda 100 manat ödədiyini, növbəti aylarda da, 50 manatdan az olmayaraq ödəniş edəcəyini bildirmişdir. Bundan başqa onun əməlində- hərəkətinə prsixi münasibətdə qəsd mövcud deyildir. O tələbkarla uzunmüddət kreditor və borclu münasibətində olmuş, işdən çıxarılanadək bu borclarını vaxtlı-vaxtında ödəmişdir. Lakin onun iradəsindən asılı olmayan səbəblərdən (işdən çıxarılması, 64 yaşının olması əsası ilə DOST Mərkəzinə müraciət etsə də iş tapa bilməməsi, həyat yoldaşının aldığı minimum pensiya ilə yaşamaları) bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

16. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

17. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.

18. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

19. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

20. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

21. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

22. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

23. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

24. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar