Məhkəmə qərarları › İş №3(001)-8699/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8699/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8699/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 275.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 275.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X1 yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən Bravo marketin havalandırma və kondisoner sisteminin səs-küy və vibrasiyasından şikayət etmişdir. Həmin şikayət əsasında X7 monitorinq idarəsinin mütəxəssislərinin iştirakı ilə birgə ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı səs-küy səviyyəsinin qanunla müəyyən edilmiş normadan artıq olduğu aşkar edilmişdir. Bundan sonra tərəflərindən inzibati araşdırmada marketin nümayəndələrinin iştirak etməsi ilə bağlı Azərbaycan Supermarketə dəvət məktubu göndərilsə də, nümayəndələrinin iştirakını təmin etməmişlər. Yoxlama zamanı isə adını xatırlamadığı Bravo marketin nümayəndəsinin də monitorinqdə iştirak etdiyini bildirən nümayəndə qeyd edilən şikayət üzrə faktın öz təsdiqini tapması əsası ilə Bravo market barəsində protokol tərtib edildiyini bildirmişdir. Daha sonra nümayəndə ona verilən suallara cavab olaraq bildirmişdir ki, monitorinq aparılan zaman video çəkilş aparılsa da həmin video çəkiliş itirildiyindən və ya silindiyindən iş materiallarına əlavə edilməmişdir.

3. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin ekologiya üzrə mühəndisi, X2 bildirmişdir ki, Bravo marketdə aparılan monitorinq zamanı o özü də iştirak etmişdir. Bildirmişdir ki, tərtib edilən aktda aparılan yoxlamanın nəticələri öz əksini tapmışdır. Ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, monitorinq keçirilən əraziyə 2 nəfər əməkdaş gedir, bundan sonra monitorinq keçirilən ərazidə ölçmələr aparılır. Misal üçün nəqliyyat vasitəsi uzaqdadırsa, 30 saniyədən 60 saniyəyə qədər ölçmə aparılır. Yoxlama o zaman 3 dəqiqə aparılır ki, bütün kənar təsirlər nəzərə alınsın. Lakin Bakı şəhərində buna şərait yoxdur. Çünki sıxlıqdır, yolun kənarıdır. Ona görə də əks təsirləri nəzərə alınaraq ölçmə işləri aparılır. Monitorinq zamanı maşın səsi nəzərə alınır. Maşın səsinin və digər əks təsirlərin dayanması gözlənilir, daha sonra isə video çəkilişlə yoxlama aparılır. Məqsədi bu obyektdən gələn səsin ölçülməsidir. Şəkildən də görünür ki, məsafəyə riayət edilərək səs ölçülmüşdür. Mütəxəssis daha sonra ifadəsinə davam edərək bildirmişdir ki, onlar aktı tərtib edərkən qeyd edilən meyarları orada əks etdirməsələr də özləri vəziyyəti qiymətləndirərək, aktı ümumi şəkildə yazmışlar. Onlar yoxlamanı tam metodikaya uyğun aparıldıqlarına görə bütün məlumatları akta yazmağa ehtiyac duymamışlar.

4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X3 bildirmişdir ki, hazırki iş məhkəmədə kifayət qədər araşdırılmış və bütün suallara cavab verilmişdir. Qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsiri dəqiq sübuta yetirilməlidir. İşdə hər hansı şübhələr varsa, bu inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə həll olunmalıdır. Hazırki işdə videogörüntünün olmaması, aktda məlumatların ətraflı təsvir olunmaması, ölçmələrin texniki parametrlərə uyğun aparılmaması, aktda ümumi sözlərin yazılması və sair hallar şübhə doğurur. Bundan başqa bizim tərəfimizdən sertifikatlı səs ölçmə cihazımız vasitəsilə ölçmə aparılaraq, məhkəməyə təqdi edilmiş video material vardır və həmin videoaya qarşı tərəfin nümayəndəsinin iştirakı ilə baxış da keçirilmişdir. Videodan da göründüyü kimi marketin yerləşdiyi yer kifayət qədər səs-küylü yerdir və ən adi səs siqnalları belə titrəyişə səbəb olmaqla səhv nəticəyə gəlməyə əsas verir. Odur ki, hesab edirik ki, aparılan icraat şübhəlidir və bu şübhələr bizim xeyrimizə həll olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edirik.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X4 bildirmişdir ki, monitorinq zamanı səlahiyyətli nümayəndəmiz iştirak etməli idi. Bu baxımdan biz hesab edirik, prosessual tələblər pozulmuşdur. İkinci məsələ isə odur ki, iş materiallarına fotoşəkil əlavə olunmuşdur. Səs küylə bağlı halı şəkil təsdiq edə bilməz və bu mötəbər sübut sayıla bilməz. Qarşı tərəfin nümayəndəsi qeyd etdi ki, ora səs-küylü ərazi deyil. Lakin bunun əksinə olaraq mütəxəssis izahatında qeyd etdi ki, orada səs küy olduğuna görə orada 30 saniyədən 1 dəqiqəyə qədər səssiz şəraiti saxlaya bilməzlər. Bununla da mütəxəssis oranın necə səs küylü ərazi olduğunu təsdiq etmişdir. Digər tərəfdən biz hesab edirik ki, akt özlüyündə müfəssəl tərtib olunmalıdır. Akt sadəcə olaraq protokolu təsiq edən sənəd deyil, qeyd olunan halları təsdiq edən sənəddir. Hansı ki, bu sənədə istinad edərək yoxlamanın obyektiv aparılması sübut edilməli idi. Odur ki, qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ünvan 2 ünvanında yerləşən “Bravo” marketə məxsus havalandırma və soyutma sistemindən yayılan səs-küy və vibrasiya çirklənməsinin ətraf mühit üçün yol verilən normadan artıq olması müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 003460 nömrəli aktdan görünür ki, 21 avqust 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo” marketin havalandırma sisteminə məxsus qurğuların ətraf-mühitə təsirinin səvyyəsinin tədqiqi məqsədi ilə sabit hava şəraitində keçirilmiş monitorinq zamanı ölçmə işləri səs-küy analizedici PCE markalı 322A modelli cihazadan istifadə edilmiş və həmin cihazın göstəricilərinə görə qurğuların işlədiyi müddətdə ətraf-mühitə təsirin səviyyəsinin 72.8 dBA olması (norma 60dBA) qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 003692 nömrəli aktdan görünür ki, 06 oktyabr 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo” marketin havalandırma sisteminə məxsus qurğuların fəaliyyətdə olduğu müddətdə monitorinq ölçmə işləri SVANTEK markalı 977 modelli cihazadan istifadə edilmiş və qurğuların səs-küy səviyyəsi 71.6 dBA (norma 60dBA), vibrasiya səviyyəsinin isə 78.5 dBA olması (norma 60dBA) qeydə alınmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

9. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

10. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

11. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdi ki, ünvan 1 ünvanında yaşayan X1 yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən Bravo marketin havalandırma və kondisoner sisteminin səs-küy və vibrasiyasından şikayət etməsi əsasında X7 monitorinq idarəsinin mütəxəssislərinin iştirakı ilə birgə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində ETSN tərəfindən ölçmə işləri aparılmış aktlar tərtib edilsə də, həmin aktlarda konkret ətraf mühitin çirklənməsinə dair faktların hansı üsul və vasitələrlə aşkar edilməsi, hansı müqayisəli üsul və vasitələrin tətbiq edilməsi ilə yekun nəticəyə gəlinməsi öz əksini tapmamış, mütəxəssisin iştirakı ilə tərtib edilmiş aktda ancaq ümumi ifadələr əks olunmuşdur. Məhkəmə bildirmək istəyir ki, səlahiyyətli orqan tərəfindən ölçmə və monitorinq tədbirlərinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarında” göstərilən tələblərə riayət edilməklə müvafiq monitorinqlər həyata keçirilməli idi. Qeyd edilən Fərmanda göstərilmişdir ki, səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri X5 və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilməli, xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə - nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilməli, pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi fərmanda əksini tapan Cədvəl 1də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməli və ən nəhayəti tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi eyni cədvəldə göstərilən qiymətlərdən 5dBdən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir. Bundan başqa həmin Fərmana görə daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilməlidir. Halbuki iş materiallarında qeyd edilən normativlərə uyğun yoxlama aparılmadığı aşkar edilmiş, yoxlamanın aparılmasında iştirak edən ETSN-nin mütəxəssisi məhkəmə iclasına dəvət edilmiş, ona verilən suallara əsasən isə müəyyən edilmişdir ki, mütəxəssis aparılan monitorinqi ancaq öz təhlillərinə əsasən aktda öz əksini tapmadan, ümumi ifadələrlə rəsmiləşdirmişdir. Bundan başqa məhkəmə onu da bildirmək istəyir ki, mütəxəssisə sual verilərkən o da müəyyən edilmişdir ki, səs vibrasiyalarının ölçülməsi zamanı ətrafda tam sakitlik olmalı, əks halda ölçmə cihazı adi səslərin də titrəyişini nəzərə almaqla ölçmə nəticələrini səhv göstərə bilməkdədir. ETSN-nin səlahiyyətli nümayəndəsi tərəfindən ölçmə aparılarkən ətrafda tam sakitliyin təmin edildiyi bildirilsə də qeyd edilən faktı təsdiq edən video materialın silindiyi və bu səbəbdən də məhkəməyə təqdim edilmədiyi müəyyən edilmişdir. Bravo Supermarketin səlahiyyətli nümayəndəsinin isə marketin yerləşdiyi yeri əks etdirən video materialdan müəyyən edilmişdir ki, market yol kənarında olmaqla gediş-gəlişli yer olmuşdur. Qeyd edilən fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin ekologiya üzrə mühəndisi, X2 tərəfindən də təsdiqlənmiş o məhkəmədə ifadə verərkən bildirmişdir ki, yol kənarı, tıxac və maşınların çoxluğu kimi hallar mövcud olsa da bunlar hamısı nəzərə alınmışdır. Lakin buna baxmayaraq mütəxəssis nəzərə alınmanın meyarının məhkəmədə izahını verə bilməmişdir. Bundan başqa məhkəmədə ETSN-in səlahiyyətli nümayəndəsi tərəfindən monitorinqlər zamanı Bravo Supermarketin səlahiyyətli nümayəndəsinin prosesdə iştirak edildiyi bildirilsə də, qarşı tərəf həmin şəxsin səlahiyyətli nümayəndələri olmadığı, bu səbəbdən də aparılan yoxlamadan xəbərdar olmadıqlarını bildirmişdir. Məhkəmə qeyd edilən ziddiyyətli hala münasibət bildirərək vurğulamaq istəyir ki, İXM-in 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Məhkəmə bildirmək istəyir ki, norma imperativ olmaqla qeyd edilən tələblərə cavab verməyən şəxslərin hüquqi şəxsin nümayəndəsi qismində iştirakını istisna edir. İş materialları araşdırılarkən isə müəyyən edilmişdir ki, aparılan monitorinqlər zamanı üzərində Bravo yazısı olan bir şəxs həmin prosesdə iştirak etmiş, lakin onun kim olması və ümumiyyətlə nümayəndə kimi səlahiyyəti olub-olmaması isə səlahiyyətli orqan tərəfindən yoxlanılmamışdır.

12. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən keçirilmiş monitorinlər zamanı Şəxsnə məxsus ünvan 2 ünvanında yerləşən “Bravo” marketin havalandırma və soyutma sistemindən yayılan səs-küy və vibrasiya çirklənməsinin ətraf mühit üçün yol verilən normadan artıq olmasının müəyyən edilməsinə dair toplanmış material üzrə cəmiyyətin hərəkətlərində İXM-in 275.2-ci maddəsində nəzərə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı təqsirliliyi sübuta yetirilməmişdir.

13. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

14. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 dBA olaraq müəyyən edilmişdir.

15. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.

16. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

17. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

18. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

19. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

20. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

21. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

22. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

23. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilə bilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

24. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilə bilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar