Məhkəmə qərarları › İş №3(001)-8700/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-8700/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8700/2025 24.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs (bundan sonra - MMC) barəsində İXM-in 275.4-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli, 00100-02408/25/1 nömrəli inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında görünür ki, MMC barəsində eyni əsaslarla İXM-nin 275.4cü maddəsi ilə tərtib edilmiş 15 avqust 2025-ci il tarixli, 00100-02408/25 nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 27 avqust 2025-ci il tarixli, 3(001)-5967/2025 saylı qərardadına əsasən, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardad onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən inzibati xəta obyekti olmuş mallardan prob və nümunələr götürülərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilsə də, ekspert qarşısında qoyulmuş sualları, keçirilmə zərurətini, ekspertə qanunvericiliklə bilə-bilə yalan rəy verməyə görə xəbərdarlığı özündə əks etdirən qərardad iş materialına əlavə edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun olmayan formada, yəni ekspert tərəfindən imzalanmadan, ekspertiza üçün nəzərdə tutulmuş möhür tətbiq edilmədən, eləcə də rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan təqdim edilmişdir. Həmçinin, MMC barəsində eyni əsaslarla İXM-nin 275.4-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli, 00100-02408/25/1 nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 16 oktyabr 2025-ci il tarixli, 3(001)-7545/2025 saylı qərardadına əsasən, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardad onunla əsaslandırılmışdır ki, təhqiqatçının 26 sentyabr 2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, iş materiallarına 03 oktyabr 2025-ci il tarixli ekspert rəyi əlavə edilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun olmayan formada, yəni ekspert tərəfindən imzalanmadan, ekspertiza üçün nəzərdə tutulmuş möhür tətbiq edilmədən, eləcə də rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan təqdim edilmişdir. Yəni, məhkəmənin əvvəlki qərardadında göstərilmiş nöqsanlar aradan qaldırılmadan inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Hazırki protokola qoşma edilmiş 03 oktyabr 2025-ci il tarixli ekspert rəyi ekspert tərəfindən imzalanmış, eləcə də möhür tətbiq olunsa da, rəydə ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq edildiyini təsdiq edən hər hansı bir sənədə rast gəlinmir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərində vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən izibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqına işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alraq hesab edirəm ki, Şəxs MMC barəsində İXM-in 275.4-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli, 00100-02408/25/1 nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, iş materialları ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli, 00100-02408/25/1 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar