Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-8702/2025 24.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXMin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
3. Belə ki, Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatla bağlı hər hansı məlumatın verilməsinə dair iş materiallarında heç bir sübut aşkar edilməmişdir. Ümumiyyətlə iş materiallarında təqrir məktubu ilə yanaşı, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad və inzibati xəta haqqında protokoldan başqa heç bir sənəd əlavə edilmədiyindən sənədlərin rəsmi qaydada göndərilməsini və ya şəxsən alınmasını müəyyən etmək mümkün olmur.
4. Halbuki, İXM-in 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir.
5. Göründüyü kimi, qanun səlahiyyətli orqanın üzərinə icraatında olan inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına inzibati xəta haqqında iş üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi vəzifəsini qoymuşdur.
6. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta haqqında protokolun surətinin rəsmi qaydada göndərilməsi və ya nümayəndəyə şəxsən təqdim edilməsinə dair heç bir sübut əlavə edilməmişdir.
7. İXM-in 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
8. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hüquqi şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir.
9. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir.
10. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir.
11. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır.
12. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109-cu maddələrini rəhbər tutaraq,
qərara aldım:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
Hakim: Aytəkin İbrahimova