Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8749/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin sahə rəisi, polis mayoru X2, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində vətəndaş X3 döymüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11:45 radələrində o və qızı çölə çıxanda X1 onların şəklini çəkdiyini görmüş, ona yaxınlaşmış silməyini tələb etmişdir. Bu zaman sonuncu ilə aralarında mübahisə yaranmış, sonuncu onu təhqir etmiş, qarın nahiyəsindən təpiklə vurmuşdur. O, bu zərbədən sonra yerə yıxılmış və xəsarət almışdır. Buna baxmayaraq o, X4 toxunmamış, hər hansı xəsarət də yetirməmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə öz həyətində olarkən Şəxs ilə aralarında sözlü mübahisə olmuş, həmin mübahisə ərəfəsində sonuncu onun üzərinə gələrək, ona fiziki xəsarət yetirmiş və köynəyini cırmışdır. O, hadisənin müəyyən təfərrüatlarını videolentə almışdır. Ona görə də sonuncu barəsində ciddi təsir tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılmasından ötrü qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 865 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 bədən səthində xəsarət aşkar edilməmişdir. X5 tərəfindən təqdim olunmuş videogörüntüdən görünür ki, hadisənin baş verdiyi vaxt Şəxs emosional gərginlik vəziyyətində olduğu açıq-aşkar görünür. O, yüksək əsəbilik fonunda X4 doğru sürətlə istiqamətlənir və onunla yaxın fiziki təmas yaratmağa cəhd edir. Video başlanğıc anında X5 hadisəni mobil telefon vasitəsilə qeydə alır. Şəxs ona yaxınlaşıb təmas etməyə çalışdıqda cihazın əldən düşməsi müşahidə olunur. Kadrın davamında telefon yenidən yerə düşdüyü nöqtədən götürülərək aktivləşdirilir və həmin an çəkilişdə X1 üzərində olan köynəyin artıq cırılmış vəziyyətdə olduğu görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Beləliklə, məhkəmə təqdim edilmiş video materialı, tərəflərin izahatlarını və ekspert rəyini kompleks şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən fiziki təsir və zorakı davranış faktı sübuta yetirilmişdir. Şəxs məhkəmədə döymə faktını inkar etməsi video ilə təkzib olunur, belə ki, görüntülər qadının yüksək əsəbiliklə X4 hücum etməsini, fiziki təmas yaratmasını və zorakı hərəkətlərə əl atmasını birbaşa əks etdirir. Ekspert rəyi ilə xəsarətin qeydə alınmaması isə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tətbiqinə mane olmur, çünki maddənin dispozisiyası təkcə xəsarət faktını deyil, qəsdən fiziki ağrı yetirməyə yönəlmiş zorakı hərəkətləri də inzibati xəta kimi nəzərdə tutur. Beləliklə, məhkəmə video sübutun üstün hüquqi qüvvəsini nəzərə alaraq, Şəxs qəsdən fiziki ağrı yetirməyə yönəlmiş zorakı davranışının sübuta yetirilmiş hesab edir və onu İXMin 157-ci maddəsi üzrə təqsirli bilir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. İXM-in 38.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə olan inzibati xətalar — o cümlədən 157-ci maddə (döymə) üzrə inzibati tənbeh xətanın törədildiyi gündən ən geci 4 ay ərzində verilə bilər. Bu müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. İXM-in 53.1.6-cı maddəsinə görə, 38-ci maddədə nəzərdə tutulan müddət bitdikdə icraat davam etdirilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati təhbeh təyin edilməsin. Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-8749/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8749/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver