Məhkəmə qərarları › İş №3(001)-875/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-875/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-875/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində X3 icraat aparılan hüquqi şəxs: Şəxs MMC, AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Gülməmməd Ramazanov ev 1C, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsindən daxil olmuş X3 protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 07 fevral 2025-ci il tarixli EP № ******* saylı X3 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X3 Protokoldan görünür ki, Şəxs tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********0042 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 497,28 (dörd yüz doxsan yeddi dollar, iyirmi səkkiz sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi və hüquqi şəxs Şəxs MMC nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X3 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 işin materiallarını yoxlayıb, X3 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X3 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DGK X1 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı- satgı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Anadolu Dokum Sanayi A.Ş,” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli PC230717 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə Sumqayıt Gömrük İdarəsində xx.xx.2024cü il tarixli **********0042 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində hüquqi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 497,28 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Məhkəmə barəsində X3 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X3 protokol, işdə olan digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən X3 işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi miqdarında – 149 ABŞ dolları – məzənnə üzrə manatla 253,3 (iki yüz əlli üç manat otuz qəpik) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar