Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8758/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 32097416 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 346.2-ci məddəsinə əsasən 40 manat miqdarında cərimə edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində Bakı-Quba yolunun 6.5 km Avtovağzal Kompleksinin üst tərəfində avtobus dayanacağından 15 metrdən aralı avtomobili tam qaydalara uygun olaraq yol kənarında saxlayıb sərnişin düşürüb getmişdir. Üstündən bir neçə saat keçdikdən sonra elektron kabinetinə İXM 346.2 -ci maddəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələrinin guya dayanacaq meydançasında durmasına görə elektron protokol yazılıb. Protokol və qərarla razı deyil. İlk növədə onu bildirmək istəyir ki, o, dayanacaqdan 20-30 metr məsafə aralığında saxlamışdır. Bunu hansı ölçu ilə xüsusi texniki vasitə ilə yuxarıdan ölçə biliblər. Elektron kabinetinə göndərilən foto vasitəsi ilə avtomobilinin dayandığı yerdən 5.12 nişanına qədər məsafəni ölçmüş və 25-30 metr məsafə alınmışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X7” minik markalı, 77OT649 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını, şikayətçinin izahatını, elektron qərara əlavə edilmiş, habelə şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkilləri təhlil edərək müəyyən etmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 32097416 nömrəli inzibati tənbeh qərarı sübutlarla təsdiq olunmur və inzibati məsuliyyət üçün tələb olunan şərtlər tam formalaşmamışdır. İlk növbədə, məhkəmənin sorğusuna baxmayaraq inzibati orqan tərəfindən heç bir yazılı cavab, izahat, məsafənin ölçülməsi haqqında məlumat, xüsusi texniki vasitənin istehsal göstəriciləri və ya kalibrlənmə sənədləri təqdim edilməmişdir. Məhkəmə iclaslarının hər ikisinə — xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin edilən iclaslara inzibati orqanın nümayəndəsi qatılmamış, səbəb göstərilməmiş və iş üzrə öz mövqeyini əsaslandırmamışdır. Təqdim edilmiş şəkillərin vizual təhlilindən aydın olur ki, şikayətçiyə məxsus avtomobil 5.12 “Avtobus dayanacağı” nişanının yerləşdiyi dayanacaq meydançasında dayanmayıb və həmin meydançadan xeyli aralı məsafədə park edilmişdir. Şəkildə avtobus dayanacağı aydın görünsə də, şikayətçinin avtomobili dayanacaq üçün ayrılmış hissənin daxilində deyil, adi yol kənarında, digər minik avtomobilləri ilə eyni xətdə dayanmış vəziyyətdə əks olunmuşdur. Fotoşəkil vizual olaraq göstərir ki, avtomobil ilə dayanacaq nişanı arasındakı məsafə 15 metrdən az deyil, əksinə, təxminən 20–30 metr arasında dəyişir. Bu, şikayətçinin təqdim etdiyi ölçmələr və şəkil əsasında aparılmış orientasiya qiymətləndirməsi ilə də üst-üstə düşür. Başqa sözlə, təqdim edilmiş fotoşəkillər məsafənin 15 metrdən az olduğunu dəqiq müəyyənləşdirməyə imkan vermir. İnzibati məsuliyyət üçün əsas şərt olan məsafə göstəricisinin dəqiq ölçülməsi isə iş üzrə sübutetmə yükünün daşıyıcısı olan inzibati orqan tərəfindən təsdiqlənməmişdir. Məsafənin müəyyənləşdirilməsi üçün istifadə edildiyi güman edilən xüsusi texniki vasitənin məsafə ölçmə funksiyasının olub-olmadığı, bu funksiyanın tətbiq edilib-edilmədiyi barədə məhkəməyə heç bir məlumat təqdim edilməmişdir. Bununla yanaşı, inzibati orqan fotoşəkildəki məsafəni təsdiq edən heç bir elektron qeyd, koordinat, kalibrləmə məlumatı və sair təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin dispozisiyası konkret və dar çərçivədə tətbiq edilə bilər: ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 nişanlarından 15 metrdən az məsafədə dayanması inzibati xəta hesab olunur. Maddənin tətbiqi üçün məsafə şərti qəti müəyyən edilməli, ölçü dəqiq olaraq sübutlarla təsdiqlənməlidir. Bu işdə isə həmin əsas sübut — məsafənin 15 metrdən az olması — nə fotoşəkillərlə, nə texniki ölçü ilə, nə də inzibati orqanın təqdim etdiyi məlumatlarla təsdiqlənməmişdir. Əksinə, fotoşəkil məhz məsafənin çox olduğunu göstərir. İnzibati xətalar qanunvericiliyinə əsasən “şübhələr inzibati xəta haqqında işdə baxılan şəxsin xeyrinə qiymətləndirilməlidir”. İnzibati məsuliyyətin tətbiqi üçün tələb olunan sübutların mənbəyi, forma və həcm baxımından mövcud olmaması, inzibati orqanın prosesual öhdəliklərini yerinə yetirməməsi və fotoşəkillərin fakta uyğun gəlməməsi fonunda bu iş üzrə mövcud şübhələr tam şəkildə şikayətçinin xeyrinə həll edilməlidir. Bütün bu əsaslara görə, inzibati orqan tərəfindən verilmiş EQ 32097416 nömrəli qərar obyektiv sübutlarla təsdiq olunmur, tətbiq edilən inzibati tənbeh maddi hüquq normasına cavab vermir və məsafə şərti üzrə tələb olunan tərkib elementi sübuta yetirilməmişdir. Bu səbəbdən göstərilən inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qanuna tam uyğun hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xətanın mövcud olmaması səbəbilə icraata xitam verilməsi hüquqi zərurətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32097416 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8758/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8758/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver