Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-877/2022 30.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən barəsində qəbul edilmiş 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib bildirmişdir ki, 18 mart 2021-ci il tarixdə saat 15:00 radələrində özümə məxsus Chanqan markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 mart küçəsi istiqamətində hərəkətdə olarkən Ə.Məmmədov küçəsində döngəyə çatarkən sağ tərəfdən gələn Toyota Prado markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən yoluna çıxmış və o, əyləcdən istifadə etməli olmuşdur. Bu zaman avtomobillər bir birinə toxunmuş və nəticədə cüzi maddi xəsarətlə yekunlaşan, hərəkətə mane olmayan mexaniki toqquşma baş vermişdir. Bu zaman Pradonun sürücüsü tələsdiyini bildirərək hadisə yerindən uzaqlaşmış və nəticədə o, yol hərəkətinin digər iştirakçılarına mane olmamaq və yolda hərəkətin durmaması və həmçinin qarşı tərəfin artıq getdiyi görüb hadisə yerindən uzaqlaşmışdır. Sonradan sığorta şirkətinin Binəqədi Rayon Məhkəməsində ona qarşı pul tələbi ilə bağlı iddia qaldırıldığını bildikdən sonra barəsində tərtib edilmiş protokolu və onun əsasında qəbul edilmiş qərarı əldə etmişdir. Qərarın tarixi 23 mart 2021-ci il tarixli olsa da həmin qərarda 18 mart 2021-ci il tarixli inzibati xəta haqıqmda protokola istinad olunmuş, lakin həmin tarixli inzibati protokol olmamışdır. İstinad olunan protokol olmadığından tərtib edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Ona görə də, məhkəmədən cərimə edildiyi qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 23.03.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 18 mart 2021-ci il tarixdə saat 15:30-da idarə etdiyi Changan CX20 markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Ə.Məmmədov küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inibati xətaları törətmişdir. 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inibati xətaları törətməkdə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin həmin qərardan müəyyən edilmişdir ki, qərar 18.03.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 barəsində aparılmış icraat üzrə ziddiyyətli hallar vardır. X1 barəsində 23 mart 2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsin baxmayaraq, 23 mart 2021-ci il tarixdə barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan protokolun tarixli hadisə günü, yəni 18 mart 2021-ci il tarix olaraq göstərilmişdir. Belə olan halda müəyyən olunur ki, X3 barəsində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında icraat başlanaraq, yəni şəxs barəsində mövcud olmayan inzibati xəta haqqında protokol əsasında yekun qərar qəbul edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında protokol əsasında qəbul edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 23.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-877/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-877/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver