Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-877/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.2-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydasının tələblərinə uyğun olaraq, Şəxs MMC-yə məxsus “Mercedes Benz” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edildiyindən "xxxx" MMC barəsində İXM-in 326-cı maddəsinə əsasən 2025-ci il 30 yanvar tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən fakt xx.xx.2025-ci il tarixdə AYNA-nın Bakı Regional İdarəsinin inspektoru Akif Şahbazov tərəfindən aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Həmin foto və videoçəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər daşıma fəaliyyəti göstərərkən nəqliyyat vasitələrini hər reys qabağı texniki müayinədən keçirməlidirlər. Həmçinin, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasım təmin etməkdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsinə əsasən ölkədaxili yük daşımaları - Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımalarıdır. Qanunun 3-cü maddəsində göstərilən hallar istisna olmaqla, bütün ölkədaxili yükdaşıma yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara və hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 26.3-cü hissəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolu- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - Rəqəmsal inkişaf və Nəqliyyat Naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, regional idarələrin müdirləri, baş inspektor, böyük inspektor, aparıcı inspektor, inspektorlar tərtib etmək səlahiyyətindədir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Məhkəmə iclasında Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydası yükdaşıma xidməti göstərən hüquqi və fiziki şəxslər tərəfindən yük avtomobillərinin reysqabağı texniki baxışdan keçirilməsi qaydalarını tənzimləyir. Lakin Şəxs MMC yükdaşıma fəaliyyəti ilə məşğul olmamışdır. Bu hal Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inspektoru tərəfindən nəzərə alınmamışdır. O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə telefon əlaqəsi saxladıqda da ona şirkətə məxsus avtomobillərin ancaq texniki baxışdan keçirilməli olduğu, sürücünün tibbi müayinədən keçirilməsinin zəruri olmadığı bildirilmişdir. Eyni zamanda şirkətdə işləyən sürücülər və digər əməkdaşlar şirkətin müqavilə bağladığı tibbi müəssisəsində mütəmadi olaraq müayinədən keçmişlər. Həmin tibb müəssisəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qeydiyyatında olan sertifikatlaşdırılmış müəssisədir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almış, hüquqi ünvanı ünvan 1 xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan və ona əlavə edilmiş diskdən görünür ki, Şəxs MMC-yə məxsus, yük daşımalarını yerinə yetirən, “Mercedes” markalı, **-JG-*** dövlət qeydiyyat dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydasının 2.2, 3.2-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində Şəxsnə məxsus yük daşımalarını yerinə yetirən “Mercedes” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsi təşkil edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə əsaslı olduğundan Şəxs həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Həmin Qaydanın 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7.4-cü bəndinə əsasən bu Qaydalar hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən mülkiyyətində olan “Mercedes” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə malları ümumi istifadədə olan avtomobil yollarından istifadə edilməklə daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən və sürücünü tibbi müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və fotogörüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 Şəxs MMC-nin yükdaşıma fəaliyyəti ilə məşğul olmadığını bildirməklə protokolun əsassız tərtib olunmasını hesab etmişdir. Məhkəmə qeyd edir ki, avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Qeyd edilməlidir ki, hazırki iş üzrə Şəxs MMC-yə məxsus olan “Mercedes” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə mallar ümumi istifadədə olan avtomobil yollarından istifadə edilməklə kommersiya məqsədi ilə daşınmış, nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən və sürücünü tibbi müayinədən keçməsi təşkil edilməmişdir. Bu hal xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində AYNA-nın inspektoru tərəfindən aşkar edilərək akt və protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları tam sübuta yetirilmişdir. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. edilir. Məhkəmədə Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-877/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-877/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver