Məhkəmə qərarları › İş №3(001)-8809/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8809/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8809/2025 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Ştq, Cəfər Xəndan küçəsi, ev 18, mənzil 42, VÖEN **********. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 57150 (əlli yeddi min yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 33.399,5 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********3747 nömrəli YGB, xx.xx.2024-cü il tarixli **********8861 nömrəli YGB-lərin 4011-ci sətirlərində xx.xx.2024-cü il tarixli 03/2024 saylı (gömrük pin kod-2********) müqavilə nömrəsini xx.xx.2023-cü il tarixli 05/2023 saylı (gömrük pin kod-2********) müqavilə nömrəsi ilə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixində ödənilmiş 57,150.00 USD avans məbləğindən bağlanmayan 33399.5 USD Qalıq məbləğinin **********3747 nömrəli və **********8861 nömrəli YGB-lərlə malların idxal edildiyini nəzərə alaraq işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" MMCnin nümayəndəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş **********8861 və **********3747 sorğu nömrəli yük gömrük bəyannamələri inzibati xəta predmeti avans ödənişinə uyğundur. Bu səbəbdən də, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs 57.150 (əlli yeddi min yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara – X3 San və TİC. Şirkətinə qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 57.150 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. **********8861 nömrəli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikası X3 San və TİC. Şirkətindən Şəxs ünvanına ümumi invoys dəyəri 15.762,5 ABŞ dolları məbləğində mallar göndərilmişdir. **********3747 nömrəli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikası X3 San və TİC. Şirkətindən Şəxs ünvanına ümumi invoys dəyəri 15.281,0 ABŞ dolları məbləğində mallar göndərilmişdir. "xxxx" ASC-nin Şəxsnə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 51.150 ABŞ dolları avans köçürməsi üzrə 2 ili tamam olduğu üçün tərəflərindən sənədlər təqdim olunmuşdur. Şəxs aşağıda göstərilən və sonradan kodu dəyişdirilmiş bəyannamələrinə əsasən köçürmə qismən bağlanmışdır. Qalıq 2.357 ABŞ dolları təşkil edir. Bəyannamələr: **********6454, **********3310, **********8861, **********3747. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Mərkəzi Bankın nümayəndəsinin xx.xx.2026-cı il tarixli ərizəsi və bankın məktubu əsasında aydın olur ki, şirkət tərəfindən ödənilən valyuta vəsaiti real iqtisadi əməliyyat çərçivəsində istifadə olunmuş, müvafiq mallar ölkə ərazisinə idxal edilmiş, bu da gömrük bəyannamələri ilə təsdiqlənmiş, qalıq məbləğ isə 2.357 ABŞ dolları – yəni 10.000 (on min) ABŞ dolları məbləğindən azdır. Bu kontekstdə iş üzrə inzibati xəta tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar