Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8810/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 120000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.xx.xx.2023-cü il tarixdə Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı "xxxx" şirkətinin hesabına xx.xx.2023-cü il tarixdə 120000.00 ABŞ dolları köçürülmüşdür. Həmin şirkətdə istehsal və təchizatla bağlı baş vermiş problemlər səbəbindən müqavilə qeyd edilmiş malların istehsalı və çatdırılması mümkün olmamışdır. Bu səbəbdən tərəflər arasında aparılmış qarşılıqlı danışıqlar və razılaşma əsasında avans məbləğinin başqa növ malların alınmasına yönəldilmiş, xx.xx.2024 tarixində 108560.00 ABŞ dolları dəyərində yataq kisələri Şəxs MMC-nin ünvanına göndərilmiş və həmin məbləğ avans ödənişindən silinmişdir. "xxxx" şirkətinin hüquqi adı sonradan “X4 LLC” ilə əvəz edilmişdir. 120000.00 ABŞ dolları avans məbləğindən 11440.00 ABŞ dolları məbləğində qalıq dəyər hazırda avans hesabında qalmaqdadır. “X4 LLC” şirkəti 11440.00 ABŞ dolları dəyərində malları qısa müddətdə Şəxs MMC-nin ünvanına göndərəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Malların 02 il ərzində göndərilməməsində Şəxs təqsiri yoxdur. Həmin şirkətdə baş vermiş texniki problemlər səbəbindən mallar vaxtında göndərilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 1/11 nömrəli müqavilədən görünür ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli köçürmə haqqında sənədin surətində görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan "xxxx" Şirkətinin hesabına 120000.00 ABŞ dolları pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, **********9467 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" şirkəti tərəfindən Şəxs ünvanına göndərilmiş, dəyəri 108560.00 ABŞ dolları dəyərində olan mallar ölkəyə idxal olunmuşdur. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 120000.00 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Mərkəzi Bankın nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci tarixli ərizədən görünür ki, Şəxs MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASCdən müvafiq mallanın ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılmasına təkrar məlumat daxil olmamışdır. Qeyd olunanlan nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. “X4 LLC” şirkətindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “X4 LLC” şirkəti əvvəlki hüquqi adı "xxxx" olan şirkətin hüquqi varisidir. Hər iki şirkətin eyni hüquqi şəxs olduğunu təsdiq edən rəsmi dövlət reyestr sənədləri mövcuddur. Şəxs MMC ilə "xxxx" şirkəti arasında qısaqol köynəklərin alqı-satqısına dair müqavilə bağlanmış və bu müqavilə çərçivəsində 2023-cü ilin noyabr ayında KOMBAT GROUP MMC tərəfindən 120 000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Lakin, şirkətin daxili təşkilati və əməliyyat fəaliyyətində yaranmış müvəqqəti çətinliklər, o cümlədən istehsal və təchizat zəncirində baş vermiş problemlər səbəbindən qeyd olunan dövrdə qısaqol köynəklərin istehsalı və çatdırılması mümkün olmamışdır. Bu səbəbdən tərəflər arasında aparılmış qarşılıqlı danışıqlar və razılaşma əsasında avans məbləğinin başqa növ malların alınmasına yönəldilməsi qərara alınmışdır. Bu razılaşmaya uyğun olaraq, xx.xx.2024 tarixində A20240123 saylı invoysa əsasən 108560 ABŞ dolları dəyərində yataq kisələri Şəxs MMC-yə satılmış və qeyd olunan məbləğ avans ödənişindən qarşılıqlı qaydada silinmişdir. Beləliklə, ümumi 120000 ABŞ dolları avans məbləğindən 11440 ABŞ dolları məbləğində qalıq dəyər hazırda avans hesabında qalmaqdadır. Bu məktubla “X4 LLC” olaraq rəsmi şəkildə öhdəlik götürmüşdür ki, qeyd olunan 11440 ABŞ dolları dəyərində mallar tərəflər arasında əlavə razılaşdırılacaq çeşid və şərtlər əsasında gələcək dövrdə Şəxs MMC-yə göndəriləcəkdir. Malların nomenklaturası, miqdarı və çatdırılma tarixləri üzrə ayrıca razılaşma və sənədləşmə aparılacaqdır. Avans məbləğinin uzun müddət bağlanmaması şirkət daxilində baş vermiş obyektiv və müvəqqəti xarakterli problemlərlə əlaqədar olmuşdur və bu hal qarşı tərəfin hüquqlarını pozmaq niyyəti daşımamışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 430.4-cü maddəsi tərtib edilmiş protokola dair inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan xx.xx.2023-cü il tarixdə "xxxx" şirkətinin hesabına 120000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, lakin köçürülmüş avans ödənişi qarşılığında malları ixrac etməli olan şirkətdə yaranmış daxili problemlər səbəbindən müqavilədə qeyd edilən malların göndərilməsi mümkün olmamış, qarşılıqlı razılaşma əsasında həmin avans ödənişi ilə bağlı Şəxs ünvanına xx.xx.2024-cü il tarixdə 108560.00 ABŞ dolları dəyərində olan mallar göndərilmiş, gömrük bəyannaməsi verilmişdir. Həmçinin "xxxx" şirkətinin hüquqi adı sonradan “X4 LLC” ilə əvəz edilmiş və avans ödənişindən qalıq qalmış 11440 ABŞ dolları dəyərində malların göndəriləcəyi ilə bağlı öhdəlik götürülmüşdür. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 120000.00 ABŞ dolları dəyərində olan malların ölkəyə gec gətirilməsində Şəxs təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 430.4-cü maddəsi tərtib edilmiş protokola dair inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-8810/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8810/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver