Məhkəmə qərarları › İş №3(001)-882/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-882/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-882/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Bakı şəhər BPİ X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 xx.xx.2025-ci ildə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər BPİ X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 19:40-da Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində (“Qoşa zapravka” adlanan ərazidə) tıxac şəraitində **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi “Kia Cerato minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Zərbənin təsirindən “Kia Cerato minik” markalı avtomobilin sol yan güzgüsü ön tərəfə doğru çevrilmişdir. Həmin vaxt özünün idarə etdiyi avtomobil hərəkətsiz halda dayanmış vəziyyətdə olmuşdur. Ərazidə xidmət aparan YPX əməkdaşları bu hadisəni görmüşlər. YPX əməkdaşları onlara yaxınlaşaraq yolda tıxac yaratmamağı və avtomobilləri kənara çəkib kənarda söhbət etmələrini tələb etmişlər. Onların tələbi ilə yoldan kənara çəkilib söhbət edən zaman **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu hadisədə təqsirli çıxarmağa çalışmış, onunla çox aqressiv şəkildə danışmışdır. Hətta həmin zaman avtomobildə əyləşmiş həyat yoldaşı avtomobildən düşərək həmin şəxsə irad tutmuş,yaşlı bir şəxslə bu üslübda danışmağın doğru olmadığını bildirmişdir. 73 yaşı olduğundan həmin sürücü ilə konfliktə girməmək üçün həyat yoldaşı onu avtomobilə doğru aparmışdır. Səhhətində narahatlıq yarandığını, uzun müddət keçməsinə baxmayaraq YPX əməkdaşlarının orada olduğu halda hadisənin araşdırılmadığını görüb oradan getmişdir. Telefonunda balans olmadığı üçün 102 zəng xidmətinə məlumat verə bilməmişdir. Həmçinin, avtomobilinə az zərər dəydiyi üçün bu məsələni qabartmamışdır. Lakin bir müddət sonra **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün polisə müraciət etdiyini öyrənmişdir. Onu dəvət etmədən, məsələ araşdırılmadan Bakı şəhər BPİ-in X4 İdarəsi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında o, 100 manat məbləğində cərimə edilmişdir. Xahiş edir ki, hadisənin video görüntüsünə onun iştirakı ilə baxılsın, bu hadisə düzgün araşdırılsın. Yaranmış vəziyyətdə onun təqsiri varsa, bu sübut olunmalıdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Bakı şəhəri X4 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, şikayət verən X3 isə ikinci məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri X4 İdarəsinin nümayəndəsinin və şikayət verən X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, “Kia Cerato minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. TP ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Kia Cerato minik” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bililib 100 (yüz) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş, habelə yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydasını pozmadığını, eləcə də hadisə yerində olan YPX əməkdaşlarının hadisəni araşdırmadıqlarını, hadisənin baş verməsində təqsirli olan sürücünün onunla olduqca aqressiv danışdığını və konflikli vəziyyət yaratmağa çalışdığını görüb oradan getdiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə məhkəmədə baxılarkən nümayəndəsinin iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları qərar qəbul edərkən X2 nümayiş etdirməmiş, təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçələrinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu əminliklə bildirmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 TP ******* nömrəli xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən X1 iştirakı təmin edilməli, sübutlara onun iştirakı ilə baxış təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər BPİ X5 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar