Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8826/2025 12.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Quba rayonu Yol Patrul Xidməti Baş İnspektoru, polis leytenantı X2 tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba rayonu Yol Patrul Xidməti Baş İnspektoru, polis leytenantı X2 tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozma) təqsirli bilinərək 100 manat cərimə edilmişdir. E.F.Baxşəliyev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında E.F.Baxşəliyev şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 07 oktyabr 2025-ci il tarixdə yol polisi əməkdaşı onun avtomobilini dayandıraraq, barəsində 100 manat cərimə tətbiq olunması ilə bağlı qərar tərtib etmişdir. O, hansı əsasla cərimə olunduğunu soruşduqda polis əməkdaşı ona nə inzibati xəta hadisəsinin foto/videosunu göstərməmiş, nə də törətdiyi inzibati xəta barədə məlumat verməyərək, qeyri-ciddi formada “rəisin tapşırığıdır” cavabını vermişdir. Buna görə də o, həmin qərardan məhkəməyə şikayət etmişdir. Sonda E.F.Baxşəliyev məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə müvafiq sorğu ilə inzibati orqana müraciət edərək, yuxarıda göstərilən yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin məhkəməyə təqdim olunmasını tələb etsə də, inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin baş vermə mexanizmini, hadisənin kimin təqsirindən törədilməsini müəyyənləşdirmək mümkün deyildir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.... İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, E.F.Baxşəliyev barəsində qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta hadisəsi Quba rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda E.F.Baxşəliyevin iştirakı təmin olunmaqla yenidən araşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba rayonu Yol Patrul Xidməti Baş İnspektoru, polis leytenantı X2 tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. Qərar inzibati xəta haqqında işə foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda X1 iştirakı təmin olunmaqla yenidən baxılmaq üçün Quba rayon Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8826/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8826/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver