Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-885/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “SKY Ekspress” şirkətində operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində Binəqədi Rayon Mühafizə İdarəsinin Baş Mühafizə inspektoru, polis kapitanı Cavanşir Fərəcov tərəfindən tərtib olunmuş raport onun icraatına daxil olmuşdur. Raportda göstərilmişdir ki, Binəqədi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Abdullayev Vüsal Sərdar oğlunun icraatında olan kredit öhdəliyi ilə əlaqədar bir nəfər şəxs idarənin növbətçi hissəsinin ***-***-**-** nömrəsinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin raport üzrə tərəfindən araşdırılma aparılmış və nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs verdiyi izahatında bildirmişdir ki, Abdullayev Vüsal Sərdar oğlunun onun çalışdığı şirkətə kredit borcu vardır. Həmin kredit ödənişini etməsi məqsədi ilə təqribən 2 ay müddətdir Abdullayev Vüsal Sərdar oğlu ilə əlaqə saxlamağa çalışır, lakin müsbət nəticə əldə edə bilmir. Bir müddət bundan əvvəl Abdullayev Vüsal Sərdar oğlu COP29 tədbiri ilə bağlı işlərinin çox olduğunu, həmin tədbir bitəndən sonra ödəniş edəcəyini bildirmiş, lakin sonra yenə ödəniş etməmişdir. Daha sonra əlaqə saxlanıldıqda 10-15 gün ərzində ödəniş edəcəyini söyləmiş, yenə də ödəniş etməmişdir. Son günlər isə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. Bununla bağlı nəticədə Abdullayev Vüsal Sərdar oğlunun valideyni ilə əlaqə saxlamış, atası Abdullayev Vüsal Sərdar oğlunun işlədiyi idarənin nömrəsini vermişdir. O, idarəyə yığaraq Abdullayev Vüsal Sərdar oğlunun kredit öhdəliyi ilə bağlı zəng etdiyini bildirmiş və şəxslə onun əlaqələndirilməsini xahiş etmişdir. Bir qədər sonra Abdullayev Vüsal Sərdar oğlu ona bir nömrədən zəng etmiş, sonda isə onun ünvanına söyüş söyərək adboy vermişdir. Daha sonra o da söyüşdən əsəbləşərək Abdullayev Vüsal Sərdar oğlu ilə konflikt yaşamış, sonuncu onun ünvanın söyüşlü mesajlar yazmışdır. O, idarənin nömrəsinə zəng edərkən hər hansı artıq ifadə işlətməmiş, Abdullayev Vüsal Sərdar oğlu şəxsi nömrəsi ilə onunla kobud danışdığı üçün o da həmin şəxslə kobud danışmışdır. O, həm zənglə, həm də “Whatsapp” tətbiqində səsli ismarıclar atmaqla Vüsal Abdullayevlə danışmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş səs-yazılar dinlənilmiş Şəxs hər hansı xırda xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda Şəxs Binəqədi Rayon Mühafizə İdarəsinin ***-***-**-** nömrəsinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi göstərilsə də, iş materiallarına həmin halları təsdiq edən hər hansı səs yazısı əlavə edilməmiş və ya həmin halın şahidi olmuş şahidlərin izahatı alınmamışdır. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat vermiş protokol tərtib etmiş şəxs hadisənin birbaşa şahidi olmamışdır, icraatına daxil olmuş raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırki iş üzrə isə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir başqa sübut təqdim olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törədib-törətməməsi yalnız onun izahatı ilə təsdiq oluna bilər. Odur ki, məhkəmə iclası zamanı Şəxs məhkəmə iclasında verdiyi izahatında İdarənin nömrəsinə zəng edən zaman hər hansı bir yalnış ifadə işlətmədiyini, Abdullayev Vüsal Sərdar oğlu onun nömrəsinə zəng edib ünvanına nalayiq ifadə işlətdikdən sonra həmin nömrəyə zəng edərək və “Whatsapp” tətbiqi ilə səsli ismarıclar ataraq kobud danışdığını bildirmişdir. Şəxs izahatında göstərdiyi xüsusatlar isə onun İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlməyə əsas vermir. Çünki işin faktiki halları ona dəlalət edir ki, Şəxs Vüsal Abdullayevlə sonuncunun onu söyməsi səbəbində aralarında yaranmış qarşılıqlı münaqişə çərçivəsində kobud danışmışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Şəxs məhkəmə iclasında və inzibati xəta haqqında iş üzrə aparılmış araşdırma zamanı vermiş izahatında eyni məzmunlu izahat vermişdir. Odur ki, hazırki halda Şəxs xırda xuliqanlıq etməsini məhkəməyə təqdim edilmiş materiallar əsasında müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, İXM-in 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Xırda xuliqanlıqla bağlı inzibati xətalara baxarkən şəxsin törətdiyi hərəkətlər aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması
2. Əxlaq normalarına uyğunluğun pozulması Hazırki iş üzrə Şəxs hərəkətlərinə ictimai davranış qaydalarının pozulması yaxud onun hərəkətləri ilə əxlaq normalarına uyğunluğun pozulması müşahidə olunmur. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 5-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov