Məhkəmə qərarları › İş №3(001)-8895/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8895/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8895/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Lənkəran rayonu, Kənarmeşə Ə/D, Seyidəkəran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Halbuki o, yolayrıcı keçmə qaydalarını pozmamış və onun heç bir təqsiri yoxdur. Həmin zaman işıqforun yaşıl işığında hərəkətini davam etdirərək irəliyə doğru getmişdir. Lakin qarşısında avtomobillər olduğundan və hərəkətini davam etdirmək üçün başqa yolu olmadığından məcbur sarı xəttin üzərində dayanmışdır. Yol polisi əməkdaşı əvvəlcə yaxınlaşıb gülərək ona baxmış, ona saxla əmri verərk 100 manat cərimə etmişdir. O heç bir qayda pozuntusu etməmiş, sarı tor xətt üzərində tıxac səbəbindən dayanmışdır. Ona görə də, məhkəmədən şikayətin təmin edilərək, barəsində olan tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025ci il tarixdə saat 11:42-də Bakı, Cəfər Xəndan, 32 İstanbul Evləri ərazisində “Nissan Note” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü “yolayrıcını keçmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

5. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən bir ədəd diskdən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “Nissan Note” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə sarı tor xətt üzərində dayanmaqla “yolayrıcını keçmə” qaydalarını pozmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

7. Belə ki, X2 məhkəmə iclasında verdiyi izahatında sarı xətdə tıxac səbəbindən dayandığını və başqa getməyə istiqamətinin olmadığını bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamış və sarı xətdə dayanmasına haqq qazandırmağa çalışmışdır. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs izahatında qarşısında avtomobillərin olduğunu və tıxac səbəbindən hərəkət edə bilməyərək sarı xəttin üzərində dayandığını göstərməyə çalışmış və bildirmişdir ki, həmin zaman dönməyə imkanı olmadığından və avtomobillərin sayı çox olduğundan o, cərimələnməməlidir. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin dəlilləri tam əsassızdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilir ki, “Nissan Note” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qarşısında sıxlıq olmasına məhəl qoymayaraq, “1.25” nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmuş və nəticədə digər tərəfdən gələn nəqliyyat vasitələrin onlar üçün işıqforun yaşıl işığının yanmasına baxmayaraq maneçilik törətmişdir. Qeyd edilənlər bu zaman işıqforun qırmızı işığının yanması, əks istiqamətdə olan maşınların dayanması, yavaşlaması və istiqamətlərini dəyişməsi ilə öz təsdiqini tapır.

8. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 6-cı bəndinə əsasən 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcına daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir.

9. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.

10. Qeyd olunan qanunvericiliyin tələblərinə görə, 1.25 nişanlanma xəttləri yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yarandıqda, bu zaman digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünü belə yolayrıcına və ya kəsişmə yerinə daxil olmasını qadağan edir. Yəni, sürücü gedəcəyi yolda tıxac olduqda svetaforun yaşıl işığında düzünə hərəkət üçün yolayrıcına daxil olmazdan əvvəl nəzərə almalıdır ki, yan tərəfə yaşıl işıq yanana qədər yolayrıcını boşaldacaqdır. Əgər sürücü svetaforun yaşıl işığında düzünə hərəkət üçün yolayrıcına daxil olursa, gedəcəyi yolda tıxac yarandığından yandan gələn nəqliyyat vasitələri üçün yaşıl işıq yandıqdan sonra da, sürücü 1.25 nişanlanmada tıxac səbəbli dayanmağa məcbur olduqda qaydanı pozmuş hesab edilir. Göründüyü kimi, 1.25 nişanlanma xəttinin əsas məqsədi yolayrıcında dayanmağın qarşısını almaqdan ibarətdir. Belə olan halda aydın olur ki, “Nissan Note” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü 1.25 nişanlanma xəttinin tələbini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

12. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasız olmaqla nəinki məhkəmədə öz təsdiqini tapmamışdır, əksinə onun təqsirli olmasını sübuta yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

19. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar