Məhkəmə qərarları › İş №3(001)-8896/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8896/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8896/2025 24.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. İşə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məlumat verilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman az miqdarda pivə içdiyini səmimi qəbul etmiş, bundan sonra onun maşını cərimə meydançasına aparılmışdır. O da etiraz etməmiş, sabahı gün maşını cərimə meydançasından çıxartmış və polisin çağırışı üzrə bölməyə getmişdir. Bu zaman ona demişlər ki, sürücülük hüququ məhdudlaşdırılacaqdır. O isə səbəbini soruşmuş, lakin ona heç bir cavab verilməyərək sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı barəsində olan materialı məhkəməyə göndərəcəklərini bildirmişlər. Daha sonra ifadəsinə davam edərək bildirmişdir ki, məhkəməyə göndərilən sənədlərdə onun protokolu imzalamaqdan imtina etməsi göstərilsə də, bölmədə olan zaman protokolu əlbəəl təhvil almışdır. Qeyd edilən protokolu da sübut kimi məhkəməyə təqdim etmişdir. Sonda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan və əlavə edilmiş qəbzdən görünür ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə saat 00:07-də xüsusi texniki vasitədən istifadə etməklə sonuncunun sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Şəxs olan alkoqol miqdarı 0,330 promil olmuşdur. Həmçinin həmin protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etdiyini etiraf etmiş və alkotesterin rəyi ilə razı olduğunu bildirmişdir.

5. Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun əməlində İXM-in 333.1-ci maddəsi ilə olan xəta hadisəsinin olması öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi şəxsin etiraf edici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 333.1-ci maddəsi ilə tövsif edilmişdir.

7. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İXM-in 333.1-ci maddəsi ilə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

8. Digər tərəfdən qeyd edilməlidir ki, İXM-in 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin həmin Məcəllənin müvafiq maddələri ilə inzibati xətalar haqqında işlərə baxılmasını aidiyyəti məsələsi müəyyən edilmişdir.

9. İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir.

10. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli fərmanının 2-ci bəndinə əsasən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxma səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

11. Göstərilənlərə əsasən məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) məhkəmələri tərəfindən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılsa belə, inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya iş materiallarında (həmin orqan tərəfindən şəxs barəsində tənbeh vermə haqqında qərarın qəbul edilməsi halı mümkün olmadıqda) inzibati xəta haqqında materialın hansı səbəbə məhkəməyə göndərilməsi göstərilməlidir. Çünki qanunvericilik bu halı imperativ norma kimi göstərməklə icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan tərəfindən inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsini müəyyən etmişdir. Həmin xüsusatla bağlı səlahiyyətli orqana müvafiq sorğular verilsə də, şəxs barəsində İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır olan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması zərurətinin olmasına dair heç bir sbut təqdim edilməmişdir.

12. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmədə Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, şəxsin qeyd olunan maddə ilə təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

13. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumat əsasında müəyyən edilmişdir ki, Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməmişdir.

14. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

15. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, qəsdən törətmişdir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı hesab edir ki, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar.

16. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

17. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

19. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

20. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

21. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

22. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

23. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.

24. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar