Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8902/2025 01.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 01 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2(007)-2388/2023 saylı icra vərəqəsinə əsasən müəyyən edilmiş aliment borcu Şəxs tərəfindən ödənilməmiş, nəticədə protokol tərtib edilən tarixə 3840 manat borc yaranmışdır. Həmin icra sənədinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2304/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında icra məmuru N.Z.Allahverdiyev çıxışında göstərdi ki, həmin icra sənədi İcra Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu müəyyən qism ödənişlər etsə də, hazırki tarixə 3840 manat ödənilməmiş aliment borcu qalmış, tələbkarın da şikayətləri nəzərə alınmaqla, borclu barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, o, ilk əvvəl aliment borcunu stabil olaraq ödəmiş, sonradan həbsdə olduğu üçün borcu yığılmışdır. Lakin hazırda yenə də ödənişlər etmişdir. Şəxs məhkəməyə ödəniş qəbzlərini təqdim edərək, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs hərəkətlərində icra sənədini qərəzli olaraq icra etməməsi halı mövcud olmadığından, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 01 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 01 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8902/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8902/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver