Məhkəmə qərarları › İş №3(001)-8932/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8932/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8932/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 28 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı 16 noyabr 2023-cü il tarixdə 49500 ABŞ dolları məbləğində olan vəsaiti avans olaraq bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı məhkəməyə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, satıcı qismində onlarla OOO Şəxs (alıcı) arasında xx.xx.2023-cü il tarixdə Təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı tərəfindən süd sağma avadanlıqları təchizatı təmin etməli idi. Bunun əvəzində xx.xx.2023-cü il tarixdə Alıcı tərəfindən ******* Rubl məbləğində vəsait Satıcının hesabına köçürülmüşdür. Lakin, xx.xx.2023-cü il tarixdə vəsait 8 gün aralıq hesabda saxlanıldıqdan sonra "xxxx" QSC tərəfindən Alıcının hesabına geri qaytarılmışdır. Geri qaytarılma əməliyyatının təyinatında isə “Bankın daxili siyasətinə əsasən” qeydi yazılmışdır. Bunun əvəzində Bankın təkidi ilə tərəflər arasındakı müqavilə dəyişdirilərək, xx.xx.2023-cü il tarixli “Təsisçi borcu” müqaviləsi hazırlanmış və Alıcının süd sağma avadanlıqları təchizatı üçün bütün ödənişləri, həmçinin 49500 Avro məbləğində vəsait daxil olmaqla Təsisçi borcu müqaviləsi əsasında köçürülmüşdür. Beləliklə, ödənişin təyinatı məhz bankın müdaxiləsi əsasında dəyişmişdir. Digər tərəfdən, qanunvericilik avans köçürməsi müqabilində vəsaitlərin yalnız ödənişin edildiyi şəxs tərəfindən deyil, ölkə xaricindən üçüncü şəxs (və ya şəxslər) tərəfindən də geri qayatılmasını nəzərdə tutur. Yuxarıda qeyd edilən 30 oktyabr 2023-cü il tarixli Təsisçi borcu müqaviləsi bu halda üçüncü şəxs tərəfindən vəsaitin geri qaytarılması kimi başa düşülməlidir. Bundan əlavə, 10418010/181223/3172109 saylı gömrük bəyannaməsində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO Şəxs üçün süd sağma avadanlıqlarının (HS kodu: **********) alındığı göstərilmişdir. Bəyannamənin 44-cü qrafasında ödəniş sənədləri barədə məlumatda xx.xx.2023-cü il tarixli, ******* saylı invoys (yəni "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının X2 Ltd-yə ödənişi) qeyd olunmuşdur. CMR - yük qaiməsində də həmin avadanlığın "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO "xxxx" üçün alındığını təsdiq edən məlumatlar əks olunmuşdur. Belə ki, məhsul kodu (HS code: **********), mənşə ölkəsi (İrlandiya), malın göndərilmə ölkəsi (İrlandiya), malın təsviri (adı, çəkisi və ölçüsü) və daşıyıcı kodları (AM2147-1, A7487B-1) bəyannamədə göstərilən məlumatlarla eyni şəkildə qeyd edilmişdir. Həmçinin, #1120-1 saylı invoysda Yükalan qismində "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı vasitəsilə Rusiyada yerləşən OOO "xxxx"in qeyd olunması da bu əməliyyatı təsdiq edən əlavə sübut kimi çıxış edir. Yuxarıda göstərilən sənədlər bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı invoys əsasında ödənilmiş 49 500 (qırx doqquz min beş yüz) avro məbləğində vəsait "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Rusiyada yerləşən OOO "xxxx" üçün alınmış Süd sağma avadanlıqlarının dəyərinin ödənilməsi məqsədilə həyata keçirilmişdir. Yuxarıda göstərilən sübutlar əsasında aydın olur ki, inzibati orqan valyuta əməliyyatının mahiyyətini – ödənişin təyinatının bankın tələbi ilə dəyişdirilməsini, eləcə də avadanlığın alınmasını və təhvilini təsdiq edən sənədləri nəzərə almadan protokol tərtib etmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, sözügedən avadanlıq Azərbaycan Respublikasına idxal edilməmiş, birbaşa Rusiyada yerləşən OOO Şəxs üçün alınmış və həmin ölkəyə göndərilmişdir. Bu hallar mövcud olduqda MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin formalaşması mümkün deyil və bu, obyektiv sübutların məcmusu ilə də təsdiqini tapmır. Sonca iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının etirazı onunla əsaslandırılır ki, ödənişin həyata keçirildiyi müqavilə bankın müdaxiləsi ilə dəyişdirilmiş, habelə müvafiq mallar Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "xxxx" üçün alınmış və Rusiyaya idxal olunmuşdur. Etirazın qeyd olunmuş birinci dəlili ilə bağlı bildirilir ki, müqavilənin hansısa müdaxilə əsasında dəyişdirilməsi hazırkı məhkəmə araşdırmasının predmeti deyildir və bu barədə iddia edən şəxs tərəfindən hər-hansı sübut təqdim edilmir. İkinci dəlillə bağlı bildirilir ki, işdəki müqavilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən imzalanmış və müqavilədə alıcı qismində adıçəkilən hüquqi şəxs təsbit olunmuş, pul vəsaiti də Azərbaycan Respublikasından çıxarılmışdır. Belə olan halda, pul vəsaiti və ya buna görə müvafiq mallar da Azərbaycan Respublikasına geri qaytarılmalı və ya idxal olunmalı idi. Etirazda göstərilən “üçüncü şəxs” anlayışı da adıçəkilən hərəkətlərin, yəni müvafiq müqavilə üzrə malın və ya pul vəsaitinin ödəniş edilmiş şəxs və ya üçüncü şəxs tərəfindən Azərbaycan Respublikasına idxal olunması anlamına gəlir. Belə olan halda, ölkənin tədiyyə balansının qorunması üçün müvafiq mal və ya pul vəsaiti nəticə etibarilə Azərbaycan Respublikasına daxil olmalıdır. Qeyd olunanlara əsasən, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə inzibati tənbeh tətbiq edilməsi xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan xarici hüquqi şəxsin filialı - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bolqarıstanın “X3” şirkəti (Satıcı) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 12 nömrəli müqavilədən görünür ki, satıcı ət və süd sənayesi üçün nəzərdə tutulmuş texnoloji avadanlıqları və onların ehtiyat hissələrini alıcıya satır. Malların adı, miqdarı, qiyməti, ödəniş şərtləri və çatdırılma müddətləri Müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiyalarla müəyyən edilir. Müqavilənin ümumi dəyəri 1.400.000 avro təşkil edir (müqavilənin 1.1 və 2.1-ci bəndləri). xx.xx.2023-cü il tarixli 1 nömrəli Spesifikasiyadan görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş model SWiftflo olan yeni texnoloji avadanlıqları (mənşə ölkəsi – İrlandiya) 1 dəst həcmində tədarük edir. Malların ümumi dəyəri 199.725 avro təşkil edir. Ödəniş avro ilə həyata keçirilir: 199.725 avro – 28 oktyabr 2023-cü il tarixədək. Odəniş hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində edilməlidir. xx.xx.2023-cü il tarixli 2 Noli Spesifikasiyadan görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş model 36000V olan yeni texnoloji avadanlıqları (mənşə ölkəsi –İrlandiya) 2 dəst həcmində tədarük edir. Malların ümumi dəyəri 195.615 avro təşkil edir. Ödəniş avro ilə və iki mərhələdə avans qaydasında həyata keçirilir: 160.615 avro – xx.xx.2023-cü il tarixədək, 35.000 avro – 30 noyabr 2023-cü il tarixədək. Hər bir ödəniş hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində edilməlidir. xx.xx.2023-cü il tarixli 3 Noli Spesifikasiyadan görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş model 4450Xc olan yeni texnoloji avadanlığı (mənşə ölkəsi –İrlandiya) 1 dəst həcmində tədarük edir. Avadanlığın ümumi dəyəri 33.637,50 avro təşkil edir və ödəniş avro ilə həyata keçirilir. Alıcı göstərilən məbləğin 100% əvvəlcədən ödənilməsini xx.xx.2023-cü il tarixədək, hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində etməlidir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (borc verən) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (borc alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış faizsiz borc müqaviləsindən görünür ki, borc verən borcalana 32.000.000 rubl məbləğində faizsiz borc verir, borcalan isə göstərilən borc məbləğini müqavilədə müəyyən edilmiş müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən göstərilən borc məbləğini borcalana xx.xx.2023-cü il tarixinə qədər verməli və ya onun bank hesabına köçürməli və nağd şəkildə ödəməlidir (müqavilənin 1.1 və 2.1-ci bəndləri). xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 49500 avro məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Bolqarıstanın “X3” şirkəti (Satıcı) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 12 №li müqaviləyə Əlavə Sazişdən görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş yeni Swiftflo süd sağım avadanlığını (mənşə ölkəsi – İrlandiya) 1 dəst olmaqla satır. Avadanlığın ümumi dəyəri 213.575 avro təşkil edir və ödəniş avro ilə həyata keçirilir. Alıcı xx.xx.2023-cü il tarixinədək göstərilən məbləğin 100% əvvəlcədən ödənilməsini həyata keçirməlidir, ödəniş hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində edilməlidir. Malların çatdırılması Satıcının avans ödənişini almasından sonra 60 təqvim günü müddətində həyata keçirilir. Digər şərtlər əsas Müqavilə №12-yə uyğun olaraq qüvvədə qalır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (borc verən) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (borc alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış faizsiz borc müqaviləsindən görünür ki, borc verən borcalana 3.000.000 rubl məbləğində faizsiz borc verir, borcalan isə göstərilən borc məbləğini müqavilədə müəyyən edilmiş müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən göstərilən borc məbləğini borcalana xx.xx.2023-cü il tarixinə qədər verməli və ya onun bank hesabına köçürməli və nağd şəkildə ödəməlidir (müqavilənin 1.1 və 2.1-ci bəndləri) xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, invoys xx.xx.2023-cü il tarixli №12 Müqavilə əsasında tərtib edilmişdir. Malın təslim olunacağı şəxs (yükalan) “Dialog Trade LLC”-dir, lakin çatdırılma Azərbaycan Respublikasındakı filialı vasitəsilə həyata keçirilir. Bu, gömrük və logistika baxımından vacib məlumatdır. Malın mənşə ölkəsi İrlandiyadır. Bu məlumat gömrük rüsumları, preferensiyalar və sertifikatlaşdırma üçün əhəmiyyətlidir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 49500 avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 497 nömrəli açıqlamasından görünür ki, “Dialoq Treyd MMC” iri süd kompleksinin tikintisi ilə əlaqədar olaraq Tatarıstan Respublikasının aparıcı holdinqlərindən birindən tender əsasında ət və süd sənayesi üçün texnoloji avadanlıqlar, Deirymaster markalı, 36000V və 4450XC model soyuducu çənlər sifarişi alıb. Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı siyasi və iqtisadi tədbirlərin tətbiq edilməsi ilə bağlı hazırda Avropa istehsalçılarından idxal olunan avadanlıqların alınması mümkün deyil. Dialoq Treyd şirkəti bu avadanlığı özünün Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş filialı vasitəsilə almaq qərarına gəlmişdir. Rusiya Federasiyasının Şəxs MMC şirkəti xx.xx.2023-cü il tarixli 12 saylı alqı-satqı müqaviləsi çərçivəsində Şəxs MMC Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş filialı vasitəsilə Bolqarıstan Respublikasındakı təchizatçı “X3” şirkətinə ilkin ödəniş etmişdir. Satıcı “X3” ilə Şəxs MMC-nin filialı arasında bağlanmış müqaviləyə əsasən, əsas şirkət Şəxs MMC xx.xx.2023-cü il tarixində müqaviləni özünün Rusiya Federasiyası ərazisində Moskva şəhərində “OTP Bank” SC bankında 23120220/2766/0000/2/1 MVN nömrəsi ilə qeydiyyata almışdır. Bu avadanlığın istehsalçısı İrlandiyanın Dairymaster şirkətidir və beynəlxalq daşınma İrlandiyada başlamışdır, müvafiq olaraq gömrük bəyannaməsində göndərmə ölkəsi kimi İrlandiya bəyan edilmişdir. Şəxs MMC lazımi məlumata malik olmadığına görə İrlandiyadan göndərmə üçün təsdiqedici nəqliyyat sənədlərini təqdim edə bilmir. Yuxarıda göstərilənlərə əsasən və AİB Gömrük Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq, bu prosedur üçün bəyan edən RF Şəxs MMC şirkətidir. Rəsmiləşdirilən gömrük bəyannaməsinə əlavə edilmiş sənədlərin elektron paketində təsdiqedici məlumatlar var. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli Şəxs MMC-2023-07 saylı invoys yanlış olaraq CMR-ə əlavə edilib və satıcı-alcıya verilən sənəd deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.2-yarımbəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı mübahisəli valyuta əməliyyatı üzrə satıcı ilə birbaşa müqavilə bağlamış, alıcı qismində öz adından çıxış etmiş və ödənişi Azərbaycan Respublikasındakı bank hesabından həyata keçirmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən, qabaqcadan ödəniş edildikdə, həmin ödəniş müqabilində mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilməli və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti ölkəyə geri qaytarılmalıdır. Hazırkı iş üzrə isə nə malların Azərbaycan Respublikasına idxalı həyata keçirilmiş, nə də 49500 avro məbləğində valyuta vəsaiti xaricdən geri qaytarılmışdır. Filialın hüquqi statusu və malların üçüncü ölkəyə (Rusiya Federasiyasına) idxal edilməsi qeyd olunan normativ öhdəliyi aradan qaldırmır, çünki valyuta əməliyyatı faktiki olaraq Azərbaycan Respublikasından çıxarılmış vəsaitlə icra edilmişdir və qanunvericilik bu halda alternativ olaraq yalnız idxalı məhz Azərbaycan Respublikasına və ya vəsaitin geri qaytarılmasını nəzərdə tutur. Bu səbəbdən, qabaqcadan ödəniş üzrə valyuta öhdəliyinin icra edilməməsi faktı inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu artıq təsdiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının etirazının dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. İlk olaraq, İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Göstərilən normalara əsasən etirazın inzibati xəta haqqında protokolun subyektinin düzgün müəyyən edilməməsi barədə dəlili əsassızdır. Doğrudur, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən filial müstəqil hüquqi şəxs deyil və hüquqi şəxsin struktur bölməsidir, lakin bu hal onun inzibati məsuliyyət subyekti kimi tanınmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Deməli, filialın mülki-hüquqi statusu ilə inzibati hüquqda subyekti kimi tanınması eyniləşdirilə bilməz. Filialın müstəqil hüquqi şəxs olmaması onun inzibati məsuliyyət daşıyan subyekt kimi çıxış etməsinə mane olmur və qanunvericilik bu məsələdə xüsusi olaraq filial və nümayəndəlikləri ayrıca məsuliyyət subyekti kimi tanımışdır. Hazırkı işdə valyuta əməliyyatı birbaşa Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış müqavilə əsasında, onun bank hesabı vasitəsilə və faktiki olaraq Azərbaycan Respublikasından valyuta vəsaitinin çıxarılması yolu ilə həyata keçirilmişdir. Bu səbəbdən inzibati xətanın obyektiv tərəfi məhz filialın fəaliyyəti ilə formalaşmışdır və inzibati protokolun filial barəsində tərtib edilməsi İXM-in 18.1-ci maddəsinin tələblərinə tam uyğundur. Etirazda irəli sürülən arqumentlər filialın mülki-hüquqi statusunun inzibati hüquq müstəvisinə mexaniki şəkildə köçürülməsinə əsaslanır ki, bu da qanunvericiliyin sistemli şərhinə ziddir və inzibati məsuliyyətdən yayınma məqsədi daşıyır. İkincisi, etirazda əməliyyatın vasitəçilik xarakteri daşıması barədə də irəli sürülən mövqe hüquqi və faktiki əsaslardan məhrumdur. Çünki, Qaydaların 4.3.2-1-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, əməliyyat vasitəçilik kimi açıq şəkildə qurulsun, yəni tərəflər arasında vasitəçilik müqaviləsi bağlansın, vasitəçi öz adından deyil, başqasının tapşırığı ilə və onun hesabına hərəkət etsin və bu status əməliyyatın bütün sənədlərində birmənalı əks olunsun. Hazırkı işdə isə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı satıcı ilə birbaşa alqı-satqı (təchizat) müqaviləsi bağlamış, ödənişi öz bank hesabından həyata keçirmiş və müqavilə üzrə alıcı qismində çıxış etmişdir. Heç bir vasitəçilik müqaviləsi mövcud deyil, filialın üçüncü şəxs adından və ya üçüncü şəxsin hesabına çıxış etdiyini təsdiq edən hüquqi sənəd təqdim olunmamışdır. “Təsisçi borcu müqaviləsi” isə mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, nə vasitəçilik müqaviləsidir, nə də vasitəçilik funksiyasını əvəz edə bilər. Hüquqda “faktiki vasitəçilik” anlayışı isə mövcud deyil və belə anlayışın qəbul edilməsi normanın məzmununu qeyrimüəyyən edər, valyuta nəzarətinin tətbiqini formal səviyyəyə endirər və hüquqi müəyyənlik prinsipini pozar. Bu baxımdan, əməliyyatın vasitəçilik kimi qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri şərtlər mövcud olmadığından, Qaydaların 4.3.2- 1-ci maddəsinin tətbiqi istisna edilir. Üçüncüsü, etirazda irəli sürülən xx.xx.2023-cü il tarixli təsisçi borcu müqaviləsinin guya Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs tərəfindən vəsaitin geri qaytarılması” kimi qiymətləndirilməsi barədə mövqe də hüquqi baxımdan əsassızdır. Qeyd edilən yarımbənddə “geri qaytarılma” anlayışı qabaqcadan ödənilmiş valyuta vəsaitinin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılmasını, yəni rezidentin bank hesabına geri mədaxil edilməsini ifadə edir və bu, valyuta vəsaitinin təyinatının dəyişdirilməsi və ya daxili borc münasibəti ilə əvəz edilə bilməz. Təsisçi borcu müqaviləsi mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən maliyyə əməliyyatı deyil və belə müqavilə əsasında aparılan köçürmə ödənişin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılması nəticəsini yaratmır. Bundan əlavə, Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs” anlayışı ödənişin həyata keçirildiyi xarici tərəfdən və ya onun adından çıxış edən digər subyekt tərəfindən valyuta vəsaitinin geri ödənilməsini, yəni rezident hesabına qaytarılmasını ifadə edir, borc müqaviləsi bağlanmaqla öhdəliyin başqa hüquqi formaya salınmasını deyil. Bankın daxili siyasəti əsasında ödənişin təyinatının dəyişdirilməsi isə normativ öhdəliyi aradan qaldırmır və valyuta nəzarəti tələblərinin icrasından azad etmir. Bu baxımdan, təsisçi borcu müqaviləsinin mövcudluğu qabaqcadan ödənilmiş 49.200 avro məbləğində vəsaitin Azərbaycan Respublikasına geri qaytarılması faktını əvəz etmir və Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan alternativ şərtin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, şirkətin vəsaitin guya borc müqaviləsi əsasında geri qaytarılması barədə arqumenti həm də daxili ziddiyyət daşıyır və valyuta nəzarətinin məqsədini faktiki olaraq sıradan çıxarır. Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “geri qaytarılma” qabaqcadan ödənilmiş valyuta vəsaitinin Azərbaycan Respublikasına qayıdaraq rezident hesabında sərbəstləşməsini ifadə edir və bu halda valyuta öhdəliyi sona çatır. Halbuki borc müqaviləsi bağlandıqda vəsait “geri qaytarılmış” olmur, əksinə, eyni məbləğ üzrə yeni borc öhdəliyi formalaşır və geri qaytarılan pul üzərində rezidentin sərbəstlik hüququ yaranmır. Daha da mühümü, bu yanaşma qəbul edilərsə, rezident əvvəlcə qabaqcadan ödənilmiş vəsaiti borc müqaviləsi adı altında formal olaraq “geri qaytarılmış” kimi göstərib, sonradan həmin borc öhdəliyinə istinad etməklə eyni məbləği yenidən ölkədən çıxarmaq imkanı əldə etmiş olur. Bu isə Qaydaların mahiyyətinə, valyuta nəzarətinin məqsədinə və tədiyyə balansının qorunmasına açıq şəkildə ziddir. Buna görə də borc müqaviləsi ilə aparılan köçürmə qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılması kimi qəbul edilə bilməz və əks halda belə yanaşma inzibati nəzarəti formal mexanizmə çevirmiş olar. İşin qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49500 (qırx doqquz mun beş yüz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 9900 (doqquz min doqquz yüz) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 16830 (on altı min səkkiz yüz otuz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar