Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8957/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Respublika Dövlət Elmi Tibb Kitabxanasında icma fəhləsi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 izahat verərək bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə saat 10:30-da Binəqədi rayonu, Sulutəpə dördyol adlanan ərazidə “BMW” markalı avtomobilin sürücüsü Şəxs Baş Dövlət Yol Polisi İdarəsinin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs yol polisi əməkdaşları tərəfindən qayda pozuntusu ilə əlaəqdar saxlanılan zaman sonuncu idarə etdiyi avtomobilin duracağa aparılmasını təmin etməmiş və yersiz narazılıq bildirərək polisin iş rejimini ləngitməklə polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Bundan sonra, Şəxs dövlət yol polisi əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra şöbədə Şəxs izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, səhər saat 10-da işə gedərkən yol polisi tərəfindən idarə etdiyi avtomobil saxlanılmışdır. Polis əməkdaşları ona avtomobildə led faralardan istifadə edildiyini və avtomobilin duracağa getməli olmasını bildirmişlər. O da polis əməkdaşına avtomobilin faralarını zavod işıqları ilə dəyişə biləcəyi demişdir. O, avtomobilin faralarını dəyişmək istərkən polis əməkdaşı ona tabesizlik göstərdiyini, bildirmiş, o da polisə barəsində protokol tərtib etməsini demişdir. O, polis əməkdaşına avtomobilin duracağa aparılmamasını, işıqları yerində dəyişməsini demişdir. Polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyini qeyd edib barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı tol patrul xidməti baş inspektoru polis kapitanı X5 izahatında bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə Binəqədi rayonu Sulutəpə dördyol adlanan ərazidə xidmətdə olarkən “BMW” markalı avtomobilin faraları standartlara uyğun olmadığından tərəflərindən saxlanılmışdır. Avtomobilin sürücüsü Şəxs qayda pozuntusu izah edilsə də, sürücü avtomobilin faralarını dəyişəcəyini bildirmiş, lakin uzun müddət kənarda telefonla danışmaqla onların iş rejimini ləngitmişdir. Sürücüyə avtomobilin cərimə meydançasına getməli olması, oraya usta çağırb nöqsanı aradan qaldıra biləcəyi izah edilsə də, şəxs onların tələbinə tabe olmamışdır. Sürücüyə bir neçə dəfə xəbərdarlıq edlməsinə baxmayaraq, o, qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində tədbir görülməsi məqsədi ilə sonuncu Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsinə təhvil verilmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı tol patrul xidməti baş inspektoru polis kapitanı X1 məhkəmə iclaında izahat vermiş digər şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı post patrul xidməti baş inspektoru polis kapitanı X2 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixli, AZA № 437512 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə saat 11:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30-da Binəqədi rayonu Sulutəpə istiqaməti ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də şahidlərin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs polis əməkdaşlarının tapşırıqlarını yerinə yetirməyərək, onların qanuni iş rejimini pozmuş əsassız vaxt itkisinə səbəb olmaqla tabesizlik etmişdir. Şəxs hərəkətlərinə münasibətdə isə məhkəmə bildirir ki, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.
9. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
11. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
12. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
13. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
15. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
16. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
17. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
18. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
19. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir.
20. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova