Məhkəmə qərarları › İş №3(001)-8959/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8959/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8959/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 02 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 5-ci PŞ-də araşdırma ilə bağlı şöbəyə dəvət olunarkən polis əməkdaşlarından qaçmağa cəhd göstərmiş, aqressiv hərəkətlər etmiş, tabesizlik göstərmişdir. Şöbənin həyətində ucadan polis əməkdaşlarını təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş R.V.Rzazadə çıxışında göstərdi ki, Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raporta əsasən şöbənin əməldaşları əməliyyat tapşırığı əsasında xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində “Elite” ticarət mərkəzinin yaxınlığında Şəxs yaxınlaşaraq, şöbəyə dəvət etmişlər. Şəxs aqressiv hərəkətlər edərək, qaçmağa cəhd etmişdir. Şöbənin əməkdaşları Şəxs tutaraq, şöbəyə gətirmişlər və onun barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən (İXM-nin 535.1-ci maddəsi ilə) təqsirli bilərək, izahatında göstərdi ki, onun bacısı onkoloji xəstədir. Saxlanılmamışdan bir neçə dəqiqə əvvəl anası ona zəng edərək, bacısının ağrılarının artdığını və aptekdən ona dərman almasını tapşırmışdır. O, həmin dərmanı almağa gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, bacısına dərman almalı olduğundan, şöbəyə getməkdən imtina etmişdir. Həmin vaxt təcili dərman tapmalı olduğundan və bir qədər sərxoş olduğundan polis əməkdaşlarına tabesizlik göstərmişdir. Lakin, barəsində tərtib olunmuş protokolda qeyd olunan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilmir, çünki o, hər hansı xuliqanlıq hərəkəti etməmişdir. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X2 ifadəsində göstərdi ki, o, 02 dekabr 2025-ci il tarixdə saat 20:35 radələrində iş yoldaşı Məhəmməd Quliyevlə birlikdə əməliyyat tapşırığı əsasında Şəxs yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişlər. Lakin, Şəxs aqressiv hərəkətlər edərək, şöbəyə getməkdən imtina etmiş və qaçmağa cəhd göstərmişdir. Onlar məcbur qalaraq, Şəxs fiziki zor tətbiq edərək, avtomobilə əyləşdirib şöbəyə gətirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid F.İbrahimov hadisənin qısa zaman kəsiyində baş verdiyini, hadisə vaxtı ətrafda hər hansı şəxsin olmadığını və hadisəni görmədiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs saxlanılarkən və ya şöbəyə gətirildikdən sonra nalayiq ifadələr işlətməsinə şahid olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməliyyat müvəkkilləri – polis kapitanı Məhəmməd Quliyev və polis baş leytenantı Fuad İbrahimov tərəfindən tərtib olunmuş 02 dekabr 2025ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə icraatda olan əməliyyat tapşırığı əsasənda saat 20:35 radələrində “Elit” ticarət mərkəzinin yaxınlığında Şəxs yaxınlaşdıq özümüzü təqdim edib şöbəyə dəvət etdik. Həmin şəxs aqressiv hərəkətlər edərək bizimlə gəlməyəcəyini bildirib qaçmağa cəhd göstərdi. Biz həmin şəxsi fiziki zor tətbiq edərək avtomobilə əyləşdirib şöbəyə gətirdik. Şöbədə olarkən həyətdə həmin şəxs ucadan nalayiq ifadələr işlədərək bütün polis əməkdaşlarını təhqir etmişdir. Şəxsi inzitama dəvət etsəkdə bizə əhəmiyyət verməyərək aqressiv hərəkətlərini davam etdirdi”; - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 dekabr 2025ci il tarixdə, saat 20:35-də inzibati qaydada tutulmuşdur; - xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini müəyyən etmək mümkün olmamış, həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə həm özünün və məhkənə iclasında dindirilmiş şahidin ifadəsi ilə, həm də iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. İş materialları ilə müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməkdaşları icraatlarında olan əməliyyat tapşırığı əsasında Şəxs saxlayaraq, polis şöbəsinə dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, qaçmağa cəhd göstərmiş, bu hərəkətləri ilə İXM-nin 535.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanın sərxoş halda törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada həbs edilməli, həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 20:35-dən hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata həmin Məcəllənin 53.2-ci maddəsi ilə, yəni təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 20:35-dən hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar