Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-899/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə saat 16:22də yaşadığı Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində həyətə daxil olarkən həyətdən yola çıxmaq istəyən “Honda” markalı minik avtomobilin gəldiyini görüb idarə etdiyi “Mercedes” markalı avtomobili saxlamışdır. 4 metr ara məxafəsi olmasına baxmayaraq “Honda” markalı minik avtomobilin idarə edən şəxs tormoz əyləcinə basmayıb üzərinə gələrək dayandığı halda onun idarə etdiyi avtomobili vurmuşdur. “Honda” markalı minik avtomobilin sürücüsü avtomobildən düşərək üzrxahlıq etmiş, hadisədə özünün təqsirli olduğunu etiraf etmişdir. Bir qədər sonra hadisə yerinə Binəqədi rayon DYPŞ-in əməkdaşı gəlmiş, sənədlərini almış, çıxıb getmişdir. Səhəri gün Binəqədi rayon DYPŞ-də olmuşlar, izahatları alınmışdır. İnspektor işə qərəzli yanaşaraq hadisədə “Mercedes” markalı avtomobilin “Honda” markalı minik avtomobilinin yoluna çıxdığını bildirmişdir. Başqa sözlə, onu təqsirli bilmişdir. Halbuki, o uzun müddətdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yaşayır, gündə bir neçə dəfə həmin həyətə avtomobillə daxil olub, həyətdən çıxır və bu mənada orada hərəkətin hansı qaydada həyata keçirildiyini başqalarından daha yaxşı bilir. Hadisə zamanı o idarə etdiyi avtomobillə dayanmış vəziyyətdə olmuşdur. “Honda” markalı minik avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili dayanmış vəziyyətdə vurmuşdur. Hadisə düzgün araşdırılmadan onun barəsində xx.xx.2025-cü il tarixli qərar qəbul edilmiş, o 40 manat məbləğində cərimə edilmişdir. Xahiş edir ki, hadisə düzgün araşdırılsın. Yaranmış vəziyyətdə onun təqsiri varsa, bu sübut olunmalıdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Binəqədi rayon DYPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Binəqədi rayon DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz E230 minik” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. TP ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Mercedes Benz E230 minik” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci ildə Binəqədi rayonu A.Neymətulla küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən xx.xx.2025-ci ildə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qaydasını pozmadığını bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə məhkəmədə baxılarkən nümayəndəsinin iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları qərar qəbul edərkən X2 nümayiş etdirməmiş, təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2025-ci ildə Binəqədi rayonu Neymətulla küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu əminliklə bildirmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 TP ******* nömrəli xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən X1 iştirakı təmin edilməli, sübutlara onun iştirakı ilə baxış təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi rayon DYPŞnin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – Binəqədi rayon DYPŞ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-899/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-899/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver