Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 23000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 23000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Şəxs MMC ilə “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” arasında bağlanılmış 11 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış və 23000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” hesabına köçürülmüşdür. Şirkətlə aparılan yazışmalardan da göründüyü kimi mallar Türkiyə Cümhuriyyətinin zəlzələdən zərər görən bölgələrinə pulsuz göndərildiyi üçün firma tərəfindən malların göndərilməsi həyata keçirilməmişdir. Bu səbəbdən, şirkətin maliyyə vəziyyətində çətinliklər yaranmış və hazırda şirkət xronoloji ardıcıllıqla geri ödəməni həyata keçirir. Avans ödənişinin qaytarılması 2024-cü il ərzində həyata keçiriləcəkdir. Odur ki, Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Banka bildiriş göndərilmişdir. Həmçinin, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin əlaqə nömrələrinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 23000.00 ABŞ dolları məbləğində pul vəsaiti “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” hesabına köçürülmüşdür, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən 23000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin 23000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ” arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, 11 noyabr 2021-ci il tarixli müqavilədə satıcı qismində “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED”, alıcı qismində isə Şəxs MMC nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə şirkətlə aparılan yazışma sənədlərini təqdim edərək pul məbləğinin ölkəyə geri qaytarılmamasının Şəxs MMC-nin təqsiri ucbatından baş vermədiyini, şirkət tərəfindən avans məbləğinin qaytarılmasının xronoloji ardıcıllığa əsasən 2024-cü il ərzində həyata keçiriləcəyini qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş yazışma sənədlərindən görünür ki, Şəxs MMC tərəfindən 15 yanvar 2022-ci ildə ünvanlanmış məktuba “İLQAZ GROUP İÇ VE DİŞ TİCARET LİMİTED” şirkəti tərəfindən 15 mart 2022-ci ildə cavab verilərək malların göndərilməsinin 2022-ci ilin sentyabr ayında həyata keçiriləcəyi bildirilmişdir. 30 sentyabr 2022-ci il tarixli məktuba 13 dekabr 2022-ci ildə, 01 fevral 2023-cü il tarixli məktuba isə 14 mart 2023-cü ildə verilmiş cavab məktubları ilə pandemiya və zəlzələ səbəbilə gecikmələrin olduğu bildirilmişdir. Sonuncu dəfə isə 03 iyun 2023-cü il tarixdə ünvanlanmış məktuba 01 sentyabr 2023-cü il tarixdə verilmiş cavab məktubu ilə malların Türkiyə Cümhuriyyətinin zəlzələdən zərər görən bölgələrinə pulsuz göndərildiyi üçün firma tərəfindən malların göndərilməsinin həyata keçirilməməsi, bu səbəbdən, şirkətin maliyyə vəziyyətində çətinliklər yaranması və xronoloji ardıcıllıqla geri ödəmənin həyata keçiriləcəyi qeyd edilmişdir. Məhkəmədə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin fors-major halları nəzərdə tutan 7-ci maddəsi və mübahisələrin həlli adlanan 6-cı maddəsinin şərtlərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, müqavilənin 6.2-ci maddəsindən görünür ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. İş materiallarından da göründüyü kimi tərəflər arasında dəfələrlə işgüzar yazışmalar aparılmış, lakin mübahisə həllini tapmamasına baxmayaraq, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə müraciət olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri sübuta yetirilmiş, əməlində inzibati xəta tərkibi olmuşdur. Belə ki, 23000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 23000.00 ABŞ dolları dəyərində pul vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 4600 (dörd min altı yüz) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 7820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-9/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver