Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-900/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər X4 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.6-cı maddəsi ilə (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) təqsirli bilinərək 50 manat cərimə edilmişdir. S.Ə.Qənbərov həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsinin, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında S.Ə.Qənbərov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 20 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində “Toyota Land-Cruiser Prado” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlamış, avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyini bildirmişlər. O, belə bir hal baş vermədiyindən polis əməkdaşı ilə razılaşmamış, etirazını bildirmiş, polis əməkdaşı ona getməyə icazə verdikdən sonra o, şəxsi elektron kabinetində barəsində İXM-nin 342.6-cı maddəsi ilə protokol tərtib edildiyini müəyyən etmişdir. Halbuki, əgər inzibati xəta törədilməsi polis əməkdaşı tərəfindən bilavasitə aşkar edildiyi halda o, xəta törətməsi ilə razı olmadığı təqdirdə inzibati protokol həmin vaxt tərtib edilməli və onun öz etiraz qeydləri protokola əlavə edilməli idi. Həmin polis əməkdaşları bundan əvvəl də bir neçə dəfə əsassız yerə onu saxlamış, lakin xəta aşkar edə bilmədiklərindən, bu dəfə telefonla danışdığını iddia etmişlər. O, 20 sentyabr 2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərardan məhkəməyə şikayət vermiş, məhkəmə sübutların çatışmazlığı əsası ilə qərarı ləğv edərək, işin yenidən araşdırılması üçün Baş X4 İdarəsinə göndərilməsini qərara almışdır. Lakin, Bakı şəhər DYPİ tərəfindən heç bir araşdırma aparılmadan yenidən eyni məzmunlu, 30 dekabr 2024cü il tarixli qərar qəbul edilmişdir. Buna görə də o, həmin qərardan yenidən məhkəməyə şikayət verməli olmuşdur. Sonda S.Ə.Qənbərov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X1 barəsində İXM-nin 342.6-cı maddəsi ilə tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında S.Qənbərov 50 manat cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(001)- 6648/2024 saylı qərarından görünür ki, X2 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayət vermiş, məhkəmənin həmin qərarına əsasən, şikayət qismən təmin edilərək, 30 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(001)- 6648/2024 saylı qərarı onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, dinlənilmədən, müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X1 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir... Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin: - 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol üzrə yenidən və əlavə araşdırma aparılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, aparılmış araşdırma barəsində məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, həmin protokol üzrə qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli qərar ləğv edilməli, iş üzrə icraata şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər X4 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-900/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-900/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver