Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9002/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə Ştq, Böyük Şor, ev 2A, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/026296 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına gələn yük **********8485 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********9649 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır. Tərəflərindən **********8485 nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinə, **********9649 sorğu nömrəli qısa idxal bəyannaməsinə və həmin bəyannamələrə qoşma edilmiş sənədlərə baxış keçirilərkən malların ümumi invoys dəyərinin 422138 nömrəli invoys sənədinə uyğun olaraq 8646.02 ABŞ dolları qeyd edildiyi halda **********9649 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyərinin 9646.02 avro qeyd edildiyi müəyyən edilmişdir. Bu fakt 3-33- 1100/012/026296 saylı xx.xx.2025-ci il tarixli raport, **********8485 sorğu nömrəli gömrük bəyannaməsi, **********9649 sorğu nömrəli qısa idxal bəyannaməsi, 422138 nömrəli invoys sənədi , Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Qısa idxal bəyannaməsinin tərtib edilməsi zamanı diqqətsiz yanaşaraq zərərli nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, nəticədə "xxxx" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyini nəzərə alaraq, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə "xxxx" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə "xxxx" MMC tərəfindən gömrük organına təhrif olunmuş məlumatlar verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin ünvanına gələn yükə dair **********8485 sorğu nömrəli gömrük bəyannaməsi, **********9649 sorğu nömrəli gısa idxal bəyannamələri onun tərəfindən tərtib edilib, başqa şirkətə məxsus bəyannamənin üzərində işlədiyindən texniki səhvə yol verilmiş, nəticədə **********8485 sorğu nömrəli gömrük bəyannaməsi və **********9649 sorğu nömrəli gısa idxal bəyannamələri arasında uyğunsuzluq yaranmışdır. Gömrük qaydalarının pozulduğunu gəbul edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X5 protokola etiraz edərək bildirdi ki, **********8485 nömrəli gömrük bəyannaməsi və **********9649 nömrəli qısa idxal bəyannaməsinin tərtibi zamanı başqa şirkətə aid sənədlər üzərində işləndiyi üçün texniki xarakterli səhvə yol verilmişdir. Nəticədə bəyannamələr arasında invoys dəyəri və valyuta üzrə uyğunsuzluq yaranmışdır. Qeyd edilən hal məqsədli olmayıb, gömrük rüsumlarından yayınmaq və ya təhrif olunmuş məlumat vermək niyyəti daşımamışdır. Qısa idxal bəyannaməsində göstərilmiş 9646,02 avro məbləği üzrə gömrük rüsumları tam şəkildə ödənilmişdir. Yol verilmiş səhvin texniki xarakter daşıdığını, qəsdli olmadığını nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs tərəfindən bəyan edilmiş **********28485 nömrəli gömrük bəyannaməsində Belarusiyadan göndərilən yükün invoys dəyəri 8646,02 ABŞ dolları, **********9649 nömrəli qısa idxal bəyannaməsində isə 9646,02 avro qeyd olunmuşdur. Həmçinin, xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsindən görünür ki, Belarusiyadan göndərilən invoys dəyəri 9646,02 avro təşkil edən yükə görə 35.4 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən tərtib edilmiş qısa idxal bəyannaməsində yol verilmiş uyğunsuzluq qəsdli davranışın nəticəsi olmayıb, texniki xarakterli səhvdən irəli gəlmişdir. Belə ki, qəsdli təhrif halında iqtisadi fayda əldə etmək məqsədilə malların invoys dəyərinin aşağı göstərilməsi gözlənildiyi halda, hazırkı iş üzrə qısa idxal bəyannaməsində invoys dəyəri əsas bəyannamədə göstərilən 8646,02 ABŞ dolları ilə müqayisədə daha yüksək – 9646,02 avro məbləğində qeyd edilmişdir ki, bu da gömrük ödənişlərindən yayınmaq niyyətinin olmadığını, əksinə iqtisadi məntiqə zidd nəticə yarandığını açıq şəkildə göstərir. Həmçinin bəyannamələrin tərtib edilməsi zamanı nümayəndənin başqa şirkətə aid sənəd üzərində işləməsi nəticəsində valyuta və məbləğ sahələrində mexaniki səhvə yol verildiyi onun izahatı ilə təsdiqlənir və bu izahat iş üzrə toplanmış sübutlarla təkzib olunmur. Həmçinin, qısa idxal bəyannaməsində göstərilmiş 9646,02 avro məbləği üzrə gömrük rüsumları faktiki olaraq ödənilmişdir ki, bu hal da rüsumlardan yayınma niyyətinin olmadığını açıq şəkildə təsdiq edir. Əgər məqsəd gömrük ödənişlərindən yayınmaq və ya onları azaltmaq olsaydı, invoys dəyəri daha aşağı məbləğdə göstərilərək rüsumların azaldılmasına cəhd edilərdi, lakin konkret halda əksinə, daha yüksək məbləğ üzrə ödənişin aparılması hüquqi şəxsin dövlət büdcəsinə zərər vurmaq niyyətində olmadığını və hərəkətlərin qəsdli xarakter daşımadığını sübut edir. Bu baxımdan, faktiki ödənişin mövcudluğu, iqtisadi faydanın əldə edilməməsi və texniki səhvin izahatlarla təsdiqlənməsi birlikdə qiymətləndirildikdə, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin formalaşmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9002/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9002/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver