Məhkəmə qərarları › İş №3(001)-903/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-903/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-903/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Vəkil şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru (vəzifəli şəxsi) X1 Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, qəbul edilmiş qərar əsassızdır. AYNA qərarın əsasını təşkil etmiş protokolu qəbul edərkən edərkən işi tam və hərtərəfli araşdırmamış, iş üzrə gəldiyi nəticə obyektiv deyil və protokol qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib edilmişdir. Buna görə də qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə baxarkən AYNA nümayəndələri "xxxx" MMC-nin “Maxim” sistemi vasitəsilə yaradılan taksi sifarişləri ilə bağlı məlumatların ötürülməsini inkar etməmiş, lakin texniki problemlər olduğuna görə ötürülmüş məlumatların bir hissəsi şirkət tərəfindən AYNA sisteminə çatmamışdır. "xxxx" MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görmüş, lakin şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. Məlum olduğu kimi, "xxxx" MMC sistemin inteqrasiyasını AYNA-nın təqdim etdiyi APİ vasitəsilə həyata keçirmişdir. Bu inteqrasiyanın qurulması üçün İT işçiləri daim qarşılıqlı əlaqədə olmuş və yaranan problemlərin həlli üçün bir sıra texniki tədbirlər həyata keçirmişlər. Bu hallar şirkətin rəhbərliyinin davranışını vicdanlı davranış kimi səciyyələndirmiş və şirkətin direktorunun müəyyən edilmiş inzibati xətanı törətmək və hər hansı qeyri-qanuni mənfəət əldə etmək məqsədinin olmadığını təsdiqləmişdir. İXM-in 326- 2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.1- ci maddəsinə müvafiq olaraq Taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Göründüyü kimi qeyd edilən qanunun 15-1.1-ci maddəsinə və İXM-in 326-2.3-cü əsasən vaxt rejimində ötürülməsini təmin edən mexanizmin olmadığı təqdirdə cərimə olunması müəyyən edilib, halbuki "xxxx" MMC taksi sifarişi operatoru olaraq qanunun tələblərinə əməl olunması üçün zəruri tədbirlər görmüş, lakin şirkətin özündən asılı olmayaraq, müəyyən məlumatlar real vaxt rejimində ötürülməmişdir. İnzibati Xətalar Məcəllənin 12.1-ci maddəsinə əsasən İnzibati xəta anlayışı deyildikdə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar sırasında, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda başlanılmış inzibati icraata xitam edilməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC tərəfindən inzibati xəta törədilməmiş, inzibati xəta hadisəsi olmamış və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Həmçinin eyni əməllə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində MN ******* nömrəli 13 yanvar 2025-ci il tarixli İnzibati xəta haqqında Protokol tərtib edilərək baxılması -üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001 )-591/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC AR İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min manat) AZN miqdarında inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarın əsasını xx.xx.2025-ci il tarixində saat 14:18 radələrində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində **-VF-*** dövlət qeydiyyat nişanlı, saat 15:04-də Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində **-NY-*** dövlət qeydiyyat nişanlı və saat 15:26-da Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının qarşısında **-AB-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatların Cəmiyyət tərəfindən AYNA informasiya sisteminə ötürülməsini təmin edən mexanizmin yaradılmadığı və fəaliyyət göstərmədiyi aşkar edilməsi təşkil etmişdir. Göründüyü kimi, halhazırda bizim mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın da əsasını eyni əməl təşkil edir. Bu isə öz növbəsində hüquq elminin fundamental prinsiplərindən biri olan ədalətlilik prinsipinə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Nə "xxxx" MMC barəsində qəbul edilmiş məhkəmə qərarında, nə də AYNA-nın Amin Alıyevlə bağlı apardığı işə baxılarkən inzibati xətanın məhz direktorun hərəkətləri ucbatından törədildiyi müəyyən edilməmişdir. Əksinə, bir direktor olaraq Amin Əliyev məlumatların ötürülməsi prosesini qurmaq üçün bütün tədbirləri görmüş və bununla bağlı şirkətdən nümayəndələrin ayrılmasını təşkil etmişdir. Qeyd edilən xüsusatlardan başqa, AYNA-nın MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının əsasını təşkil etmiş protokolda qanunvericiliyin tələblərinin ciddi surətdə pozulması ilə tərtib edilmişdir. Belə ki, qərarın özündə də iş üzrə qaydaların pozulmasının xx.xx.2025-ci il tarixinə təsadüf etdiyi qeyd edilir. Lakin qərarın xx.xx.2025-ci il tarixli ******* nömrəli protokola baxılaraq qəbul edildiyi göstərilir. Göründüyü kimi, protokolun tərtib edilməsi bir gün sonra həyata keçirilmişdir. Bu isə öz-özlüyündə qanunvericiliyin tələblərinin pozulması deməkdir. X6 Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göründüyü kimi AYNA-nın MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının mötəbərliyini ciddi şübhə altına alan amillər kifayət qədərdir. Odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi, “LCG Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verib məhkəmədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 bildirmişdir ki, 13 yanvar 2025-ci il tarixində saat 14:18-də Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində 99- VF-762 dövlət qeydiyyat nişanlı, saat 15:04-də Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində **-NY-*** dövlət qeydiyyat nişanlı və saat 15:26-da Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz" metrostansiyasının qarşısında **-AB-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatların Cəmiyyət tərəfindən “AYNA” informasiya sisteminə ötürülməsini təmin edən mexanizmin yaradılmadığı və fəaliyyət göstərmədiyi aşkar edilmişdir. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə məlumat verilmişdir. İnzibati xəta haqqında işə baxılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 326-2.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs X3 barəsində İXM-in 326-2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 5000 manat cərimə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat inzibati cərimə olunmuşdur. Göstərilənləri nəzərə alınaraq Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Agentliyinin Bakı Regional İdarəsi tərəfindən barəsində 5000 (beş min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-591/2025 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində hüquqi şəxs qismində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, Vəkil tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə – vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. edilir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (bundan sonra - Fərman) 4.27-1-ci bəndinə əsasən həmin Məcəllənin 326-2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 15-1.1-ci maddəsinə əsasən taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, taksi sifarişi operatoru kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti taksi sifarişləri bağlı məlumatların Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin fəaliyyət göstərməsini təmin etməmiş və bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X9 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə X3 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X3 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 nümayəndəsi, “LCG” Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar