Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-904/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin hüquqşünası X4 iştirakı ilə, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışan, ** JC *** dövlət qeydiyyat nişanlı “Hyundai H100” yük markalı nəqliyyat vasitəsini idarə edən X5 xx.xx.2024-cü il tarixdə anbardan yüklənilən və Şirkətə məxsus qida mallarını Binəqədi rayonu, Əcəmi Naxçıvani 6 ünvanında yerləşən “Pizza Mizza" adlı restorana apararkən elə həmin küçədə AYNA əməkdaşları tərəfindən saxlanılmışdır. AYNA əməkdaşları sənədlərinə baxış keçirmiş və yük yerini yoxlamışdır. Daha sonra ondan yükdaşıma fəaliyyəti üçün buraxılış kartını tələb etmişdir. Onlara həmin kartın onda olmadığını, yükün şirkətə aid olduğunu və onun sürücü vəzifəsində işləməyini bildirsə də, barəsində İXM-in 324.4-cü maddəsi ilə ******* nömrəli, 07 iyun 2024-cü il tarixli protokol tərtib edilmişdir. Amma inzibati xəta haqqında qərar ona təqdim edilməmişdir. Protokolun tərtib edilməsinin üzərindən 2 aydan uzun müddət keçdikdən sonra qərarın təqdim edilməsi üçün AYNA-ya ərizə yazmışdır. xx.xx.2024-cü il tarixli ərizəsinə xx.xx.2025-ci il tarixli məktubla, yəni 5 aydan uzun müddət keçəndən sonra cavab vermişlər və qərarı təqdim etmişlər. Məhkəməyə təqdim etdiyi əmək müqaviləsi bildirişindən görünür ki, o, əmək müqaviləsi əsasında şirkətdə sürücü vəzifəsində işləyir. Onunla Şirkət arasında əmək müqaviləsi mövcuddur. "xxxx" MMC hüquqi şəxsdir. Onun mülkiyyətində bir sıra nəqliyyat vasitələri var ki, həmin nəqliyyat vasitələrinin birini də Orxan Hüseynov idarə edir. Halbuki, protokolun tərtib edilməsinin üzərindən 1 ay 2 gün keçəndən sonra qərar qəbul edilməsinə baxmayaraq, AYNA tərəfindən işin faktiki halları araşdırılmadan, yəni onun sözügedən nəqliyyat vasitəsinə və həmin nəqliyyat vasitəsindəki yüklərə aidiyyəti müəyyən olunmadan, onun fərdi sahibkar və ya fiziki şəxs olmağı müəyyən edilmədən barəsində əsassız olaraq protokol tərtib edilməklə, yanlış nəticəyə gəlinib, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, normativ hüquqi aktların məzmunundan görünür ki, bu inzibati xətanın subyekti yalnız hüquqi şəxs və fərdi sahibkarlar (yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilən fiziki şəxslər) ola bilər. O, fərdi sahibkar olmayan fiziki şəxsdir və sadəcə olaraq Şirkətlə bağladığı əmək müqaviləsi əsasında sürücü işləyir. Bununla da AYNA AR İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyektini düzgün müəyyən etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin hüquqşünası X6 yazılı etirazın məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməməsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və şikayətinin təmin olunaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X5 ilə direktor X8 arasında əmək müqaviləsi bağlanmış və X5 "xxxx" MMC-də sürücü-inkassator kimi işə götürülmüşdür. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X5 xx.xx.2024-cü il tarixdə saat 09:35-də idarə etdiyi “Hyundai” minik markalı, **-JC-*** yük maşını ilə Əcəmi Naxçıvanski küçəsində buraxılış kartı olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar edildiyi üçün İXM-nin 324.4-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, "xxxx" MMC hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və şirkətə məxsus olan yüklərin özünə məxsus avtomobillərlə müxtəlif yerlərə çatdırılmasını təmin edir. Bununla əlaqədar X2 kimi işə götürülmüş və “Hyundai H100” markalı **-JC-*** nömrəli nəqliyyat vasitəsinə görə ona etibarnamə verilmişdir. Göründüyü kimi "xxxx" MMC daşınma müqaviləsi və ya digər əsaslarla haqq müqabilində yük daşımalarını həyata keçirmir, o istifadəsində olan yük avtomobili ilə özünə məxsus yükü daşıyan hüquqi şəxsdir. X5 isə əmək müqaviləsi əsasında həmin hüquqi şəxsin işçisidir. Qeyd edilən səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yüklərin şirkətin işçisi X5 tərəfindən idarə edilən “Hyundai H100” markalı avtomobillə daşıması zamanı buraxılış kartı alınmasına ehtiyac yoxdur və həmin məsələyə görə X3 əməllərində Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 324-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti daşıyıcı statusuna məxsus olan şəxslər ola bilər. İndiki halda şəxs əmək müqaviləsi əsasında işlədiyi şəxsin yükünü daşıdığı üçün onun daşıyıcı statusu yoxdur. Azərbaycan Respublikası İXM-in 324.1-ci maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə - vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-904/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-904/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver