Məhkəmə qərarları › İş №3(001)-905/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-905/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-905/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, X2 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, C.Xəndan küçəsində yaşıl işıqda hərəkət etdiyi zaman qırmızı işıqda dayanmış “Toyota Prius” markalı avtomobili onun idarə etdiyi avtomobili vurmuşdur. Həmin hadisəyə görə onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, belə ki, onun tərəfindən hər hansı bir yol hərəkəti qaydası pozulmamışdır, o svetaforun yaşıl işığı yanan zaman hərəkət etmişdir. Bu səbəbdən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən X2 izahat verərək bildirmişdir ki, 10 yanvar 2024-cü il tarixində Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, “Qoşa yanacaq doldurma məntəqəsi” kimi tanınan ərazidə ona məxsus “BMW 328İ” markalı avtomobillə işıqforda yaşıl işıq yanan zaman hərəkət etmək istəyərkən “Toyota Prius” markalı avtomobilin sürücüsü də eyni zamanda hərəkət etməyə başlamışdır. Avtomobili ilə siqnal verməsinə baxmayaraq, sürücü hərəkətini davam etdirmiş, nəticədə qəza şəraiti yaranaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt ərazidə tıxac olduğundan avtomobili yolun qırağına çəkmişdir. Daha sonra hadisə yerinə yol polisi gəlmiş, “Toyota Prius” markalı avtomobilin sürücüsünə və ona məxsus sənədlərin təqdim edilməsini xahiş etmişdir. Bundan sonra barələrində inzibati xəta haqqında protokol tərtib edərək, hadisənin sabahı günü BDYPİ-nin inzibati binasına gəlmələri bildirilmişdir. BDYPİ-nin inzibati binasında “Toyota Prius” markalı avtomobilin sürücüsünün hadisə zamanı təqsirli olmasını bildirsə də, hadisə zamanı hər ikisinin də qəza şəraiti yaratmaları qeyd edilmişdir.Hadisə zamanı həmin avtomobilə yox, ona məxsus avtomobilə zərər dəymişdir. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətinin təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis kapitanı X10 çıxış edərək bildirmişdir ki, 10 yanvar 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Cəfər Xəndan küçəsi, “Qoşa yanacaq doldurma məntəqəsi” kimi tanınan ərazidə yol nəqliyyat hadisəsi baş vermişdir. Sıxlığın çox olması və avtomobillərin hərəkət etməsinin çətinləşməsi səbəbindən həmin ərazidə yol nəqliyyat hadisələrinin baş verməsinə tez-tez rast gəlinir. Məhkəməyə həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi görüntüləri təqdim edərək bildirmişdir ki, görüntülərdən də göründüyü kimi işıqforun yaşıl işığı yanan zaman “Toyota Prius” markalı avtomobilin sürücüsü dönmə etmək istəyir, lakin bu zaman digər avtomobillər hərəkətə gəldiyindən o, yolayrıcının ortasında qalır. “Toyota Prius” markalı avtomobilin sağ tərəfindən “BMW 328İ” markalı avtomobilin sürücüsü hərəkət etməyə başlayır və beləcə yol nəqliyyat hadisəsi baş verir. Daha sonra hər iki sürücüdən sənədlərini təqdim etmələrini xahiş etmiş, izahatlarını alaraq barələrində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin sürücüsünün təqsiri olmuşdur. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 76.5-ci maddəsinə əsasən, hər hansı avtomobilin sürücüsü svetoforun yaşıl işığı yansa belə, yolayrıcında məcburi surətdə dayanmış və hərəkət etmək niyyətində olan nəqliyyat vasitəsinin sürücüsünə yol verməlidir. Həmçinin hər iki sürücüyə dəymiş zərərin 50%-i miqdarı sığorta şirkəti tərəfindən qarşılanmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Qoşa yanacaq doldurma məntəqəsi” kimi tanınan yerdə öz avtomobili ilə hərəkətdə idi. Həmin ərazidə nəqliyyat vasitələri çox olduğundan tıxac yaranmış və o yolayrıcında qalmışdır. İşıqforun yaşıl işığı yanan zaman “BMW” markalı avtomobil həmin yolayrıcına daxil olmuş və bu zaman toqquşma yaranmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Binəqədi Rayon Polis İdarəsi X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/1846 nömrəli protokoldan görünür ki, X5 hadisə zamanı ayıq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/1843 nömrəli protokoldan görünür ki, X7 hadisə zamanı ayıq olmuşdur. xx.xx.2024-cü il tarixli, yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Cəfər Xəndan küçəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü dönmə etmək istəyəndə “Toyota Prius” markalı avtomobilin sağ tərəfindən “BMW 328İ” markalı avtomobilin sürücüsü hərəkət etməyə başlayır və beləcə yol nəqliyyat hadisəsi baş verir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X12” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Binəqədi Rayon Polis İdarəsi X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş disk, eyni zamanda yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, həqiqətən də Cəfər Xəndan küçəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü dönmə etmək istəyəndə “Toyota Prius” markalı avtomobilin sağ tərəfindən “BMW 328İ” markalı avtomobilin sürücüsü hərəkət etməyə başlayır və beləcə yol nəqliyyat hadisəsi baş verir. “X12” Azərbaycan Respublikası Qanununun 76.5-ci maddəsinə əsasən, hər hansı avtomobilin sürücüsü svetoforun yaşıl işığı yansa belə, yolayrıcında məcburi surətdə dayanmış və hərəkət etmək niyyətində olan nəqliyyat vasitəsinin sürücüsünə yol verməlidir. Bununla da, X5 tərəfindən “X12” Azərbaycan Respublikası Qanununun 76.5-ci maddəsinin tələbinin pozulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar