Məhkəmə qərarları › İş №3(001)-9050/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9050/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9050/2025 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə Ştq, Hüsü Hacıyev küçəsi, ev 3A, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 20.000 (iyirmi min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 10811,6 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-dən müvafiq malların ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılmasına dair təkrar məlumat daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X2 protokola etiraz edərək bildirdi ki, 10811,6 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar tezliklə ölkəyə daxil olacaq. Həmin mallarla bağlı artıq tərəflərindən gömrük orqanına qısa idxal bəyannaməsi də təqdim edilmişdir. Odur ki, hüquqi şəxs tərəfindən hər hansı inzibati xəta törədilmiş hesab oluna bilməz. Xəta o vaxt törədilmiş olardı ki, hüquqi şəxs tərəfindən xaricə köçürülmüş vəsait hesabı ilə bağlı hər hansı hərəkət edilmiş olmazdı. Hazırki iş üzrə isə belə hal baş verməmiş, vəsait hesabına mallar alınmışdır. Göstərilənlərə əsasən iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs 20.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 20.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsaitdən 10.811,6 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs tərəfindən təqdim edilmiş **********1916 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, İran İslam Respublikasından Şəxs ünvanına ümumi invoys dəyəri 17462,64 ABŞ dolları məbləğində olan yük göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə müəyyən edir ki, hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan 20.000 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti qabaqcadan ödəniş formasında Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Lakin ödənişin aparıldığı tarixdən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsaitin 10.811,6 ABŞ dolları hissəsi üzrə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən hər hansı sənəd banka təqdim edilməmiş, habelə qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə hüquqi şəxsin müdafiə mövqeyi ilə razılaşmır. Birincisi ona görə ki, qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Lakin hüquqi şəxs tərəfindən bildirildiyi kimi, malların hazırda “yolda olması” bu tələbin yerinə yetirildiyini göstərmir və inzibati məsuliyyətdən azad etmir. Məhkəmə onu da nəzərə alır ki, hüquqi şəxs tərəfindən təqdim edilmiş qısa idxal bəyannaməsi malların ölkəyə faktiki idxalını deyil, yalnız idxalı gözlənilən mallar barədə əvvəlcədən verilən məlumat xarakteri daşıyan prosessual sənəddir və valyuta öhdəliyinin icrasını sübut etmir. Hərçənd məhkəmə hüquqi şəxslə bir məqamda razılığa gəlir ki, mübahisəli məbləğ hesabına alınmış mallar gələcəkdə ölkəyə daxil ola bilər, lakin bu hal da inzibati məsuliyyəti istisna etmir. Çünki burada həlledici məqam ondan ibarətdir ki, qanunla müəyyən edilmiş müddət artıq başa çatmışdır və həmin mallar bu müddət ərzində ölkəyə daxil olmalı idi. Bu kontekstdə məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta formal tərkiblidir və bu maddə üzrə inzibati məsuliyyətin yaranması üçün malların ümumiyyətlə alınıb-alınmaması həlledici əhəmiyyət daşımır. Hüquqi əhəmiyyət kəsb edən hal qanunla müəyyən edilmiş müddət ərzində qabaqcadan ödənilmiş valyuta vəsaitinin müqabilində malların ölkəyə faktiki idxal edilməməsi və ya həmin vəsaitin geri qaytarılmamasıdır. Belə olan halda, sonradan malların ölkəyə gətiriləcəyi ehtimalı və ya bu istiqamətdə görülmüş tədbirlər artıq baş vermiş müddət pozuntusunu və bununla bağlı yaranmış inzibati məsuliyyəti aradan qaldırmır. Belə olan halda, 10.811,6 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların iki ildən artıq müddət keçməsinə baxmayaraq ölkəyə daxil olmaması, eyni zamanda həmin məbləğin 10.000 ABŞ dolları ekvivalentindən artıq olması inzibati məsuliyyətin tətbiqi üçün qanuni əsas yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində - 2162,32 ABŞ dolları məbləğində (məzənnə üzrə 3675,94 AZN) cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar