Məhkəmə qərarları › İş №3(001)-9054/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9054/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9054/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 bildirmişdir ki, 08 dekabr 2025-ci il tarixdə Şəxs 102 xidmətinə şikayət edərək oğurluq hadisəsi olduğunu bildirmişdir. Daha sonra məlum olmuşdur ki, evdən əşyaları aparan qaynatası olmuşdur. Ailə mübahisəsi yaranmışdır aralarında. Bundan sonra şəxs şöbəyə dəvət edilmiş və hərəkətləri şübhə doğurduğundan müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etmə halı aşkar edilmişdir. Bundan sonra Şəxs izahatı alınmış və barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:50-də tutulmuşdur.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatın bildirmişdir ki, evdə olmadığı zaman qayınatasıgil onun əşyalarını yaşadığı evdən çıxarmışlar. O da əsəbiləşib polisə şikayət edərək evən oğurluq olmasını bildirmişdir. Bundan sonra polislər onu müayinəyə aparmış narkotik vasitələrin istifadəçisi kimi barəsində protokol tərtib etmişlər. O, narkotik vasitələrin istifadəçisi deyildir. Marixuanadan istifadə etməsi deyilsə də, o, marixuanadan istifadə etməmişdir. İzahatında da bu barədə qeyd etmişdir. O, psixi pozuntusu olan və buna görə müalicə olunan qardaşının istifadə etdiyi əsəb dərmandan istifadə etmişdir. Arabir belə gərginlik olanda, əsəbiləşəndə qardaşının dərmanlarından istifadə edir. Qardaşının istifadə etdiyi dərmanlarının əsəb dərmanı olduğunu da polisə bildirmişdir. İki övladı olduğunu, qızının Xarici Dillər Universitetində tələbə olduğunu, oğlunun isə hərbi xidmətdə olduğunu bildirən Bəhruz Əhədəov məhkəmədən qeyd olunanları nəzərə alıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. xx.xx.2025-ci il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2025-ci il tarixdə saat 04:50-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 7649 nömrəli Ambulator X1 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən MET(+) adlı maddə aşkar edilmiş, həmçinin Şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür.

6. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında narkotik tərkibli adını bilmədiyi dərmandan istifadə etməklə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması

7. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından sonuncu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılmış araşdırma zamanı ziddiyyətli hallara yol verilmiş və məhkəmədə sonuncunun həmin hərəkəti öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında narkotik tərkibli adını bilmədiyi dərmandan istifadə etməsi qeyd olunsa da, alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 7649 nömrəli Ambulator X1 rəyində yoxlama zamanı Şəxs götürülmüş nümunədən MET(+) adlı maddənin aşkar edilməsi, müayinə zamanı Şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə hallarının olması, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müəlicəyə ehtiyacının olmaması, lakin ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülməsi göstərilmişdir. Həmçinin məhkəmə iclasında Şəxs natkotik vasitələrdən istifadə etmədiyini, psixi xəstəliyi olan qardaşının əsəb dərmanlarından istifadə etdiyini və həmin dərmanı əsəbiləşdiyi üçün qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında isə protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 izahatında Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsini bildirsə də, alınmış rəy ilə onda kannabinoidlərdən istifadə etmə halının olması müəyyən edilmişdir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin X5 vasitələrin və psixotrop maddələrin krimilaistik tədqiqat metodikaları haqqında 2019-cu il tarixli qərar ilə müəyyən edilir ki, marixuana - kannabis bitkisin yuxarı hissələrinin yarpaq və çiçəklər ilə birlikdə (toxumlar istisna olmaqla) müxtəlif dərəcədə xırdalanmış hissələrindən ibarət olan narkotik vasitədir. Əsas narkotik aktivliyə malik psixoaktiv komponent THC bitkinin çiçəkləyən yuxarı hissələrində çox toplanır. Metamfetamin isə amfetamin törəməsidir. Metamfetamin asılılq vəziyyətinin yaranmasında yüksək potensiala malikdir. Həmçinin qeyd edilməlidir ki, Narkotest üzrə 10 parametr müəyyən edilmişdir ki, həmin göstəricilər “Amfetaminlər (AMP)”, “Kokain (COC)”, “Kanabinoidlər (THC)”, “Metamfetaminlər (MET)”, “Opiatlar (OPİ)”, “Fensiklidin (PCP)”, “Benzodiazepinlər (BZO)”, “Trisiklik antidepressantlar (TCA)”, “Barbituratlar (BAR)” və Metadon (MTD)” olaraq müəyyən edilir. Göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixli, 7649 nömrəli rəydə göstərilən maddəni qəbul etməsi öz təsdiqini tapsa da, onda THC(+) deyil, MET(+) adlı maddənin tapılması, eləcə də iş üzrə məhkəmə iclasında aşkar edilmiş ziddiyyətli hallar barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə onun həmin maddə ilə nəzərdə tutulmuş əməlini təkzib etmək üçün yetərlidir.

10. Bundan başqa məhkəmə bildirmək istəyir ki, İXM-in 206-cı maddəsi ilə təqsirləndirilən şəxs o vaxt məsuliyyətə cəlb edilir ki, o, bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş olsun. İXM-in 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 206-cı maddəsinə görə məsuliyyət ancaq təqsirin qəsd formasında həyata keçirilərsə yaranır. İXM-in 13-cü maddəsinə görə İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.

11. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-in 206-cı maddəsinin tərkib əlamətlərini müəyyən etmədiyindən və həmin inzibati xətaya dair aparılmış araşdırma zamanı ziddiyyətli hallara yol verilməsi ilə yanaşı, qeyd olunan inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək heç bir tutarlı dəlilə istinad edilməmiş və buna dair məhkəməyə əlavə heç bir sübut təqdim olunmamışdır.

12. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində aparılmış inzibati xəta haqqında iş üzrə sonuncunun əməlində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini əsaslı hesab etmişdir.

13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

14. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

15. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

16. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edildir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar