Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-909/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs təsisçisi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il saat 10:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, BP yanacaq doldurma məntəqəsinin yanında firma Şəxsnə məxsus yük daşınmasını yerinə yetirən “Mersedes” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reys qabağı yoxlanılmış nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir.
2. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nin səlahiyyətli nümayəndəsi olan X4 bildirmişdir ki, Şəxsnə məxsus olan yük daşınmasını yerinə yetirən “Mersedes” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reysqabağı yoxlanışın keçirildiyini nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinədən keçmədiyi aşkar olunmuşdur.
3. Məhkəmə iclasında Şəxs təsisçisi X6 bildirmişdir ki, sözügedən MMC daşıyıcı deyildir. Onlar məhsulların çatdırılması ilə bağlı hər hansı vəsait tələb etmirlər, şirkətlərinin balansında olan nəqliyyat vasitəsi ilə müştərilərinə sifariş olunan malları çatdırırlar. Həmçinin bunu da qeyd etmişdir ki, sürücünü tibbi müayinə edib göndərsələr belə o, yolda alkoqol vasitə qəbul edə bilər. Sürücülərin hər gün tibbi müayinədən keçirilmələri absurddur. Nəqliyyat vasitələrinə texniki baxış isə ildə bir dəfə keçirilir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxs icraçı direktoru X5 bildirmişdir ki, onlar yanğınsöndürmə balonlarının dolumu və satışı ilə məşğuldurlar. Hansısa müştəridə 1-2 mal çatışmadıqda yaxud anbarlardan birində məhsul olmayanda digər anbarlardan ora mal aparırlar. İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin əsası odur ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcılar, burada xüsusilə daşıyıcılar hissəsini vurğulamaq lazımdır, həmin reys qabağı yoxlanmaları həyata keçirməlidirlər. Bundan əlavə Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda, 1-ci maddənin 0.9-cu bəndində, daşıyıcının nə olduğunun açıqlanması verilmişdir. Bildirilir ki, daşıyıcı dedikdə daşınma müqaviləsi və digər hüquqi əsaslarla haqq müqabilində sərnişin və yükdaşınmalarını yerinə yetirən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxslər başa düşülür. Bizim şirkət isə, haqq müqabilində heç bir yükdaşınma həyata keçirməmişdir, şirkətin maşını öz şəxsi maşınımızdır və o bizim mallarımızı öz anbarlarımız arasında daşıyır. Bizə o zaman deyilə bilər ki, reys qabağı müayinədən keç, sürücü gedib hansısa müştərinin malını aparsın, onun qarşılığında pul alsın, hansısa yak daşıma şirkətləri kimi. Ona görə də hesab edirik ki, bu maddə bizə deyil ödənişli əsaslarla daşıma həyata keçirən daşıyıcılara şamil edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
5. xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, firma Şəxsnə məxsus yük daşınmasını yerinə yetirən “Mersedes” markalı **- JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reyestr qabağı yoxlanılmış nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir.
6. xx.xx.2025-ci il tarixli, saat 10:15 radələrində tərtib olunmuş avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il tarixli, saat 10:15 radələrində Bakı şəhər, Binəqədi rayonu, Binəqədi şosesi, BP yanacaq doldurma məntəqəsinin qarşısında firma Şəxs (VÖEN №**********) mülkiyyətində olan mersedes markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 Azərbaycan Respublikasının NK-nin 2009-cu il 24 aprel tarixli 71№ qərarı ilə təstiq edilmiş avtomobil nəqliyyatı yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərini pozulduğu aşkar edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Beləliklə, məhkəmə iş materiallarını və hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin verdiyi ifadələri araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, sürücünün tibbi müayinədən keçirilməməsi hüquqi şəxsin səlahiyyətli nümayəndələri tərəfindən də təsdiqlənir. Lakin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi bu maddənin ödənişli əsaslarla xidmət göstərən daşıyıcılara şamil olunması iddiası ilə protokolun düzgün tərtib edilməməsi qənaətindədir. Lakin məhkəmə bildirir ki, nümayəndə fikrini Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunun 1.09-cu maddəsinə istinad edərək əsaslandırsa da gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, daşıyıcı dedikdə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Sahibkar daşıdığı mala görə ayrıca haqq almasa da o bu daşımanı malın satışı üçün həyata keçirir və bu satışdan təbii ki gəlir əldə edir. Belə olduqda bu formada fəaliyyət həyata keçirən hüquqi şəxslər əldə edəcəyi gəliri hesablayaraq yükdaşımadan əlavə haqq tələb etmirlər. Əgər hüquqi şəxs yükdaşımadan haqq almadığına görə ziyana düşsəydi yəqin ki, xidməti bu formada qətiyyən həyata keçirməzdi. Digər bir tərəfdən məhkəmə qeyd etmək istəyir ki, İXM-in 326-cı maddəsi yolda təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi qaydada haqq müqabilində olub-olmamasını fərqini qoymadan sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə tənbeh etməni nəzərdə tutur. Bundan başqa məhkəmə bildirir ki, haqq müqabilində və ödənişsiz əsası ilə ayrıayrı normalar İXM-də nəzərdə tutulmadığından İXM-in 326-cı maddəsi ilə bütün sərnişin və yükdaşımalara aid münasibətləri tənzimləməklə bu xidmətləri həyata keçirənlər üzərində ümumi qaydada öhdəlik müəyyənləşdirilir. Məhkəmə nümayəndənin öz anbarları arasında yükdaşıma ehtimalına isə münasibətdə onu qeyd etmək istəyir ki, Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunda da göstərildiyi kimi bu o zaman mümkün olardı ki, o eyni inzibati binanın ərazisində (həyətində) avtomobil yollarına çıxmadan həmin fəaliyyəti həyata keçirmiş olsun.
8. Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli № 71 nömrəli Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi haqqında qərarının 2.2. bəndi (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təmin edilməsi) və 3.2.-ci bəndi (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrinin təmin edilməsi) ilə bağlı olan tələbləri pozulmuşdur.
9. İXM-in 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
10. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.
11. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi.
12. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
13. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
15. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
16. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
17. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova