Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9099/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, qərarla razı deyil, çünki qərarda inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixi olduğu göstərilməsinə baxmayaraq, qərar xx.xx.2025-ci il tarixində çıxarılmışdır və qüvvəyə minmişdir. Bu isə AR İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi ilə qadağan edilir və inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürülməlidir. Buna görə də bu hal şəffaflığın pozulmasının göstəricisidir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:50:29 da “X5 minik” markalı, 77PR978 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X2 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1- 1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verənin mövqeyini haqlı hesab edir və qeyd edir ki, inzibati xəta xx.xx.2025-ci il tarixdə qeydə alınsa da, elektron qərar yalnız xx.xx.2025-ci il tarixdə – yəni 1 ay 22 gün sonra çıxarılmışdır. Halbuki, İXM-in 122.1-ci maddəsi 346.4cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, həmin vasitələrin məlumatları real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülməsini və inzibati tənbeh haqqında elektron qərarın da xətanın törədildiyi anda real vaxt rejimində dərhal çıxarılmasını tələb edir. “Real vaxt rejimi” normativ olaraq məlumatın daxil olduğu andaca qərarın formalaşdırılması zərurətini nəzərdə tutur və bu mexanizm inzibati icraatın avtomatlaşdırılmış, subyektiv müdaxilədən kənar şəkildə aparılması məqsədi daşıyır. Göründüyü kimi inzibati tənbeh haqqında qərarın xx.xx.2025-ci il tarixdə çıxarılması İXM-in 122.1-ci maddəsində təsbit olunmuş “real vaxt rejimi” tələbi ilə uzlaşmır. Qərarın 1 ay 22 gün gecikmə ilə çıxarılması bu tələbin kobud şəkildə pozulduğunu, inzibati icraatın avtomatlaşdırılmış xarakterinin təmin edilmədiyini və qərarın çıxarılması prosesinin qanunvericilikdə nəzərdə tutulmuş texniki-prosessual ardıcıllıqdan kənara çıxdığını göstərir. Belə olan halda da, yəni inzibati xətanın qeydə alınması ilə elektron qərarın çıxarılması arasında belə bir vaxt fasiləsinin yaranması, icraatın tələb etdiyi ani və kəsintisiz əlaqəni pozduğundan, qəbul edilmiş qərarın qanunauyğun formada çıxarılmasını söyləməyə əsas vermir. Bu pozuntu qərarın hüquqi qüvvəsinə dair ciddi şübhələr yaradır. Məhkəmə həmçinin onu da nəzərə alır ki, inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və aşkar edilmiş uyğunsuzluq barədə məntiqli izahat verməmişdir. Bu hal inzibati xəta faktını ciddi şəkildə şübhə altına alır. İXM-in 8.3-cü maddəsinə görə bütün şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, inzibati xəta hadisəsi sübuta yetirilmədiyindən, İXM-in 53.1.1-ci maddəsinə əsasən icraata xitam verilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, inzibati xəta hadisəsinin baş verməsi inandırıcı və qəti sübutlarla təsdiq olunmadığından, xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xətanın mövcud olmaması səbəbilə icraata xitam verilməsi hüquqi zərurətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31540856 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-9099/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9099/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver