Məhkəmə qərarları › İş №3(001)-910/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-910/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-910/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “Endi market” adlı obyektin üzərində müvafiq icazə, olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Ona görə də vəzifəli şəxs Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “Endi market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə qeyd edilən ünvanda yerləşən “Endi market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmiş və idarənin müfəttişi tərəfindən akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs müvafiq qanun pozuntusunu aradan qaldırılması barədə icrası məcburi göstəriş və tərtib edilmiş aktın surəti göndərilmişdir. Lakin Şəxs müvafiq dövlət rüsumunu və yayım haqqını ödəmədiyi üçün barəsində xx.xx.2025-ci il tarixdə İXM-in 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, tərəfindən İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən, ona məxsus olan “Endi market” adlı obyektin üzərində reklam yerləşdirilməsi ilə bağlı 2024-cü ildə Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinə müraciət etmiş, bununla bağlı müvafiq icazə alaraq dövlət rüsumunu və yayım haqqını ödəmişdir. xx.xx.2025-ci il tarixdə X4 nümayəndəsi tərəfindən “Endi market” adlı obyektin üzərində icazəsiz reklam yerləşdirilməsi ilə bağlı akt tərtib edilmiş, həmçinin icrası məcburi olan göstəriş verilmişdir. Həmin göstərişdə 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı müvafiq icazə alması və ya reklam yayımını dayandırması bildirilmişdir. 2024-cü il tarixdə reklam yerləşdirilməsinə görə aldığı icazənin müddəti bitmədiyindən o, göstərişi aldıqdan sonra reklamı çıxarmamışdır. xx.xx.2025-ci il tarixdə o, obyektin üzərində yerləşdirilmiş reklama görə icazənin müddətinin uzadılması üçün o, dövlət rüsumunu və yayım haqqını ödəmişdir. O, yayım haqqının ödənişini ödəyib qəbz əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almışdır. xx.xx.2025-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Endi market” adlı obyektin üzərində müvafiq icazə alınmadan reklam yerləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli göstərişdən və qəbzin surətindən görünür ki, həmin göstəriş Şəxs xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən , ünvan 1 ünvanında yerləşən “Endi market” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən 168.69 manat yayım haqqının ödənişi Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi bank hesabına ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “Endi market” adlı obyektin üzərində reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinə müraciət olunmuş, reklam yerləşdirilməsinə görə dövlət rüsumu və yayım haqqı ödənilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı dövlət rüsumu və yayım haqqının Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin bank hesabına ödənilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2.-3-cü bəndinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin qanunun 35.3-cü bəndinə görə açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” qaydasının 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin qaydanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin qaydanın 3.5 və 3.5.1-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar