Məhkəmə qərarları › İş №3(001)-912/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-912/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-912/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1 və 206-cı maddələri ilə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunda “Chevralet” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Bakı Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman avtomobilin sürücüsü Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Yoxlama zamanı sürücü Şəxs sürücülük hüququnun məhdudlaşdırıldığı məlum olmuşdur. Daha sonra sürücü Şəxs narkotik və psixotrop maddələrdən istifadə etməsinə şübhə yarandığı üçün müayinə olunması üçün Sumqayıt şəhər narkoloji dispanserə aparılmış və müayinə zamanı sonuncunun narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Həmçinin sürücü Şəxs izahatı alınan zaman narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 535.1 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Nizami Qasımova verilmiş suallara cavab olaraq Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsinin konkret olaraq nədə ifadə edilməsini bilmədiyini, ona təqdim edilmiş raportda qanuni tələblərə əməl edilmədiyi göstərildiyi üçün İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etdiyini, tebesizlik göstərməsi ilə əlaqədar hər hansı video görüntü olmadığını, qeyd edilən raportu tərtib etmiş şəxsin izahatını almadığını, şəxsin xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Ekoloji nəzarət üzrə YPX əməkdaşları tərəfindən saxlanıldığını, şəxsin Binəqədi Rayon Polis İdarəsinə Bakı Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX-nin inspektoru Fəxri Heydərov tərəfindən təhvil verildiyini, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsində saxlandığını, tutma protokolunun xx.xx.2023-cü il tarixdə tərtib etdiyini, şəxsin tutma saatının 23:10 olduğunu, şəxsin birbaşa Binəqədi Rayon Polis İdarəsindən Binəqədi Rayon Məhkəmisinə gətirildiyini bildirmiş, tutma protokolunda şəxsin azad edilmə tarixinin xx.xx.2023-cü il, saat 15:00 göstərilməsini heç nə ilə əsaslandıra bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə özünə məxsus “Chevralet” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Ekologiya Postu kimi tanınan postun YPX əməkdaşlarının ona saxla işarəsi verdiyini, onun da həmin saxla əmrinə tabe olaraq avtomobili yolun kənarında saxladığını, Polis əməkdaşlarının ondan avtomobilin sənədlərini istədiyini, onlara avtomobilin texniki pasportunu təqdim etdiyini, ondan sürücülük vəsiqəsini istədikdə isə sürücülük vəsiqəsinin məhkəmə qərarı əsasında 6 ay müddətinə məhdudiyyət qoyulduğunu və hazırda məhdiyyətin vaxtının bitdiyini, yaxın günlərdə sürücülük vəsiqəsini bərpa edəcəyini bildirdiyini, sürücülük vəsiqəsinin özündə olmadığı üçün təqdim edə bilmədiyini, bundan sonra polis əməkdaşı ona sərxoş olduğundan şübhələndiklərini deyərək onunla birlikdə müayinə olunmağı üçün Sumqayıt narkoloji dispanserə getməyi tələb etdiklərini, deyilənlərlə razılaşaraq, polis əməkdaşı ilə birlikdə Sumqayıt şəhər narkoloji dispanserinə getdiyini, polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyini, polis əməkdaşı heç bir kömək çağırmadan tək özü xidməti maşını ilə onu narkoloji dispanserə apardığını, orda ondan sidik nümunəsi götürüldüyünü, xx.xx.2023-cü il tarixdə Xırdalan dairəsində narkotik vasitə istifadə etdiyini etiraf etdiyini, müayinənin nəticəsində də sidiyində narkotik vasitə aşkar edildiyinin göstərildiyini bildirərək bir daha polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyini, onun göstərişlərinə tabe olduğunu, onunla birlikdə heç bir irad bildirmədən dediyi narkolji dispanserə getdiyini qeyd etmiş, narkotik vasitə istifadə etdiyi üçün əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitə istifadə etməyəcəyini, bu səbəbdən də məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AZA seriyalı 007289 saylı Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, barəsində icraat aparılan şəxs ŞəxsM– in üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, o üzərində axtarış aparılmasına heç bir etiraz etməmiş, protokol tərtib olunarkən də heç bir iradı olmamışdır. xx.xx.2023-cü il tarixli AZA seriyalı 015843 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, onun qeyd edilən inzibati xətanı törətməsi öz izahatı və tərtib edilmiş raportla təsdiq edilir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, onun qeyd edilən inzibati xəta törətməsi öz izahatı və xx.xx.2023-cü il tarixli aktla təsdiq edilir. xx.xx.2023-cü il tarixli Bakı Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX-nin inspektoru Fəxri Heydərovun raportundan görünür ki, xx.xx.2023-cu il tarixdə Bakı-Quba yolunda xidmətdə olan zaman Chevralet markalı **-PV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomaşının sürücüsü xx.xx.1993-cü il təvəllüdlü Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, saxlanılan zaman həmin maşının sürücüsü onun qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmiş, yoxlama zamanı sürücünün sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğu müəyyən edilmiş, daha sonra sürücünün Sumqayıt şəhər narkoloji dispanserdə müayinə zamanı narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli 1253 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin tarixdə, saat 19:55-də müayinədən keçmiş, müayinə zamanı alkoqol sərxoşluğu vəziyyətinin olmadığı, sidiyindən götürülmüş nümunə ekspres test üsulu ilə yoxlanılmış, amfetamin və opit qrupu qəbul etmə faktı aşkarlanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol əsassız, həmin məcəllənin 206-cı maddəsi ilə olan inzinbati protokol isə düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:30 radələrində özünə məxsus “Chevralet” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunda hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən ona saxla işarəsi verilmiş, o sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, polis əməkdaşı tərəfindən narkoloji dinspanserdə müayinədən keçirilmiş, onun sərxoşluğu müəyyən edilməsə də, götürülmüş sidik müayinəsindən sidiyində narkotik maddə hesab edilən amfetamin və opit qrupu qəbul etmə faktı aşkarlanmış, onun barəsində tərtib edilmiş protokollar zamanı hər hansı iradını bildirməmiş, polis əməkdaşının göstərişlərini icra etmiş, polis əməkdaşı tərəfindən faktiki olaraq xx.xx.2023cü il tarixdə, saat 19:50-də narkoloji müəyinədən keçirilmiş, barəsində tərtib edilmiş protokollara baxılması üçün Binəqədi Rayon Məhkəməsinə polis əməkdşalarının müşayəti ilə gətirilmiş, barəsində protokollar tərtib edilərkən və tutularkən heç bir irad bildirməmiş, məhkəmə iclası zamanı da xx.xx.2023-cü il tarixdə narkotik vasitə qəbul etdiyini etiraf etmiş, polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Məhkəmə ilk öncə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək hər hansı video göürüntü və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən protokolda şəxsin İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinin özünün izahatı və tərtib edilmiş raportla təsdiq edildiyi göstərilmiş, lakin şəxsin izahatında polis əməkdşının qanuni tələblərinə əməl etdiyini, tabesizlik göstərmədiyini bildirmişdir. Şəxsin İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsin yalnız xx.xx.2023-cü il tarixli Bakı Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX-nin inspektoru Fəxri Heydərovun raportudur. Lakin Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilərəkən raportu təqdim etmiş Fəxri Heydərovun izahatı alınmamış, Şəxs tabesizliyinin nə olduğu araşdırılmamış, sadəcə ümumi cümlələrlə qanuni tələbə tabe olmayaraq tabesizlik göstərildiyi qeyd edilmişdir. Halbu ki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı halda Ekoloji nəzarət üzrə YPX-nin inspektoru Fəxri Heydərovun raportundan başqa Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və yalnız şəxsin tabesizliyinin nə olduğu göstərilməyən raporta əsasən şəxsin İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmək mümkün deyildir. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından və onun təqsiri sübut edilmədiyindən həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etiraf edici izahatı və xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1253 saylı aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin narkotik vasitə istifadə etməsini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İnzibati qaydada tutma haqqında protokolda şəxsin tutulma vaxtı xx.xx.2023-cü il saat 23:00, azad edilmə tarixi isə xx.xx.2023-cü il saat 15:00 göstərilsə də, şəxsin faktiki olaraq azadlığ xx.xx.2023-cü il tarixdə, saat 19:30-dan məhdudlaşdırılmış, o polis əməkdaşı tərəfindən Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, daha sonra da polis əməkdaşının müşayəti ilə Binəqədi Rayon Polis İdarəsinə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da faktiki olaraq azad edilməmiş, məhkəmə icilasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmiş, ona görə məhkəmə şəxsin məhkəmə baxışına qədər həbsdə qalmasını nəzərə alaraq cərimə cəzası İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməli və o dərhal məhkəmə icilas zalından həbsdən azad etməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə təqtbiq edilsin. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXMin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Şəxs dərhal məhkəmə icilası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar