Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9157/2025 24.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (BBGİ) tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, 00100/02408/25/1 nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: BBGİ tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.4-cü maddəsi ilə 06 oktyabr 2025-ci il tarixli, 00100/02408/25/1 nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, İXM-nin 275.4-cü maddəsi üzrə məsuliyyət qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə yaranır. MMC barəsində tərtib olunmuş hazırki “inzibati xəta haqqında” protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına 61K10772/61K10771” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunda daxil olmuş və **********0898 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci və 3-cü mal mövqelərində və **********0806 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən malların “X1 haqqında” 8 iyun 1999-cu il tarixli, 678İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşməsi şübhəsi yaranmışdır. Araşdırmanın nəticəsi olaraq POW**********632 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 4cü və 5-ci mövqeləri üzrə **********0898 soğru nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyində və OZT**********027 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 1-ci, 2-ci və 3cü mövqeləri üzrə **********0806 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mövqeyində bəyan edilmiş malların “X1 haqqında” Qanunun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 protokola dair etirazını yazılı şəkildə məhkəməyə təqdim etmiş, etirazda göstərmişdir ki, “X2.ve Tic.Ltd.Şti.” tərəfindən xx.xx.2025-ci il tarixli, ********* nömrəli invoysla Şəxs MMC-yə dəyəri 14749,3 ABŞ dolları olan, çəkisi 3820 kq. plastmas (PET) qida konteynerləri, “X4 San.A.Ş” tərəfindən xx.xx.2025-ci iil tarixli, **********027 nömrəli invoysla 19396 ABŞ dollraı dəyərində, 7367,7 kq. platik (PET) qida konteynerləri və OOO “Multi-Pak” tərəfindən xx.xx.2025-ci il tarixli qaimə ilə dəyəri 3.361.923,94 rubl olan 8145 kq. “qida qablaşdırılması üçün məhsul” adlı qablaşdırma məmulatları üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri və mallara aid bütün sənədlər BBGİ-nin Rəsmiləşdirmə Mərkəzi tərəfindən dəfələrlə yoxlanılmış, lakin gömrük qanunvericiliyinə dair hər hansı pozuntu aşkar edilməmişdir. Tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokolda göstərilmişdir ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı "xxxx" MMC-nin POW**********632 nömrəli, xx.xx.2025-ci il tarixli invoysun 1-ci, 2-ci, 4-cü və 5-ci mövqeləri üzrə sorğu gömrük bəyannaməsinin mal mövqeləri üzrə **********0898 nömrəli sorğu gömrük bəyannaməsinin 1-ci və 3-cü mal mövqeləri üzrə, xx.xx.2025-ci il tarixli, **********027 nömrəli invoysun 1-ci, 2-ci və 3-cü mal mövqeləri üzrə **********0806 nömrəli sorğu gömrük bəyannaməsinin 1-ci mövqeyində bəyan edilmiş malların birdəfəlik istifadəsi üçün nəzərdə tutulub-tutulmaması, tərkibinin plastik olub-olmaması və “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsində sadalanan plastik məmulatların hansı növünə aid olması barədə rəy verilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Nazirlik tərəfindən xx.xx.2025-ci il tarixli cavabda göstərilmişdir ki, bəyan olunan malların texniki sənədləri təqdim olunduğu təqdirdə bu sözügedən malların əhatə dairəsinə aid olub-olmadığının bildirilməsi qeyd olunmuşdur. Beləliklə də, BBGİ öz səlahiyyətini aşaraq Elologiya və Təbii Sərvətlər Nazirliyini öz qanunsuz fəaliyyətinə cəlb etməyə çalışmışdır. Halbuki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir ki, gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 82.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz. BBGİ tərəfindən bildirilmişdir ki, “X1 haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahiblarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarıti, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunmuşdur. Əslində isə qəbul olunmuş qərarlara və qaydalara əsasən əsasən yalnız plastik polimer olan polistiroldan (PS) hazırlanan stəkanlar qadağan edilmişdir. Polietilentereftalatdan (PET) hazırlanmış stəkanlar isə qadağan edilməmişdir. Bu stəkanlar üçün Avropa İttifaqındakı ölkələr həmin məhsulun xammaddəsi təkrar emal olunmuş olarsa əlavə hər-hansı gömrük və vergi ödənişləri cəlb edilmədən idxal etmək mümkündür. BBGİ-nin vəzifəli şəxsləri qanunun əsl mahiyyətini və tətbiqinə diar qanunvericilik aktlarını düzgün qiymətləndirmək əvəzinə formal qadağalar tətbiq etmişlər. Belə ki, həmin mallar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmür və bu qadağaların tətbiqi qanunsuz və əsassızdır. Şəxs MMC tərəfindən uzun müddətdir ki, “X2.ve Tic.Ltd.Şti.2, “X4 San.A.Ş” şirkətlərindən mallar idxa olunur və həmin mallar dəfələrlə BBGİ tərəfindən satışa buraxılmışdır. Eyni zamanda, “095 400 CC Food Container” adı ilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə BBGİ-nin laboratoriyasında yoxlanılmış və həmin laboratoriya tərəfindən verilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur ki, bu mallar mülki dövriyyəsi məhdudlaşdırılmış və ya mülki dövriyyədən çıxarılmış əşyalardan deyillər. Hazırki halda gömrük orqanı qanunla müəyyən edilmiş qaydada malların gömrük rəsmiləşdirilməsinin aparılmasını təmin etməmiş, qanunla müəyyən olunmuş qərar qəbul etməmişdir. Sonda inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Nümayəndə2 yazılı etirazında göstərilənlərə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə1 protokolda göstərilənlərə uyğun izahat verərək, MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - **********898 və **********806 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin ünvanına plastik birdəfəlik sos və yemək qabları göndərilmişdir; - 14 iyul 2025-ci il tarixli, 121 S/2025 nömrəli aktdan görünür ki, “X6 Cup” adlı (50000 ədəd) – 50 qutu 200 cc.; tutumu 200 ml. olan, üzərində qida məhsulları ilə təmasa yararlı, həmçinin PET əsaslı plastmasdan hazırlanmasını göstərən markalanması olan 106 qutu; tutumu 300 ml. olan, üzərində qida məhsulları ilə təmasa yararlı, həmçinin PET əsaslı plastmasdan hazırlanmasını göstərən markalanması olan 389 qutu; tutumu 400 ml.olan, üzərində qida məhsulları ilə təmasa yararlı, həmçinin PET əsaslı plastmasdan hazırlanmasını göstərən markalanması olan 275 qutu; tutumu 500 ml. olan qida məhsullarının (meyvələrin) nəqli və qablaşdırılması üçün birdəfəlik qablar və onların qapaqları Oz 500 cc Food Container (100000 ədəd) – 99 qutu qapaq; X7 Tub and Transparent Lid (30000 ədəd) – 60 qutu; Tutumu 500 ml. Olan qida məhsullarının (meyvələrin) nəqli və qablaşdırılması üçün birdəfəlik qablar və onların qapaqları Oz 500 cc Food Container (100000 ədəd) – 198 qutu qab “Azərterminalkompleks” Birliyinin saxlanc anbarına qəbul edilmişdir; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Şəxs tərəfindən bəyan edilmiş malların texniki sənədləri təqdim olunduğu təqdirdə həmin malların “X1 haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid olubolmadığını bildirmək olar; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 03 oktyabr 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ...yükün “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi Ekspertiza İdarəsinin funksional baxımdan səlahiyyətlərinə aid deyildir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X5 tərəfindən Şəxs MMC-nin müraciəti əsasında verilmiş 07 aprel 2025-ci il tarixli gigiyenik sertifikatdan görünür ki, Türkiyə Respublikasının “X4 San. A.Ş”-dən idxal edilmiş ərzaq məhsullarının qablaşması üçün plastik qapaqlı qablar təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş, 33-24, 34-24, 26-24, 27-24 və 31-24 saylı SK/SL- T-nin tələblərinə cavab verir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X5 tərəfindən Şəxs MMC-nin müraciəti əsasında verilmiş 04 sentyabr 2025-ci il tarixli gigiyenik sertifikatdan görünür ki, Türkiyə Respublikasının “X3. Tic. Ltd. Şti”-dən idxal edilmiş ərzaq məhsullarının qablaşması üçün plastik qab və qapaqlar təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş, “San PiN 4123-4240-86” sanitar norma və qaydalarının tələblərinə cavab verir; - Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli **********4670 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şirkətin ünvanına Rusiya Respublikasından diametri 10 sm olan, üst hissəsində polietilentreftalat (PET) materialdan hazırlanmış qablar göndərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü abzasına əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İXM-nin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 275.4-cü maddəsinin tərkibinin yaranması üçün ilk növbədə Şəxs MMC tərəfindən idxal edilmiş əşyaların (malların) “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşmədiyi müəyyən edilməlidir. “X1 haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsi ekoloji ekspetizanın keçirilməsi yolu ilə müəyyən edilir. Həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və X1 üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir. Sözügedən Qanunun 52-ci maddəsinin 1-ci hissəsinə görə dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “X1 haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən 52-ci maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. Məhkəmə “X1 haqqında” Qanunun yuxarıda sadalanan normalarına istinad edərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən idxal edilmiş əşyaların (malların) həmin Qanunun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşməməsi məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən dövlət ekoloji ekspertizası nəticəsində müəyyən edilməli idi. İş materiallarından da görünür ki, Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs MMCnin idxal etdiyi malların “X1 haqqında” Qanunun əhatə dairəsinə aid olub-olmaması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. Lakin, Nazirlik malların texniki sənədləri təqdim edildikdən sonra müvafiq rəy verilməsinin mümkün olmasını bildirməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi texniki sənədləri təqdim etmək əvəzinə özünün tabeliyində olan ekspertiza idarəsində ekspertiza təyin etməklə və həmin rəyə əsaslanmaqla hazırki protokolu tərtib etmişdir. Halbuki, Mərkəzi Ekspertiza İdarəsinin rəyindən də açıq-aydın görünür ki, yükün “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi Ekspertiza İdarəsinin funksional baxımdan səlahiyyətlərinə aid olmamışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi sənədlərdən (gömrük bəyannamələri və s.) görünür ki, həm hazırki protokol tərtib edilənədək, həm də ondan sonra MMC tərəfindən eyni xarakterli mallar ölkəyə idxal olunmuş və Dövlət Gömrük Komitəsi tərəfindən həmin malların rəsmiləşdirilməsi həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə uyğun olaraq inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda inzibati orqan olan Dövlət Gömrük Komitəsi mövcud inzibati praktikasına uyğun hərəkət etməmiş, MMC-nin qanunla qorunan etimad hüququnu pozmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs MMC-nin İXM-nin 275.4cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, 00100/02408/25/1 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9157/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9157/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver