Məhkəmə qərarları › İş №3(001)-918/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-918/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-918/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi və vəkili Vəkil2, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXMnin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01.10.2021-ci il tarixli, MN 376551 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Qırğızıstan Respublikasının vətəndaşı Sergei Vasilevin MMC-də iş icazəsi olmadan direktor vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu əməli ilə "xxxx" MMC İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3470/2021 saylı, 26.10.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 15000 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-477/2022 saylı, 03.03.2022-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 15000 (on beş min) manat məbləğində inzibati cərimə olunmasına dair 26 oktyabr 2021-ci il tarixli, 3(001)- 3470/2021 saylı qərarı ləğv edilsin, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi inzibati xəta haqqında protokolun əsaslı olduğunu bildirərək, MMC-nin barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və yazılı etirazında bildirdi ki, Kırğızıstan Respublikasının vətəndaşı Vasilyev Serqey qanuni əsasla Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ona 08.02.2021 ci ildən 08.02.2022-ci ilədək ******* saylı Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəsi və İİ № ******* saylı iş icazəsi verilmişdir. Həmin müddət ərzində iş icazəsi alınması üçün "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilsə də Şəxs MMC ilə Vasilyev Serqey arasında 09.06.2021-ci il tarixində 1/2 iş norması olmaqla Mebel sexinə direktor vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişi elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 16.08.2021-ci il tarixdə isə öz ərizəsi əsasında Serqey Vasilyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kırğızıstan Respublikasının vətəndaşı Serqey Vasilyev əməkçi miqrant olmaqla adi kateqoriyalı giriş vizası ilə işləmək məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsində nəzərdə tutulan "əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər" müddəası, 70.1-ci maddəsində nəzərdə tutulan "əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır" müddəası və 70.6-cı maddəsində nəzərdə tutulan "işəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır" müddəası ilə digər maddələri arasında ziddiyyət (kollyziya) vardır. Belə ki, Məcəllənin 74.1-ci maddəsi əcnəbilərin Azərbaycan Respublikası ərazisində olarkən Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqa malik olduğunu təsbit edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikası vətəndaşları əsas iş yerindən başqa əlavə işdə də işləyə bilərlər. Belə olan halda əcnəbinin Azərbaycan Respublikası ərazisində dəyişkən qrafıklə iki yerdə işləməsinin qadağan olması barədə Miqrasiya Məcəlləsində birbaşa müddəa yoxdur. Bundan başqa, Miqrasiya Məcəlləsinin 70.1-ci maddəsində nəzərdə tutulan "əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır" müddəasına məntiqlə bu anlama gəlməyə əsas verir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa işəgötürənin yanında başqa işə keçdikdə onun üçün yeni iş icazəsi alınmamalıdır. Bundan başqa, həmin məcəllənin 70.6-cı maddəsində nəzərdə tutulan "işəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır" müddəası bu anlama gəlməyə əsas verir ki, bir işəgörürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır, yəni əcnəbinin bir iş icazəsi varsa başqa işəgörürən tərəfindən o işə götürülərsə yeni iş icazəsinin alınmasına ehtiyac yoxdur. Bundan başqa,yuxarıda qeyd edildiyi kimi Şəxs MMC ilə Vasilyev Serqey arasında 09.06.2021-ci il tarixində 1/2 iş norması olmaqla Mebel sexinə direktor vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişi elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.Həmin vaxtı onun artıq iş icazəsi olmuşdur və onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi üzrə bildiriş elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəxs MMC ilə Vasilyev Serqey arasında bağlanmış müqavilənin qanunsuzluğu barədə məlumat daxil olmamışdır. Qeyd edilənlərə əsasən hesab edirki, qanunda olan ziddiyyətlər Şəxs MMC-nin əleyhinə təsvir edilə bilməz. Bu səbəbdən inzibati xəta haqqında protokolun ləğv edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 70.1-ci maddəsinə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 70.6-cı maddəsinə əsasən işəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qırğızıstan Respublikasının vətəndaşı Sergei Vasilevin başqa işəgötürənlə bağladığı müqavilə ilə bağlı iş icazəsi mövcud olmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli iş icazəsinin qüvvədə olma müddət 08.02.2021-ci ildən 08.02.2022-ci il tarixədəkdir. İş materialalrında olan 09.06.2021-ci il tarixli 28/K nömrəli işə qəbul əmrindən görünür ki, X3 "xxxx" MMC-yə ½ iş norması olmaqla Mebel sexi şöbəsinə direktor vəzifəsinə işə qəbul olmuşdur. Göründüyü kimi şəxsin iki iş yeri olmuş və birinci iş yeri tərəfindən iş icazəsi alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbindən də göründüyü kimi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində onu işə cəlb edən ikinci hüquqi şəxs tərəfindən yeni iş icazəsinin alınmasının tələb edilməsi barədə imperativ norma mövcud deyildir. Məhkəmə hesab edir ki, belə olan halda hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş 01.10.2021-ci il tarixli, MN 376551 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar