Məhkəmə qərarları › İş №3(001)-918/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-918/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-918/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun müstəntiqi, ll dərəcəli hüquqşünas X1, müdafiəçi “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqnda iş üzrə icraatın başlanması haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X2 xx.xx.2022-ci il tarixdə “Qardaşlar” mebel fabrikində işləyərkən təhlükəsizlik avadanlıqları olmadığından 6 metr hündürlükdən yıxılaraq xəsarət almasına dair müraciəti əsasında toplanmış material üzrə 04 noyabr 2022-ci il tarixdə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X5 04 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşən "xxxx" QSC-nin dəmir sexində yerdən 6 metr hündürlükdə qaldırıcı qurğu olan kranın səbətinin işləyən zaman “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının 2.12.2, 2.15.5-ci bəndlərinin tələbi texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyən Şəxs tərəfindən pozulması nəticəsində sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun müstəntiqi, ll dərəcəli hüquqşünas X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 27 fevral 2023cü il tarixli qərarın məzmununa uyğun çıxış edərək Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş X2 müraciəti əsasında Binəqədi rayon prokurluğunda araşdırma aparılmış və 04 noyabr 2022-ci il tarixli qərar ilə Şəxs barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Daha sonra 28 dekabr 2022-ci il tarixli qərar ilə X2 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar inzibati xətanın törədildiyi gündən 1 il müddət keçənədək qəbul edilməli olmasına baxmayaraq, həmin müddət ötürülməklə 27 fevral 2023-cü il tarixdə qəbul edilmişdir. Bu səbəbdən, İXM-in 53cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icratın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli, 2121 nömrəli canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, vətəndaş Z.T.Sultanovun bədənində aşkar olunmuş xəsarətlər anal nahiyənin əzilmiş-cırılmış-deşilmiş yarası, oma sümüyünün 2-3-cü oma fəqərələri səviyyəsində yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X9” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 19:47-dən bir qədər əvvəl əmələ gəlmişdilər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə Binəqədi rayon prokurorluğunun müstntiqi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2, 2.12.5-ci bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının” 4.10.3, 4.10.5, 4.10.7, 4.11.1, 4.11.2, 4.11.4-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki və təşkilati səbəbləri olmuşdur. 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X2 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPm-in 39.1.2-ci maddəsinə əsasən yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. Şəxs İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İXM-in 38.1-ci maddəsi ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməsi nəzərdə tutulsa da, həmin məcəllənin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) tarix- xx.xx.2022-ci ildən 1 il müddət ərzində, yəni xx.xx.2023-cü il tarixədək tətbiq edilə bilərdi. Lakin, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat sözügedən prosessual müddət pozulmaqla 27 fevral 2023-cü il tarixli qərar ilə başlanılmışdır. Beləliklə, Şəxs barəsində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar