Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9199/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, EQ/31001473 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2025-ci il tarixli, EQ 31001473 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 13 oktyabr 2025-ci il tarixli, 3(001)-2052/2025 saylı qərarına əsasən, şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilərək iş yenidən baxılması üçün Baş X4 İdarəsinə göndərilmişdir. Baş X4 İdarəsinin 27 noyabr 2025-ci il tarixli, EQ/31001473 nömrəli qərarına əsasən, X2 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. Hazırda İ.H.Babaxanov sonuncu qərardan şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs İ.H.Babaxanov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, məhkəmənin 13 oktyabr 2025-ci il tarixli qərarı icra edilməsi üçün BDYPi-yə göndərildikdən sonra o, həmin idarəyə gedərək, işə onun iştirakı ilə baxılmasını tələb edib, baxılma vaxtı və yeri barədə məlumat almaq istəsə də, ona heç bir məlumat verilməmiş, sonradan isə iştirakı olmadan 27 noyabr 2025-ci il tarixdə qərar qəbul edilmişdir. Buna görə də, həmin qərarla razı deyil və onun ləğv edilməsini xahiş edir. Şikayətə baxılması ilə bağlı Baş X4 İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib, belə nəticəyə gəlir ki, əsaslı olduğundan şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, İ.H.Babaxanov 30 sentyabr 2025-ci il tarixli, EQ 31001473 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan məhkəməyə etdiyi şikayətə baxan zaman məhkəmə belə qənaətə gəlmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə inzibati xəta hadisəsinin törədildiyi yerdə dayanma və ya durmanı məhdudlaşdıracaq yol hərəkəti işarəsinin mövcud olduğunu təsdiq edəcək görüntü mövcud deyildir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş DYP tərəfindən qeydə alınmış fotoşəkillər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədildiyi yerdə dayanma və ya durmanı məhdudlaşdıracaq hər hansı yol hərəkəti işarəsi mövcud deyildir.Həmçinin məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs yolun birinci cərgəsində park etmiş avtomobillərin ortasında olan boş yerdə sərnişini düşürmək məqsədilə avtomobili qısa zaman kəsiyində saxlayıb hərəkətini davam etdirdiyini bildirmişdir. Həmçinin ərizəyə əlavə olunmuş fotoşəkillərdən şikayətçinin yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsində dayanmasını dəqiq müəyyən etmək mümkün olmamış, inzibati orqan səlahiyyətli nümayəndəsinin iştirakını təmin edib qərar qəbul edilməsinə səbəb olmuş sübutları, eləcə də videgörüntünü, inzibati xətanın qeydə alındığı yeri və inzibati xəta törətmiş avtomobilin görüntüsünü daha aydın göstərən fotoşəkilləri məhkəməyə təqdim etmədiyindən, şikayətin dəlillərinin məhkəmə iclasında araşdırılması mümkün olmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin məhkəmə hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31001473 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Lakin, barəsində şikayət verilmiş 27 noyabr 2025-ci il tarixli qərar şikayət vermiş şəxsin iştirakı təmin olunmadan, habelə əlavə sübutlar göstərilmədən qəbul edilmişdir. Məhkəmə 19 dekabr 2025-ci il tarixli məktubla BDYPİ-yə müraciət edərək, qərarda istinad edilən foto/video görüntünün məhkəməyə təqdim edilməsini tələb etsə də, məktuba cavab verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmənin əvvəlki qərarında göstərilən araşdırılmalı hallara inzibati qurum tərəfindən diqqət yetirilmədiyindən və formal əsaslandırma ilə yeni qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; - 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin təmin edilməli, Baş X4 İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, EQ/31001473 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli, EQ/31001473 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9199/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9199/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver