Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9210/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Qaraqoyunlu ərazi dairəsi, Musabəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçilarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin sahə inspektoru, polis polkovnikleytenantı X4 bildirmişdir ki, 09 dekabr 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində xidmət aparan polis əməkdaşları oğurluq hadisəsi üzrə Şəxs şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə gətirmişlər. Şəxs izahatı alınan zaman sonuncu müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisindən oğurluq etdiyini etiraf etmişdir. Şəxsin etirafı üzrə araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmışdır. Şəxs inzibati qaydada tutulmuş və barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək, törətdiyi əməldən peşman olduğunu, avtomobillərin şüşəsni sındıraraq avtomobillərdən oğurluq etdiyini, hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmədiyini və buna maddi imkanının olmadığını qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncuya 20 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş naməlum şəxsin əməlində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.
5. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncuya 60 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş naməlum şəxsin əməlində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.
6. xx.xx.2025-ci il tarixli, AZA 009645 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində X3 məxsus ** SH *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobildən 20 manat pul oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 1 ünvanı ərazisində X6 məxsus ** PX *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobildən 60 manat pul oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
9. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarından görünür ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(006)-115/2021 nömrəli cinayət işi üzrə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-32/2021 nömrəli cinayət işi üzrə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittihamedici hökm çıxarılmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi
10. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə də öz təsdiqini tapmışdır. Bundan başqa, Şəxs məhkəmə iclasında oğurluq etdiyini qəbul etmiş və bu əməldən peşman olduğunu bildirmişdir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
11. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
12. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar da müəyyən edilməmişdir.
13. Məhkəmə, Şəxs şəxsiyyətinə münasibətdə isə onu bildirir ki, şəxsin əvvəllər məhkum olunması, talamaya meyilli olması, törətdiyi inzibati xətanın xarakteri, zərərçəkmiş şəxsin şikayətçi olması, vurulmuş ziyanın ödənilməməsi kimi hallar nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar.
14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
15. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
17. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
18. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
19. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
20. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
21. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
22. İXM-in 31.4-cü maddəsinə əsəsən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.
23. İXM-in 227-ci maddəsinə əsəsən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir
24. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 09 dekabr 2025-ci il tarixdə saat 23:00-dan hesablanmalıdır.
25. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2025-ci il tarixdə saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova