Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9217/2025 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (MMC) direktoru X2 və nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə tərtib etdiyi 19 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 19 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən vətəndaş X1 2024-cü ilin fevral ayından 2024-cü il dekabr ayının sonuna qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə (xidmətlərə) cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-nin direktoru X2 elektron məhkəmə sisteminə etiraz yerləşdirərək göstərmişdir ki, MMC barəsində tərtib edilmiş protokollar razı deyillər. Hesab edirlər ki, inzibati araşdırma formal aparılmışdır. Belə ki, MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə (xidmətlərə) cəlb edilməsi iddia edilən Hikmət Cəbrayılov öz izahatında bildirmişdir ki, o, MMC-yə ara-sıra regionda satış və reklam işinin qurulmasında köməklik göstərmişdir. Onun əsas dəstəyi konsultasiya xidmətləri ilə məhdudlaşmışdır. Onu da bu işlərə Nəbiyeva Zülfiyyə cəlb etmişdir. Müfəttişliyin əməkdaşları ona qəsdən yönəldici suallar verməklə onun hüquqi savadsızlığından istifadə edib qəsdən işin faktiki halını guya daimi əsaslarla çalışan işçi kimi göstərməyə çalışmışdır. Halbuki tərəflər arasında məhkəməyə də təqdim etdikləri xx.xx.2024-cü il tarixli mülki-hüquqi xidmət müqaviləsi olmuşdur. Müfəttişlik bu müqaviləni və mülki qanunvericilikdə tərəflərin sərbəst mülki hüquqi müqavilələr bağlamaq sərbəstliyini nəzərə almadan sahibkarı qəsdən daha ağır vəziyyətə salmaq üçün cərimə etmək niyyəti güdmüşdür. İnzibati xətalar qanunvericiliyinə əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, məhkəməyə verdikləri bu etiraz, həmçinin Hikmnət Cəbrayılovun ümumiyyətlə şikayətçi olmamasını, aralarındakı hüquq münasibətlərinin xarakterini və buna uyğun bağlanmış müqaviləni də nəzərə alaraq hesab edirlər ki, tərtib edilmiş protokol tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş X3 Xidmətinin Bakı şəhər İdarəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İdarə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs (MMC) direktoru X2 və nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 etiraza uyğun izahata verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 izahatında göstərdi ki, səhhəti tam iş günü işləməsini imkan vermir. Bu səbəbdən bir müddətdir ki, ayrı-ayrı şəxslərlə mülki-hüquqi müqavilələr bağlayaraq, konsultasiya xidmətləri göstərir. Şəxs MMC də mülki-hüquqi müqavilə əsasında xidmət göstərdiyi hüquqi şəxslərdən biri olmuşdur. Aralarında bağladıqları müqaviləyə əsasən o, MMC-yə idxal etdikləri satış məhsulları üzrə prudensial dəstək göstərmişdir. Belə ki, zərurət yarandıqca MMC ona müraciət edərək, idxal etdiyi hər hansı məhsulunun regionda satış imkanlarının öyrənilməsi üçün bazar araşdırması aparılmasını, məhsullarının satış nöqtələrinin müəyyənləşdirilməsini və məhsulların satıldığı market və dükanlarda satış stendlərinin təşkilini həvalə etmişdir. Yəni, onun MMC ilə aralarında əmək münasibətləri olmamış, bu münasibətlər sırf xidmət göstərilməsi ilə bağlı olmaqla, mütəmadi xarakter daşımamışdır. MMC-nin Şəki şəhərində yalnız bir işçisi olmuş, o da Nəbiyeva Zülfiyyə olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 192.1-ci maddəsi əmək qanunveciliyinin pozulması ilə bağlı inzibati xəta olmaqla, həmin xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoladan isə görünür ki, Şəxs MMC tərəfindən vətəndaş X1 2024-cü ilin fevral ayından 2024-cü il dekabr ayının sonuna qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə (xidmətlərə) cəlb edilmişdir. İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarında göstərilmişdir ki, İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokolda göstərilən inzibati xəta hadisəsinin törədilməsindən bir ildən çox müddət keçdiyindən, MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilməz, başlanmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 53.1.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 19 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9217/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9217/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver