Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9235/2025 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2023-cü il tarixdə 49150.00 Avro məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 noyabr 2025 il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 12 nömrəli müqavilədən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ilə Bolqarıstan Respublikasında fəaliyyət göstərən “AİR SEE MODE” şirkəti arasında dəyəri 1400000.00 Avro olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli köçürmə sənədindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" QSC-də olan hesabdan 49150.00 Avro məbləğində pul vəsaiti “AİR SEE MODE” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 49150.00 Avro məbləğində olan vəsait bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 49150 (qırx doqquz min yüz əlli) EUR məbləğində vəsait bank vasitəsilə 22 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 49150 (qırx doqquz min yüz əlli) EUR məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Hesab edir ki, həmin protokol qanunsuz və əsassızdır. Protokol ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə protokol tərtib edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) və OOO "xxxx" (Alıcı) (İNN: **********) arasında xx.xx.2023-cü il tarixdə Təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı tərəfindən Süd sağma avadanlıqları təchizatı təmin edilməli idi. Bunun əvəzində xx.xx.2023-cü il tarixində Alıcı tərəfindən ******* (altı milyon altı yüz altmış üç min səkkiz yüz) RUB məbləğində vəsait Satıcının hesabına köçürülmüşdür. Lakin xx.xx.2023-cü il tarixində vəsait 8 gün aralıq hesabda saxlanıldıqdan sonra "xxxx" QSC tərəfindən Alıcının hesabına geri qaytarılmışdır. Geri qaytarılma əməliyyatının təyinatında isə “Bankın daxili siyasətinə əsasən” qeydi yazılmışdır. Bunun əvəzində Bankın təkidi ilə tərəflər arasındakı müqavilə dəyişdirilərək xx.xx.2023-cü il tarixli Təsisçi borcu müqaviləsi hazırlanmış və Alıcının Süd sağma avadanlıqları təchizatı üçün bütün ödənişləri, həmçinin 49150 (qırx doqquz min yüz əlli) EUR məbləğindəki vəsait daxil olmaqla Təsisçi borcu müqaviləsi əsasında köçürülmüşdür. Beləliklə, ödənişin təyinatı məhz bankın müdaxiləsi əsasında dəyişmişdir. Bu fakt məhkəmə materiallarına əlavə edilmiş bütün bank yazışmalarında, OOO Şəxs (Alıcı) (İNN: **********) tərəfindən bu müqavilənin Rusiyada bank qeydiyyatına alınması zamanı (bankda uçotu) da öz təsdiqini tapır. Göründüyü kimi, qanunvericilik avans köçürməsi müqabilində vəsaitlərin yalnız ödənişi edildiyi şəxs tərəfindən deyil, ölkə xaricindən üçüncü şəxs (və ya şəxslər) tərəfindən də geri qaytarılmasını nəzərdə tutur. Yuxarıda qeyd edilən, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) ilə OOO Şəxs (Alıcı) (İNN: **********) arasında xx.xx.2023-cü il tarixində bağlanmış Təsisçi borcu müqaviləsi, isin faktiki hallarına və pul vəsaitlərinin hərəkətinə nəzərən, borcun üçüncü şəxs tərəfindən icrası və vasitəçilik münasibətlərinin mövcudluğu kimi qiymətləndirilməlidir. Bundan əlavə, 10418010/181223/3172109 saylı gömrük bəyannaməsində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO Şəxs üçün Süd sağma avadanlıqlarının (HS kodu: **********) alındığı göstərilmişdir. Bəyannamənin 44-cü qrafasında ödəniş sənədləri barədə məlumatda xx.xx.2023-cü il tarixli, ******* saylı invoys (yəni "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının X2 Ltd-yə ödənişi) qeyd olunmuşdur. CMR - yük qaiməsində də həmin avadanlığın Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO Şəxs üçün alındığını təsdiq edən məlumatlar əks olunmuşdur. Belə ki, məhsul kodu (HS code: **********), mənşə ölkəsi (İrlandiya), malın göndərilmə ölkəsi (İrlandiya), malın təsviri (adı, çəkisi və ölçüsü) və daşıyıcı kodları (AM2147-1, A7487B-1) bəyannamədə göstərilən məlumatlarla eyni şəkildə qeyd edilmişdir. Həmçinin, #1120-1 saylı invoysda Yükalan qismində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı vasitəsilə Rusiyada yerləşən OOO Şəxsin qeyd olunması da bu əməliyyatı təsdiq edən əlavə sübut kimi çıxış edir. Göstərilən sənədlər bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı invoys əsasında ödənilmiş 49150 (qırx doqquz min yüz əlli) EUR məbləğində vəsait Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Rusiyada yerləşən OOO Şəxs üçün alınmış Süd sağma avadanlıqlarının dəyərinin ödənilməsi məqsədilə həyata keçirilmişdir. Bununla yanaşı Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati protokolun subyekti düzgün müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən filial hüquqi şəxsin tərkib hissəsi olmaqla, müstəqil hüquqi şəxs deyildir. Həmin maddəyə əsasən, filial hüquqi şəxsin yerləşdiyi yerdən kənarda yerləşən, onun funksiyalarını tam və ya qismən həyata keçirən struktur bölmədir və mülki dövriyyədə yalnız onu yaradan hüquqi şəxsin adından çıxış edir. Bununla yanaşı onu da qeyd edim ki, Azərbaycan Respublikasının qanunvericiliyində xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün heç bir məhdudiyyət nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarı). Bu baxımdan, Mərkəzi Bankın etirazında irəli sürülən “müqavilə filial tərəfindən bağlanmışdır”, “pul vəsaiti Azərbaycan Respublikasından çıxarılmışdır" və “mal və ya pul vəsaiti Azərbaycan Respublikasına qaytarılmalı idi" kimi ifadələr filialın müstəqil hüquqi subyekt kimi qəbul edilməsinə əsaslanır ki, bu da Mülki Məcəllənin tələblərinə ziddir. Filialın müstəqil hüquqi şəxs olmaması onu göstərir ki, filial tərəfindən həyata keçirilən ödənişlər ayrıca iqtisadi maraq və ya müstəqil valyuta öhdəliyi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, valyuta əməliyyatının hüquqi nəticələri filialın deyil, onu yaradan hüquqi şəxsin və əməliyyatın faktiki mahiyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Malların hansı ölkəyə idxal edilməsi məsələsi isə formal olaraq ödənişi icra edən struktur vahidi ilə deyil, öhdəliyin kim üçün və hansı məqsədlə icra edilməsi ilə əlaqəlidir. Bundan əlavə, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi avans ödənişi müqabilində öhdəliyin icrasını yalnız Azərbaycan Respublikasına idxal ilə məhdudlaşdırmır, eyni zamanda vəsaitin geri qaytarılmasını və ya öhdəliyin faktiki icrasını da nəzərdə tutur. Qaydada göstərilən “üçüncü şəxs” anlayışı Mərkəzi Bank tərəfindən dar və normanın məqsədinə zidd şəkildə şərh edilmişdir. Hazırkı işdə ödənişin təyinatının bankın tələbi ilə dəyişdirilməsi faktı bank sənədləri ilə təsdiq olunur. Təqdim edilmiş bank çıxarışlarında vəsaitin köçürülməsi, saxlanılması və geri qaytarılması aydın şəkildə əks olunmuşdur. Mallar faktiki olaraq Rusiyada yerləşən OOO Şəxs üçün alınmış və həmin ölkəyə idxal edilmişdir. Bu hallar YGB-lərdə, CMR (yük qaiməsi) sənədlərində, invoyslarda və rəsmi yazışmalarda öz təsdiqini tapır. Bütün bunlar bir daha onu göstərir ki, filialın hüquqi statusu nəzərə alındıqda, avans ödənişi müqabilində öhdəliyin icra edilməməsi və ya vəsaitin məqsədsiz çıxarılması halı mövcud deyildir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən təqdim edilmiş etirazda müqavilənin bankın müdaxiləsi ilə dəyişdirilməsi və digər hallarla bağlı iddia edən şəxs tərəfindən hər hansı sübutun təqdim edilmədiyi qeyd edilmişdir. Lakin bu iddia iş materiallarına və faktiki vəziyyətə uyğun gəlmir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən bank hesablarından çıxarışlar, vəsaitin əvvəlcə geri qaytarılmasını təsdiq edən bank sənədləri, müqavilələrin dəyişdirilməsinə dair sənədlər, invoyslar, CMR yük qaimələri və gömrük bəyannamələri həm inzibati icraat mərhələsində, həm də məhkəmə icraatında elektron sistem vasitəsilə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati protokolun ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəilməsi xahiş edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) və OOO Şəxs (Alıcı) (İNN: **********) arasında xx.xx.2023-cü il tarixdə Təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1. bəndinə əsasən Satıcı tərəfindən Süd sağma avadanlıqları təchizatı təmin edilməli idi. Bunun əvəzində xx.xx.2023-cü il tarixində Alıcı tərəfindən ******* (altı milyon altı yüz altmış üç min səkkiz yüz) RUB məbləğində vəsait Satıcının hesabına köçürülmüşdür. Lakin xx.xx.2023-cü il tarixində vəsait 8 gün aralıq hesabda saxlanıldıqdan sonra "xxxx" QSC tərəfindən Alıcının hesabına geri qaytarılmışdır. Geri qaytarılma əməliyyatının təyinatında isə “Bankın daxili siyasətinə əsasən” qeydi yazılmışdır. Bunun əvəzində Bankın təkidi ilə tərəflər arasındakı müqavilə dəyişdirilərək xx.xx.2023-cü il tarixli Təsisçi borcu müqaviləsi hazırlanmış və Alıcının Süd sağma avadanlıqları təchizatı üçün bütün ödənişləri, həmçinin 49150 (qırx doqquz min yüz əlli) EUR məbləğindəki vəsait daxil olmaqla Təsisçi borcu müqaviləsi əsasında köçürülmüşdür. Beləliklə, ödənişin təyinatı məhz bankın müdaxiləsi əsasında dəyişmişdir. Bu fakt məhkəmə materiallarına əlavə edilmiş bütün bank yazışmalarında, OOO Şəxs (Alıcı) (İNN: **********) tərəfindən bu müqavilənin Rusiyada bank qeydiyyatına alınması zamanı (bankda uçotu) da öz təsdiqini tapır. Qeyd edilən, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) ilə OOO Şəxs (Alıcı) (İNN: **********) arasında xx.xx.2023-cü il tarixində bağlanmış Təsisçi borcu müqaviləsi, işin faktiki hallarına və pul vəsaitlərinin hərəkətinə nəzərən, borcun üçüncü şəxs tərəfindən icrası və vasitəçilik münasibətlərinin mövcudluğu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Binəqədi Rayon Məhkəməsinin icraatında olan digər məhkəmə işləri üzrə müvafiq etirazında aşağıdakıları göstərmişdir: İşdəki müqavilənin bankın müdaxiləsi ilə dəyişdirilməsi, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs olmaması və malların Rusiyada fəaliyyət göstərən “OOO DİALOQ TREYD2 üçün alınması, bu səbəbdən də, filialın məsuliyyətə cəlb edilməməli olması və s. ilə əsaslandırılmışdır. Eyni dəlillərin hazırki məhkəmə iclasına da təqdim ediləcəyi ehtimalını nəzərə alaraq bildirilir ki, ilk növbədə, müqavilənin hansısa müdaxilə əsasında dəyişdirilməsi hazırkı məhkəmə araşdırmasının predmeti deyildir və bu barədə iddia edən şəxs tərəfindən hər-hansı sübut təqdim edilmir. İşdə olan sözügedən xx.xx.2023-cü il tarixli 12 nömrəli müqavilə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış və müqavilədə alıcı qismində adıçəkilən hüquqi şəxs təsbit olunmuş, pul vəsaiti də Azərbaycan Respublikasından çıxarılmışdır. Sözügedən müqavilənin hansısa müddəasında alınacaq malların Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO DİALOQ TREYD” üçün alınması barədə məlumat yoxdur. Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs olmamasının xüsusi vurğulanması ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunanlara əsasən, ölkənin tədiyyə balansının qorunması üçün müvafiq mallar ilk növbədə alıcıya – Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialına təqdim edilməli, yəni Azərbaycan Respublikasına idxal olunmalı idi. Qeyd olunanlara əsasən, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə inzibati tənbeh tətbiq edilməsini xahiş edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı 49150.00 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 49150.00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının 3.3cü bəndinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.2-yarımbəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı mübahisəli valyuta əməliyyatı üzrə satıcı ilə birbaşa müqavilə bağlamış, alıcı qismində öz adından çıxış etmiş və ödənişi Azərbaycan Respublikasındakı bank hesabından həyata keçirmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən, qabaqcadan ödəniş edildikdə, həmin ödəniş müqabilində mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilməli və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti ölkəyə geri qaytarılmalıdır. Hazırkı iş üzrə isə malların Azərbaycan Respublikasına idxalı həyata keçirilməmiş və 49150.00 AVRO məbləğində valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Filialın hüquqi statusu və malların üçüncü ölkəyə (Rusiya Federasiyasına) idxal edilməsi qeyd olunan normativ öhdəliyi aradan qaldırmır, çünki valyuta əməliyyatı faktiki olaraq Azərbaycan Respublikasından çıxarılmış vəsaitlə icra edilmişdir və qanunvericilik bu halda alternativ olaraq yalnız idxalı məhz Azərbaycan Respublikasına və ya vəsaitin geri qaytarılmasını nəzərdə tutur. Bu səbəbdən, qabaqcadan ödəniş üzrə valyuta öhdəliyinin icra edilməməsi faktı inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu artıq təsdiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının etirazına dair qeyd edir ki, İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Yuxarıda qeyd edilən normalara əsasən etirazın inzibati xəta haqqında protokolun subyektinin düzgün müəyyən edilməməsi barədə dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən filial müstəqil hüquqi şəxs deyil və hüquqi şəxsin struktur bölməsidir, lakin bu hal onun inzibati məsuliyyət subyekti kimi tanınmasını istisna etmir. Belə ki, İXM-in 18.1-ci maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Deməli, filialın mülki-hüquqi statusu ilə inzibati hüquqda subyekti kimi tanınması eyniləşdirilə bilməz. Filialın müstəqil hüquqi şəxs olmaması onun inzibati məsuliyyət daşıyan subyekt kimi çıxış etməsinə mane olmur və qanunvericilik bu məsələdə xüsusi olaraq filial və nümayəndəlikləri ayrıca məsuliyyət subyekti kimi tanımışdır. Hazırkı işdə valyuta əməliyyatı birbaşa Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış müqavilə əsasında, onun bank hesabı vasitəsilə və faktiki olaraq Azərbaycan Respublikasından valyuta vəsaitinin çıxarılması yolu ilə həyata keçirilmişdir. Bu səbəbdən inzibati xətanın obyektiv tərəfi məhz filialın fəaliyyəti ilə formalaşmışdır və inzibati protokolun filial barəsində tərtib edilməsi İXM-in 18.1-ci maddəsinin tələblərinə tam uyğundur. Etirazda irəli sürülən arqumentlər filialın mülki-hüquqi statusunun inzibati hüquq müstəvisinə mexaniki şəkildə köçürülməsinə əsaslanır ki, bu da qanunvericiliyin sistemli şərhinə ziddir və inzibati məsuliyyətdən yayınma məqsədi daşıyır. Həmçinin etirazda əməliyyatın vasitəçilik xarakteri daşıması barədə də irəli sürülən mövqe hüquqi və faktiki əsaslardan məhrumdur. Çünki, Qaydaların 4.3.2-1-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, əməliyyat vasitəçilik kimi açıq şəkildə qurulsun, yəni tərəflər arasında vasitəçilik müqaviləsi bağlansın, vasitəçi öz adından deyil, başqasının tapşırığı ilə və onun hesabına hərəkət etsin və bu status əməliyyatın bütün sənədlərində birmənalı əks olunsun. Hazırkı işdə isə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı satıcı ilə birbaşa alğı-satqı (təchizat) müqaviləsi bağlamış, ödənişi öz bank hesabından həyata keçirmiş və müqavilə üzrə alıcı qismində çıxış etmişdir. Heç bir vasitəçilik müqaviləsi mövcud deyil, filialın üçüncü şəxs adından və ya üçüncü şəxsin hesabına çıxış etdiyini təsdiq edən hüquqi sənəd təqdim olunmamışdır. “Təsisçi borcu müqaviləsi” isə mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, nə vasitəçilik müqaviləsidir, nə də vasitəçilik funksiyasını əvəz edə bilər. Hüquqda “faktiki vasitəçilik” anlayışı isə mövcud deyil və belə anlayışın qəbul edilməsi normanın məzmununu qeyrimüəyyən edər, valyuta nəzarətinin tətbiqini formal səviyyəyə endirər və hüquqi müəyyənlik prinsipini pozar. Bu baxımdan, əməliyyatın vasitəçilik kimi qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri şərtlər mövcud olmadığından, Qaydaların 4.3.2- 1-ci maddəsinin tətbiqi istisna edilir. Bundan əlavə etirazda irəli sürülən xx.xx.2023-cü il tarixli təsisçi borcu müqaviləsinin guya Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs tərəfindən vəsaitin geri qaytarılması” kimi qiymətləndirilməsi barədə mövqe də hüquqi baxımdan əsassızdır. Qeyd edilən yarımbənddə “geri qaytarılma” anlayışı qabaqcadan ödənilmiş valyuta vəsaitinin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılmasını, yəni rezidentin bank hesabına geri mədaxil edilməsini ifadə edir və bu, valyuta vəsaitinin təyinatının dəyişdirilməsi və ya daxili borc münasibəti ilə əvəz edilə bilməz. Təsisçi borcu müqaviləsi mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən maliyyə əməliyyatı deyil və belə müqavilə əsasında aparılan köçürmə ödənişin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılması nəticəsini yaratmır. Bundan əlavə, Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs” anlayışı ödənişin həyata keçirildiyi xarici tərəfdən və ya onun adından çıxış edən digər subyekt tərəfindən valyuta vəsaitinin geri ödənilməsini, yəni rezident hesabına qaytarılmasını ifadə edir, borc müqaviləsi bağlanmaqla öhdəliyin başqa hüquqi formaya salınmasını deyil. Bankın daxili siyasəti əsasında ödənişin təyinatının dəyişdirilməsi isə normativ öhdəliyi aradan qaldırmır və valyuta nəzarəti tələblərinin icrasından azad etmir. Bu baxımdan, təsisçi borcu müqaviləsinin mövcudluğu qabaqcadan ödənilmiş 49150.00 Avro məbləğində vəsaitin Azərbaycan Respublikasına geri qaytarılması faktını əvəz etmir və Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan alternativ şərtin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa şirkətin vəsaitin guya borc müqaviləsi əsasında geri qaytarılması barədə arqumenti həm də daxili ziddiyyət daşıyır və valyuta nəzarətinin məqsədini faktiki olaraq sıradan çıxarır. Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “geri qaytarılma” qabaqcadan ödənilmiş valyuta vəsaitinin Azərbaycan Respublikasına qayıdaraq rezident hesabında sərbəstləşməsini ifadə edir və bu halda valyuta öhdəliyi sona çatır. Halbuki borc müqaviləsi bağlandıqda vəsait “geri qaytarılmış” olmur, əksinə, eyni məbləğ üzrə yeni borc öhdəliyi formalaşır və geri qaytarılan pul üzərində rezidentin sərbəstlik hüququ yaranmır. Daha da mühümü, bu yanaşma qəbul edilərsə, rezident əvvəlcə qabaqcadan ödənilmiş vəsaiti borc müqaviləsi adı altında formal olaraq “geri qaytarılmış” kimi göstərib, sonradan həmin borc öhdəliyinə istinad etməklə eyni məbləği yenidən ölkədən çıxarmaq imkanı əldə etmiş olur. Bu isə Qaydaların mahiyyətinə, valyuta nəzarətinin məqsədinə və tədiyyə balansının qorunmasına açıq şəkildə ziddir. Buna görə də borc müqaviləsi ilə aparılan köçürmə qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılması kimi qəbul edilə bilməz və əks halda belə yanaşma inzibati nəzarəti formal mexanizmə çevirmiş olar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialınin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49150.00 (iki yüz əlli üç min) Avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 9830.00 (doqquz min səkkiz yüz otuz) Avro, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Avro – 1,9795 manat) 19458,48 (on doqquz min dörd yüz əlli səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-9235/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9235/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver