Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9237/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 49450.00 (qırx doqquz min dörd yüz əlli) avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 49450.00 avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. "xxxx" MMCnin Azərbaycan Respublikasındakı filialı tərəfindən Binəqədi Rayon Məhkəməsinin icraatında olan digər məhkəmə işləri üzrə müvafiq etirazında aşağıdakıları göstərmişdir: İşdəki müqavilənin bankın müdaxiləsi ilə dəyişdirilməsi, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs olmaması və malların Rusiyada fəaliyyət göstərən OOO "xxxx" üçün alınması, bu səbəbdən də, filialın məsuliyyətə cəlb edilməməli olması və s. ilə əsaslandırılmışdır. Müqavilənin hansısa müdaxilə əsasında dəyişdirilməsi hazırkı məhkəmə araşdırmasının predmeti deyildir və bu barədə iddia edən şəxs tərəfindən hər-hansı sübut təqdim edilmir. İşdə olan sözügedən - xx.xx.2023-cü il tarixli 12 nömrəli müqavilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış və müqavilədə alıcı qismində adıçəkilən hüquqi şəxs təsbit olunmuş, pul vəsaiti də Azərbaycan Respublikasından çıxarılmışdır. Sözügedən müqavilənin hansısa müddəasında alınacaq malların Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "xxxx" üçün alınması barədə məlumat yoxdur. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının müstəqil hüquqi şəxs olmamasının xüsusi vurğulanması ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunanlara əsasən, ölkəmizin tədiyyə balansının qorunması üçün müvafiq mallar ilk növbədə alıcıya - "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialına təqdim edilməli, yəni Azərbaycan Respublikasına idxal olunmalı idi. Qeyd olunanlara əsasən, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı protokola yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 49450 EUR məbləğində vəsait bank vasitəsilə 23 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 49450 EUR məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Hesab edir ki, həmin protokol qanunsuz və əsassızdır. Protokol ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə protokol tərtib edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) və OOO Şəxs (Alıcı) (İNN: **********) arasında xx.xx.2023-cü il tarixdə Təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1. bəndinə əsasən Satıcı tərəfindən Süd sağma avadanlıqları təchizatı təmin edilməli idi. Bunun əvəzində xx.xx.2023-cü il tarixində Alıcı tərəfindən ******* (altı milyon altı yüz altmış üç min səkkiz yüz) RUB məbləğində vəsait Satıcının hesabına köçürülmüşdür. Lakin xx.xx.2023-cü il tarixində vəsait 8 gün aralıq hesabda saxlanıldıqdan sonra "xxxx" QSC tərəfindən Alıcının hesabına geri qaytarılmışdır. Geri qaytarılma əməliyyatının təyinatında isə “Bankın daxili siyasətinə əsasən” qeydi yazılmışdır. Bunun əvəzində Bankın təkidi ilə tərəflər arasındakı müqavilə dəyişdirilərək xx.xx.2023-cü il tarixli Təsisçi borcu müqaviləsi hazırlanmış və Alıcının Süd sağma avadanlıqları təchizatı üçün bütün ödənişləri, həmçinin 49450 EUR məbləğindəki vəsait daxil olmaqla Təsisçi borcu müqaviləsi əsasında köçürülmüşdür. Beləliklə, ödənişin təyinatı məhz bankın müdaxiləsi əsasında dəyişmişdir. Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin valyuta əməliyyatlarının rejimi “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” (Qaydalar) ilə tənzimlənir. Qaydaların 4.3-cü bəndində Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada aparılan köçürmə əməliyyatları təsnifəşdirilmişdir. Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya qeyri-əhəmiyyətə görə qabaqcadan ödəniş edilmiş şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Göründüyü kimi, qanunvericilik avans köçürməsi müqabilində vəsaitlərin yalnız ödənişi edildiyi şəxs tərəfindən deyil, ölkə xaricindən üçüncü şəxs (və ya şəxslər) tərəfindən də geri qaytarılmasını nəzərdə tutur. Yuxarıda qeyd edilən Şəxs MMCnin Azərbaycan Respublikasındakı filialı (Satıcı) (VÖEN: **********) və OOO Şəxs (Alıcı) (İNN: **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli Təsisçi borcu müqaviləsi bu halda üçüncü şəxs tərəfindən vəsaitin geri qaytarılması kimi başa düşülməlidir. Bundan əlavə, 10418010/181223/3172109 saylı gömrük bəyannaməsində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO Şəxs üçün Süd sağma avadanlıqlarının (HS kodu: **********) alındığı göstərilmişdir. Bəyannamənin 44-cü qrafasında ödəniş sənədləri barədə məlumatda xx.xx.2023-cü il tarixli, ******* saylı invoys (yəni Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının X2 Ltd-yə ödənişi) qeyd olunmuşdur. CMR - yük qaiməsində də həmin avadanlığın Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən OOO Şəxs üçün alındığını təsdiq edən məlumatlar əks olunmuşdur. Belə ki, məhsul kodu (HS code: **********), mənşə ölkəsi (İrlandiya), malın göndərilmə ölkəsi (İrlandiya), malın təsviri (adı, çəkisi və ölçüsü) və daşıyıcı kodları (AM2147-1, A7487B-1) bəyannamədə göstərilən məlumatlarla eyni şəkildə qeyd edilmişdir. Həmçinin, #1120-1 saylı invoysda Yükalan qismində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı vasitəsilə Rusiyada yerləşən OOO Şəxsin qeyd olunması da bu əməliyyatı təsdiq edən əlavə sübut kimi çıxış edir. Yuxarıda göstərilən sənədlər bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı invoys əsasında ödənilmiş 49450 EUR məbləğində vəsait Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Rusiyada yerləşən OOO Şəxs üçün alınmış Süd sağma avadanlıqlarının dəyərinin ödənilməsi məqsədilə həyata keçirilmişdir. Bununla yanaşı Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati protokolun subyekti düzgün müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən filial hüquqi şəxsin tərkib hissəsi olmaqla, müstəqil hüquqi şəxs deyildir. Həmin maddəyə əsasən, filial hüquqi şəxsin yerləşdiyi yerdən kənarda yerləşən, onun funksiyalarını tam və ya qismən həyata keçirən struktur bölmədir və mülki dövriyyədə yalnız onu yaradan hüquqi şəxsin adından çıxış edir. Bununla yanaşı onu da qeyd edim ki, Azərbaycan Respublikasının qanunvericiliyində xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün heç bir məhdudiyyət nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarı). Bu baxımdan, Mərkəzi Bankın etirazında irəli sürülən “müqavilə filial tərəfindən bağlanmışdır”, “pul vəsaiti Azərbaycan Respublikasından çıxarılmışdır” və “mal və ya pul vəsaiti Azərbaycan Respublikasına qaytarılmalı idi” kimi ifadələr filialın müstəqil hüquqi subyekt kimi qəbul edilməsinə əsaslanır ki, bu da Mülki Məcəllənin tələblərinə ziddir. Filialın müstəqil hüquqi şəxs olmaması onu göstərir ki, filial tərəfindən həyata keçirilən ödənişlər ayrıca iqtisadi maraq və ya müstəqil valyuta öhdəliyi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, valyuta əməliyyatının hüquqi nəticələri filialın deyil, onu yaradan hüquqi şəxsin və əməliyyatın faktiki mahiyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilməlidir. Malların hansı ölkəyə idxal edilməsi məsələsi isə formal olaraq ödənişi icra edən struktur vahidi ilə deyil, öhdəliyin kim üçün və hansı məqsədlə icra edilməsi ilə əlaqəlidir. Bundan əlavə, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi avans ödənişi müqabilində öhdəliyin icrasını yalnız Azərbaycan Respublikasına idxal ilə məhdudlaşdırmır, eyni zamanda vəsaitin geri qaytarılmasını və ya öhdəliyin faktiki icrasını da nəzərdə tutur. Qaydada göstərilən “üçüncü şəxs” anlayışı Mərkəzi Bank tərəfindən dar və normanın məqsədinə zidd şəkildə şərh edilmişdir. Hazırkı işdə ödənişin təyinatının bankın tələbi ilə dəyişdirilməsi faktı bank sənədləri ilə təsdiq olunur. Təqdim edilmiş bank çıxarışlarında vəsaitin köçürülməsi, saxlanılması və geri qaytarılması aydın şəkildə əks olunmuşdur. Mallar faktiki olaraq Rusiyada yerləşən OOO Şəxs üçün alınmış və həmin ölkəyə idxal edilmişdir. Bu hallar YGB-lərdə, CMR (yük qaiməsi) sənədlərində, invoyslarda və rəsmi yazışmalarda öz təsdiqini tapır. Bütün bunlar bir daha onu göstərir ki, filialın hüquqi statusu nəzərə alındıqda, avans ödənişi müqabilində öhdəliyin icra edilməməsi və ya vəsaitin məqsədsiz çıxarılması halı mövcud deyildir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən təqdim edilmiş etirazda müqavilənin bankın müdaxiləsi ilə dəyişdirilməsi və digər hallarla bağlı iddia edən şəxs tərəfindən hər hansı sübutun təqdim edilmədiyi qeyd edilmişdir. Lakin bu iddia iş materiallarına və faktiki vəziyyətə uyğun gəlmir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən bank hesablarından çıxarışlar, vəsaitin əvvəlcə geri qaytarılmasını təsdiq edən bank sənədləri, müqavilələrin dəyişdirilməsinə dair sənədlər, invoyslar, CMR yük qaimələri və gömrük bəyannamələri həm inzibati icraat mərhələsində, həm də məhkəmə icraatında elektron sistem vasitəsilə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmək üçün əsaslana bilən hər cür faktik məlumatlar sübut hesab olunur və bu məlumatlar, o cümlədən digər sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) sübutları işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan daxili inamı ilə qiymətləndirməlidir. Mərkəzi Bankın iş materiallarına əlavə edilmiş sübutları ümumiləşdirilmiş şəkildə “mövcud deyil” kimi qiymətləndirməsi həmin sübutların təhlil edilmədiyini və onlara hüquqi qiymət verilmədən kənarda saxlanıldığını göstərir. Bu hal inzibati orqanın işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq öhdəliyini yerinə yetirmədiyini, mövqeyini əvvəlcədən formalaşdırmaqla faktiki araşdırmadan imtina etdiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin inzibati orqan təqdim edilmiş sübutları nəzərə almadan yalnız formal mövqeyə əsaslanmaqla faktiki vəziyyəti müəyyən etməyə çalışmışdır ki, bu da inzibati icraatın əsas prinsiplərinə ziddir. Eyni zamanda, təqdim edilmiş sübutların qiymətləndirilməməsi və bütün şübhələrin barəsində inzibati xəta haqqında iş aparılan şəxsin əleyhinə yozulması təqsirsizlik prezumpsiyasına zidd olmaqla, inzibati icraat zamanı qərəzli və birtərəfli yanaşmanın mövcudluğunu göstərir. Bu səbəbdən, Mərkəzi Bankın etirazı işin hallarının obyektiv araşdırılmasına deyil, formal nəticənin əvvəlcədən qəbul edilməsinə əsaslandığından, inzibati xəta haqqında protokolun hüquqi qüvvədə saxlanılması üçün yetərli əsas yarada bilməz. Hörmətli Məhkəmə, Nəzərinizə çatdırıram ki, mübahisələndirilən inzibati xəta barədə protokolun tərtib edilməsinə əsas – valyuta tənzimi qaydalarının pozulmasından ibarətdir. Yuxarıda göstərilən sübutlar əsasında aydın olur ki, inzibati orqan valyuta əməliyyatının mahiyyətini – ödənişin təyinatının bankın tələbi ilə dəyişdirilməsini, eləcə də avadanlığın alınmasını təsdiq edən sənədləri nəzərə almadan protokol tərtib etmişdir. Bu hal inzibati orqanın işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq öhdəliyini yerinə yetirmədiyini göstərir. Qeyd olunan bütün halları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsini nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati protokolun ləğv edilərək, işə baxılarkən iştirakları olmadan inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan xarici hüquqi şəxsin filialı - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bolqarıstanın “X3” şirkəti (Satıcı) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 12 №li müqavilədən görünür ki, satıcı ət və süd sənayesi üçün nəzərdə tutulmuş texnoloji avadanlıqları və onların ehtiyat hissələrini alıcıya satır. Malların adı, miqdarı, qiyməti, ödəniş şərtləri və çatdırılma müddətləri Müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiyalarla müəyyən edilir. Müqavilənin ümumi dəyəri 1.400.000 avro təşkil edir (müqavilənin 1.1 və 2.1-ci bəndləri) xx.xx.2023-cü il tarixli 2 №li Spesifikasiyadan görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş model 36000V olan yeni texnoloji avadanlıqları (mənşə ölkəsi – İrlandiya) 2 dəst həcmində tədarük edir. Malların ümumi dəyəri 195.615 avro təşkil edir. Ödəniş avro ilə və iki mərhələdə avans qaydasında həyata keçirilir: 160.615 avro – xx.xx.2023-cü il tarixədək, 35.000 avro – 30 noyabr 2023-cü il tarixədək. Hər bir ödəniş hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində edilməlidir. xx.xx.2023-cü il tarixli 3 №li Spesifikasiyadan görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş model 4450Xc olan yeni texnoloji avadanlığı (mənşə ölkəsi – İrlandiya) 1 dəst həcmində tədarük edir. Avadanlığın ümumi dəyəri 33.637,50 avro təşkil edir və ödəniş avro ilə həyata keçirilir. Alıcı göstərilən məbləğin 100% əvvəlcədən ödənilməsini xx.xx.2023-cü il tarixədək, hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində etməlidir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (borc verən) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (borc alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış faizsiz borc müqaviləsindən görünür ki, borc verən borcalana 32.000.000 rubl məbləğində faizsiz borc verir, borcalan isə göstərilən borc məbləğini müqavilədə müəyyən edilmiş müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən göstərilən borc məbləğini borcalana xx.xx.2023-cü il tarixinə qədər verməli və ya onun bank hesabına köçürməli və nağd şəkildə ödəməlidir (müqavilənin 1.1 və 2.1-ci bəndləri) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı 49450 avro məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Bolqarıstanın “X3” şirkəti (Satıcı) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 12 №li müqaviləyə Əlavə Sazişdən görünür ki, Satıcı Alıcıya süd sənayesi üçün nəzərdə tutulmuş yeni Swiftflo süd sağım avadanlığını (mənşə ölkəsi – İrlandiya) 1 dəst olmaqla satır. Avadanlığın ümumi dəyəri 213.575 avro təşkil edir və ödəniş avro ilə həyata keçirilir. Alıcı xx.xx.2023-cü il tarixinədək göstərilən məbləğin 100% əvvəlcədən ödənilməsini həyata keçirməlidir, ödəniş hesab-faktura təqdim edildikdən sonra 5 bank günü ərzində edilməlidir. Malların çatdırılması Satıcının avans ödənişini almasından sonra 60 təqvim günü müddətində həyata keçirilir. Digər şərtlər əsas Müqavilə №12-yə uyğun olaraq qüvvədə qalır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (borc verən) ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (borc alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış faizsiz borc müqaviləsindən görünür ki, borc verən borcalana 3.000.000 rubl məbləğində faizsiz borc verir, borcalan isə göstərilən borc məbləğini müqavilədə müəyyən edilmiş müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən göstərilən borc məbləğini borcalana xx.xx.2023-cü il tarixinə qədər verməli və ya onun bank hesabına köçürməli və nağd şəkildə ödəməlidir (müqavilənin 1.1 və 2.1-ci bəndləri) xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, invoys xx.xx.2023-cü il tarixli №12 Müqavilə əsasında tərtib edilmişdir. Malın təslim olunacağı şəxs (yükalan) “Dialog Trade LLC”-dir, lakin çatdırılma Azərbaycan Respublikasındakı filialı vasitəsilə həyata keçirilir. Bu, gömrük və logistika baxımından vacib məlumatdır. Malın mənşə ölkəsi İrlandiyadır. Bu məlumat gömrük rüsumları, preferensiyalar və sertifikatlaşdırma üçün əhəmiyyətlidir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 49450.00 avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.2-yarımbəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı mübahisəli valyuta əməliyyatı üzrə satıcı ilə birbaşa müqavilə bağlamış, alıcı qismində öz adından çıxış etmiş və ödənişi Azərbaycan Respublikasındakı bank hesabından həyata keçirmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən, qabaqcadan ödəniş edildikdə, həmin ödəniş müqabilində mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilməli və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti ölkəyə geri qaytarılmalıdır. Hazırkı iş üzrə isə nə malların Azərbaycan Respublikasına idxalı həyata keçirilmiş, nə də 49450.00 avro məbləğində valyuta vəsaiti xaricdən geri qaytarılmışdır. Filialın hüquqi statusu və malların üçüncü ölkəyə (Rusiya Federasiyasına) idxal edilməsi qeyd olunan normativ öhdəliyi aradan qaldırmır, çünki valyuta əməliyyatı faktiki olaraq Azərbaycan Respublikasından çıxarılmış vəsaitlə icra edilmişdir və qanunvericilik bu halda alternativ olaraq yalnız idxalı məhz Azərbaycan Respublikasına və ya vəsaitin geri qaytarılmasını nəzərdə tutur. Bu səbəbdən, qabaqcadan ödəniş üzrə valyuta öhdəliyinin icra edilməməsi faktı inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu artıq təsdiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının etirazının dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. İlk olaraq, İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Göstərilən normalara əsasən etirazın inzibati xəta haqqında protokolun subyektinin düzgün müəyyən edilməməsi barədə dəlili əsassızdır. Doğrudur, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən filial müstəqil hüquqi şəxs deyil və hüquqi şəxsin struktur bölməsidir, lakin bu hal onun inzibati məsuliyyət subyekti kimi tanınmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Deməli, filialın mülki-hüquqi statusu ilə inzibati hüquqda subyekti kimi tanınması eyniləşdirilə bilməz. Filialın müstəqil hüquqi şəxs olmaması onun inzibati məsuliyyət daşıyan subyekt kimi çıxış etməsinə mane olmur və qanunvericilik bu məsələdə xüsusi olaraq filial və nümayəndəlikləri ayrıca məsuliyyət subyekti kimi tanımışdır. Hazırkı işdə valyuta əməliyyatı birbaşa Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış müqavilə əsasında, onun bank hesabı vasitəsilə və faktiki olaraq Azərbaycan Respublikasından valyuta vəsaitinin çıxarılması yolu ilə həyata keçirilmişdir. Bu səbəbdən inzibati xətanın obyektiv tərəfi məhz filialın fəaliyyəti ilə formalaşmışdır və inzibati protokolun filial barəsində tərtib edilməsi İXM-in 18.1-ci maddəsinin tələblərinə tam uyğundur. Etirazda irəli sürülən arqumentlər filialın mülki-hüquqi statusunun inzibati hüquq müstəvisinə mexaniki şəkildə köçürülməsinə əsaslanır ki, bu da qanunvericiliyin sistemli şərhinə ziddir və inzibati məsuliyyətdən yayınma məqsədi daşıyır. İkincisi, etirazda əməliyyatın vasitəçilik xarakteri daşıması barədə də irəli sürülən mövqe hüquqi və faktiki əsaslardan məhrumdur. Çünki, Qaydaların 4.3.2-1-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, əməliyyat vasitəçilik kimi açıq şəkildə qurulsun, yəni tərəflər arasında vasitəçilik müqaviləsi bağlansın, vasitəçi öz adından deyil, başqasının tapşırığı ilə və onun hesabına hərəkət etsin və bu status əməliyyatın bütün sənədlərində birmənalı əks olunsun. Hazırkı işdə isə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı satıcı ilə birbaşa alqı-satqı (təchizat) müqaviləsi bağlamış, ödənişi öz bank hesabından həyata keçirmiş və müqavilə üzrə alıcı qismində çıxış etmişdir. Heç bir vasitəçilik müqaviləsi mövcud deyil, filialın üçüncü şəxs adından və ya üçüncü şəxsin hesabına çıxış etdiyini təsdiq edən hüquqi sənəd təqdim olunmamışdır. “Təsisçi borcu müqaviləsi” isə mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, nə vasitəçilik müqaviləsidir, nə də vasitəçilik funksiyasını əvəz edə bilər. Hüquqda “faktiki vasitəçilik” anlayışı isə mövcud deyil və belə anlayışın qəbul edilməsi normanın məzmununu qeyrimüəyyən edər, valyuta nəzarətinin tətbiqini formal səviyyəyə endirər və hüquqi müəyyənlik prinsipini pozar. Bu baxımdan, əməliyyatın vasitəçilik kimi qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri şərtlər mövcud olmadığından, Qaydaların 4.3.2- 1-ci maddəsinin tətbiqi istisna edilir. Üçüncüsü, etirazda irəli sürülən xx.xx.2023-cü il tarixli təsisçi borcu müqaviləsinin guya Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs tərəfindən vəsaitin geri qaytarılması” kimi qiymətləndirilməsi barədə mövqe də hüquqi baxımdan əsassızdır. Qeyd edilən yarımbənddə “geri qaytarılma” anlayışı qabaqcadan ödənilmiş valyuta vəsaitinin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılmasını, yəni rezidentin bank hesabına geri mədaxil edilməsini ifadə edir və bu, valyuta vəsaitinin təyinatının dəyişdirilməsi və ya daxili borc münasibəti ilə əvəz edilə bilməz. Təsisçi borcu müqaviləsi mahiyyət etibarilə borc-hüquqi münasibət olmaqla, qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən maliyyə əməliyyatı deyil və belə müqavilə əsasında aparılan köçürmə ödənişin faktiki olaraq Azərbaycan Respublikasına qaytarılması nəticəsini yaratmır. Bundan əlavə, Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “üçüncü şəxs” anlayışı ödənişin həyata keçirildiyi xarici tərəfdən və ya onun adından çıxış edən digər subyekt tərəfindən valyuta vəsaitinin geri ödənilməsini, yəni rezident hesabına qaytarılmasını ifadə edir, borc müqaviləsi bağlanmaqla öhdəliyin başqa hüquqi formaya salınmasını deyil. Bankın daxili siyasəti əsasında ödənişin təyinatının dəyişdirilməsi isə normativ öhdəliyi aradan qaldırmır və valyuta nəzarəti tələblərinin icrasından azad etmir. Bu baxımdan, təsisçi borcu müqaviləsinin mövcudluğu qabaqcadan ödənilmiş 49450.00 avro məbləğində vəsaitin Azərbaycan Respublikasına geri qaytarılması faktını əvəz etmir və Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan alternativ şərtin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, şirkətin vəsaitin guya borc müqaviləsi əsasında geri qaytarılması barədə arqumenti həm də daxili ziddiyyət daşıyır və valyuta nəzarətinin məqsədini faktiki olaraq sıradan çıxarır. Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan “geri qaytarılma” qabaqcadan ödənilmiş valyuta vəsaitinin Azərbaycan Respublikasına qayıdaraq rezident hesabında sərbəstləşməsini ifadə edir və bu halda valyuta öhdəliyi sona çatır. Halbuki borc müqaviləsi bağlandıqda vəsait “geri qaytarılmış” olmur, əksinə, eyni məbləğ üzrə yeni borc öhdəliyi formalaşır və geri qaytarılan pul üzərində rezidentin sərbəstlik hüququ yaranmır. Daha da mühümü, bu yanaşma qəbul edilərsə, rezident əvvəlcə qabaqcadan ödənilmiş vəsaiti borc müqaviləsi adı altında formal olaraq “geri qaytarılmış” kimi göstərib, sonradan həmin borc öhdəliyinə istinad etməklə eyni məbləği yenidən ölkədən çıxarmaq imkanı əldə etmiş olur. Bu isə Qaydaların mahiyyətinə, valyuta nəzarətinin məqsədinə və tədiyyə balansının qorunmasına açıq şəkildə ziddir. Buna görə də borc müqaviləsi ilə aparılan köçürmə qabaqcadan ödənilmiş valyuta vəsaitinin geri qaytarılması kimi qəbul edilə bilməz və əks halda belə yanaşma inzibati nəzarəti formal mexanizmə çevirmiş olar. İşin qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 49450.00 Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 9890.00 (doqquz min səkkiz yüz doxsan) Avro, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Avro – 2.0386 manat) 20161.75 (iyirmi min yüz altmış bir manat, yetmiş beş qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-9237/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9237/2025
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver