Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-925/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 YPX inspektoru X4, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edib bildirmişdir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. O, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı həmin tarixdə əldə etmiş və elə həmin tarixdə də qəraradan məhkəməyə şikayət vermişdir. Lakin məhkəmə tərəfindən şikayətdə yaşadığı yeri göstərmədiyi üçün müraciəti geri qaytarılmışdır. Daha sonra isə şikayətinin geri qayıtmasından xəbəri olmuş və şikayətində düzəliş edərək yenidən məhkəməyə müraciət etmişdir. Dövlət X10 əməkdaşı tərəfindən saxlanılmış, Türkiyə Cumhuriyyətinin səlahiyyətli orqanları tərəfindən ona verilmiş sürücülük vəsiqəsinin və avtomobili idarə etmək üçün etibarnaməsinin olmasına baxmayaraq, avtomobili idarə etmək üçün sürücülük hüququ yoxmuş kimi barəsində protokol tərtib edilmişdir. Davamlı avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsini Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə əvəz etmək imkanı olmamışdır. İnzibati Xətalar Məcəlləsində isə bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Lakin o, inzibati qaydada 100 manat məbləğində cərimələnmişdir. 2019-cu il tarixdən Azərbaycan Respublikası ərazisində Türkiyə Cumhuriyyətinin səlahiyyətli orqanları tərəfindən ona verilmiş sürücülük vəsiqəsi əsasında avtomobili idarə etmiş və heç bir zaman belə halla rastlaşmamışdır. Hesab edir ki, barəsində əbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 YPX inspektoru X8 bildirmişdir ki, X7 tərəfindən verilmiş şikayət əsassızdır. Çünki X1 Cumhuriyyətinin sürücülük vəsiqəsi ilə idarə etdiyinə görə tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanunverciliyə görə şəxs xarici dövlətin sürücülük vəsiqəsi ilə Azərbaycan respublikası ərazisində bir aydan artıq nəqliyyat vasitəsini idarə edə bilməz. X7 isə barəsində protkol tərtib edilməzdən öncə 2019-cu il tarixdə həmin vəsiqə ilə avtomobil idarə etdiyini və Azərbaycan Respublikasının sürücülük vəsiqəsini həmin vaxtadək almadığını bildirmişdir. Bu səbəbdən X7 barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X5 Türkiyə Cumhuriyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə sürücülük vəsiqəsi verilmiş və sonuncu 2019-cu il tarixdən həmin sürücülük vəsiqəsi ilə Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini idarə etmişdir. X7 barəsində Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X7 DİN BDYPİ Qİİ 6 saylı “ASAN Xidmət” mərkəzindən xx.xx.2023-cü il tarixdə B1, B kateqoriyalı Azərbaycan Respublikasnın sürücülük vəsiqəsini almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbayccan Respublikası Qanunun 35-1-ci maddəsinin İ. hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin maddənin İİ. hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Həmin maddənin İİİ. hissəsinə əsasən bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Qanunvericiliyin tələblərinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişdirməlidir. Qeyd edilməlidir ki, X7 xarici dövlətin səlahiyyətli orqanı tərəfindən ona verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini 2019-cu il tarixdən idarə etmiş və yalnız 16 yanvar 2023-cü il tarixdə, yəni barəsində mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Azərbaycan Respublikasnın sürücülük vəsiqəsini almışdır. Belə olan halda X3 əməlində inzibati xəta tərkibinin olmamasını, eləcə də qəbul edilmiş qərarın əsassız olmasını bildirməsinə dair xüsusatlar, məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Göründüyü kimi, X7 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-925/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-925/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver