Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9281/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 dekabr 2025-ci il tarixdə Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 15 ünvanında küçədə səs-küy salarkən ona yaxınlaşan polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Z.M.Usubov çıxışında göstərdi ki, Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməkdaşları 13 dekabr 2025-ci il tarixdə, saat 18:30 radələrində xidmətdə olarkən Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 15 ünvanının yaxınlığında bir nəfər şəxsin telefonla danışarkən ucadan ünvanlı-ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, küçə söyüşlərinin ictimai asayişi pozduğunu izah edib onu sakitliyə dəvət etsələr də, həmin şəxs polisin qanuni tələbinə tabesizlik göstərmiş, öz qeyri-adekvat hərəkətlərini davam etdirməyə çalışmışdır. Buna görə də, polis əməkdaşları tərəfindən 5-ci PŞ-yə gətirilmiş və barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsində göstərdi ki, o, 13 dekabr 2025-ci il tarixdə iş yoldaşı Məhəmməd Quliyevlə birlikdə xidmətdə olarkən Ş.Məmmədova küçəsi 15 ünvanının yaxınlığında bir nəfər şəxsin telefonla danışa-danışa uca səslə nalayiq ifadələr işlətdiyini görüb, dərhal ona yaxınlaşaraq satikliyə dəvət etməyə çalışsalar da, həmin şəxs onlara tabesizlik göstərmiş, öz hərəkətlərinə davam etmiş, buna görə də Polis Şöbəsinə gətirilmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, ümumiyyətlə söyüş söyən biri deyil. Telefonda uca səslə danışa bilər, həmin vaxt əsəbi olmuşdur, lakin nə söyüş söyməmiş, nə də yaxınlaşmış polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Sonda Şəxs məhkəmdən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X4 çıxışında göstərdi ki, Şəxs protokolda göstərilən inzibati xəta hadisələrini törətməsi sübuta yetirilmir. Hadisə ilə bağlı nə videogörüntü, nə də başqa sübut yoxdur. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 5-ci PŞ-nin əməliyyat müvəkkilləri – polis mayoru Orxan Mehdiyev və polis kapitanı Məhəmməd Quliyev tərəfindən tərtib olunmuş 13 dekabr 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində inzibati ərazidə xidmətdə olduğumuz zaman ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək, ictimai asayişi pozduğuna görə bir nəfərə yaxınlaşıb onu nizam-intizama dəvət etdik, onu sakitləşdirməyə çalışdıq. Həmin şəxs buna məhəl qoymayaraq və bizim qanuni tələbimizə tabe olmayaraq öz hərəkətləri ilə ictimai asayişi pozmağa davam etdiyi üçün tərəfimizdən 5-ci PŞ-yə gətirildir. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edildi. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 13 dekabr 2025-ci il tarixdə, saat 19:00-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs özünü həmin inzibati xəta hadisələrini törətməkdə təqsirli bilməsə də, onun əməli inzibati xəta haqqında protokol, raport və şahid ifadəsi ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 dekabr 2025-ci il tarixdən, saat 19:00-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9281/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9281/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver