Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-932/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru X9, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 18.03.2022-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru X14 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X5 həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 2021 -ci ilin noyabr ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına - Bakı Baş Gömrük İdarəsinə gətizdirilmiş ümumi çəkisi 27807 kq olan bibər məhsulunu 06.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürüldükdən sonra sertifikatlaşdırılmadan satdığına, bununla da, Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiklərinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Şəxs MMC-nin direktoru X2, X6, AQTA- nın Bakı Regional Bölməsinin İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X8 araşdırma zamanı verdikləri izahatlar, “İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında” 12.11.2021 -ci il tarixli İD ********** nömrəli və 19.11.2021-ci il tarixli İD ********** nömrəli Ərizələr, AQTA-nın Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 02.12.2021-ci il tarixli 36/FN nömrəli və 13.12.2021 -ci il tarixli 39/FN nömrəli Qərarları, “Tomato brown rugose fruit” virusunun aşkar edilməsi barədə 10.12.2021-ci il tarixli sınaq protokolu, AQTA-nın Bakı Regional Bölməsinin 24.11.2021-ci il və 03.12.2021-ci il tarixli “Məhsul nümunələrinin götürülməsi” Aktları ilə təsdiq edilir. Şəxs MMC-nin barəsində 6000 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X11 Şəxs MMC-nin direktorunun verdiyi etibarnamə əsasında şirkətin ölkəyə idxal etdiyi ərzaq məhsullarının gömrük rəsmiləşdirilməsini həyata keçirmiş, eləcə də həmin məhsullara dair sertifikatların alınması üçün AQTA-ya müraciətlər etmişdir. Həmçinin 12 və 29 noyabr 2021-ci il tarixlərində AQTA-ya idxal olunan ərzaq məhsulları ilə bağlı rəsmi ərizə ilə müraciət edilib, anbarda həmin məhsullara baxış keçirilmiş, 2021-ci ilin dekabr ayının əvvəllərində bibər məhsulunda virus aşkar edilmişdir. 4 ton məhsulu satmasını, 5 ton məhsulun isə məhv edildiyini izahatında bildirmişdir. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alman günün sonrakı günündən gec olmayaraq verilməlidir. AQTA-nın əməkdaşı X3 izahatında göstərir ki, pomidorda aşkar edilmiş virus Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli siyahısına daxil edilməmişdir. Məhsulların hansı əsasla məhv edilməsi qərarının kim tərəfindən verilməsini açıqlamır. AQTA-nın Bakı Regional bölməsinin 2 dekabr 2021-ci il tarixli qərarında virus aşkar edilməsi göstərilsə də hansı əsasla məhv etmə, hansı normativ aktın tələblərinin pozulması qeyd olunmayıb, qanunsuz və əsassız qərardır. 13 dekabr 2021-ci il tarixli qərarda anoloji nöqsanlarla qəbul edilib, qanunsuz və əsassızdır. Sertifikatlaşdırmadan imtina əsası barədə heç nə yoxdur, rəsmi qərar qəbul edilməyib və təqdim edilməyib. 12 yanvar 2022-ci il tarixli AQTA-nm Baş Prokurorluğa məktubunda başqa virus qeyd olunub, araşdırma gedişatında toplanan sübutlarda isə başqa virus qeyd olunur. «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbinə müvafiq olaraq Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Bu xüsusat tamamilə araşdırılmamışdır. Ona görə də, məhkəmədən deyilənlərin nəzərə alınaraq Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: 18.03.2022-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X5 həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 2021 -ci ilin noyabr ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına - Bakı Baş Gömrük İdarəsinə gətizdirilmiş ümumi çəkisi 27807 kq olan bibər məhsulunu 06.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürüldükdən sonra sertifikatlaşdırılmadan satmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə ünvanlanmış 12.01.2022-ci il tarixli, 3/10-95 saylı məktubdan görünür ki, ölkə ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə, Türkiyə Respublikasından 22.11 2021-ci il tarixli İD********** nömrəli və 29.11.2021-ci il tarixli İD********** nömrəli müraciətlər əsasında “Amotrade" MMC tərəfindən idxal edilmiş 23890 kq, 29.11.2021-ci il tarixli İD********** nömrəli və 12.11.2021-ci il tarixli İD********** nömrəli müraciətlər əsasında Şəxs MMC tərəfindən idxal edilmiş 27807 kq, 26.11.2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında “Palen AS" MMC tərəfindən idxal edilmiş 14392 kq və İran İslam Respublikasından 26.11.2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında "xxxx" MMC tərəfindən idxal edilmiş 11657 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən ekspertiza üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi institutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Məhsuldan nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilmiş, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınmışdır. Aparılmış ekspertiza nəticələrinə əsasən, qeyd edilən müəssisələr tərəfindən idxal edilmiş bibər məhsulunda pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilmişdir. Ekspertiza nəticələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış keçirilərkən, iltizamnamənin alınmasına baxmayaraq yük partiyasının satıldığı və qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Türkiyə Respublikasının Tarım və Orman Bakanlığına “Amotrade" MMC tərəfindən idxal edilmiş bibər məhsuluna verilən X4 ilə bağlı sorğu göndərilmiş və həmin sertifikatların saxta olması ilə bağlı sorğuya cavab verilmişdir. 02.12.2021-ci il tarixli, 36/FN nömrəli malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və utilizasiyası barədə qərara əsasən, Şəxs MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ümumi çəkisi 15780 kq bibər məhsulunu 30.11.2021-ci il tarixli, AZ-21011662/LAB03-21015-T-015 nömrəli sınaq protokola əsasən bibər məhsulunda “Tomato brown rugose fruit”-Pomidorun bürünclük virusu aşkar olunmuşdur. 13.12.2021-ci il tarixli, 39/FN nömrəli malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və utilizasiyası barədə qərara əsasən, Şəxs MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan ümumi çəkisi 12027 kq bibər məhsulunu 10.12.2021-ci il tarixli, AZ-21011262/LAB03-210124-T-024 nömrəli sınaq protokola əsasən bibər məhsulunda “Tomato brown rugose fruit”-Pomidorun bürünclük virusu aşkar olunmuşdur. 09 mart 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC, Şəxs MMC və "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. X2 01.02.2022-ci il tarixli izahatından görünür ki, Şəxs MMC 2020-ci ildən direktoru vəzifəsində işləmişdir. MMC Türkiyə Respublikasından “KuzeyPort Loj Güm İTH İHR” adlı şirkətindən 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasına 20 tona yaxın bibər və badımcan məhsulları idxal olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri məhsullara onların saxlandığı “Meyvəli bazar”da olan anbarda baxış keçirilmiş və 10 ton çəkidə olan bibər məhsullarından laborator nümunələr götürülmüş, etibarnamə verdiyi Ariz Novruzov məhsulların satışının dayandırılması barədə AQTA-nın nümayəndələrinin tərtib etdiyi aktları imzalamışdır. 2021-ci ilin noyabr ayında gətirilmiş bibər məhsullarının bir qismi, təxminən 4 tonunun satışı həyata keçirilmiş, 5 ton məhsul isə xarab olduğundan atılmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində bibər məhsullarında “Tomato brown rugose fruit” pomidor bürünclük virusu aşkar edilmişdir. Bibər məhsullarının satışının aparılmaması barədə AQTA tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq qanunu bilmədiklərindən məhsulun satışını həyata keçirmişlər. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21-ci bəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. İXM-in 447.0, 447.0.4-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 447.0.4-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs qismində İXM-in 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddədə nəzərdə tutulmuş aşağı həddə inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə verdiyi vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin əsasları İXM-nin 53-cü maddəsində sadalanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən vəsatət əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-932/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-932/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver