Məhkəmə qərarları › İş №3(001)-934/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-934/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-934/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinin baş hüquqşünası Vüqar Qurbanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən Şəxs İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 13 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:10 radələrində aparılmış araşdırma ilə, fiziki şəxs Şəxs dövlət qeydiyyatına(vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə vergiləri, o cümlədən DSMF-yə qanunla müəyyən edilmiş qaydada ayrılmalı ödənişdən yayınması hissəsində araşdırma məqsədilə həyata keçirilən X1 zamanı onun tərəfindən ümumilikdə 2238,43 manat məbləğində, o cümlədən 1930,83 manat sosial sığorta və işsizlikdən sığorta haqqları və 307,60 manat icbari tibbi sığorta haqqı üzrə ödəniş həyata keçirməməklə ziyan vurduğu müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinin baş hüquqşünası Vüqar Qurbanov inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun məşğul olduğu fəaliyyət lisenziya tələb etmir. Dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəmişdir. Həmçinin o, Bakı şəhəri Lokal Gərlirlər Baş İdarəsinə müraciət etmiş və ona təqdim olunmuş arayışda göstərilmişdir ki, onun vergilər üzrə heç bir borcu yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli X1nin həyata keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X1 həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin 5 iş günü ərzində vergi orqanına təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün aparılmış azalma ilə əlaqədar təsdiqedici sənədlərin və izahatın 5 iş günü ərzində vergi orqanına təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs Bəyabala oğlunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına(vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə 2238,43 manat məbləğində, o cümlədən 1930,83 manat sosial sığorta və işsizlikdən sığorta haqqları və 307,60 manat icbari tibbi sığorta haqqı üzrə ödəniş həyata keçirməməklə ziyan vurduğu(gəlir əldə etdiyi) müəyyən edilmişdir. Şəxs məxsus xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsindən və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə borcu yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd:

1. Bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında inzibati xəta haqqında işə baxılan zaman müəyyən edildi ki. Şəxs məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə borcu yoxdur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdüyündən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 53, 114, 115-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar