Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-935/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 tərəfindən Şəxs barəsində İXMin 215.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (cərrahi stomatologiya) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 bildirmişdir ki, direktoru olduğu klinikada həkimlərdən biri ilə pasient arasında mübahisə yaranmış və pasient tərəfindən edilmiş şikayət əsasında klinikada yoxlama həyata keçirilmişdir. Lakin sözügedən pasientə klinikada hər hansı cərrahi stomotoloji əməliyyat edilməmişdir. Həmin pasient daha sonradan klinikaya dəvət edilmiş, aralarında yaranmış anlaşmazlıq aradan qaldırılmış və şikayətin yaranmasına əsas olan hallar aradan qaldırılmışdır. Hazırda pasientin klinikadan heç bir şikayəti yoxdur. Qeyd edir ki, Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Odur ki, Şəxs MMC barəsində AR İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, stomatoloji klinikada “diş çəkmə” əməliyyatının həyata keçirilməsi üçün cərrahi-stomotoloji lisenziyanın alınmalı olmasından xəbərdar olmuş, lakin şikayətçi xanıma direktoru olduğu Şəxs Klinikasında “diş çəkmə” əməliyyatı olunmamışdır. Məhkəmənin 06 mart 2025-ci il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X2” X4 Hüquq Şöbəsinin baş hüquq məsləhətçisi X5 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktorunun keçirilən yoxlama zamanı tərtib olunmuş aktda təqsirini etiraf etməsini nəzərə alaq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli Əzizli Aynur tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi mailinə ünvanlanmış müraciətdən görünür ki, pasient Aynur Əzizlinin 3 ay öncə Şəxs klinikasında “dişi çəkilmişdir” və onda əməliyyatdan sonra müəyyən problemlər yaşamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 tərəfindən qəbul edilmiş 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2023-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmış və yoxlama suallarının siyahısı təsdiq edilmişdir. 12 fevral 2025-ci il tarixli, T-052 nömrəli X6 Plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, klinikada lisenziyadan kənar iş və fəaliyyət (cərrahistomatologiya) aşkar edilmişdir. Aktın “sahibkarın izahatı, iradı və ya etirazı” hissəsində Klinikanın direktoru Fərid Qurbanov tərəfindən verilmiş izahatdan görünür ki, o, diş çəkilmə əməliyyatının icrası üçün cərrahi lisenziyanın tələb və vacib olduğunu bilmədiyi üçün klinikanın lisenziyasına cərrahi lisenziya əlavəsini almadığını və bununla bağlı lazımi tədbiri görəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-yə ünvan 1 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji işlərin görülməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, Şəxs MMC-də cərrahi stomotoloji fəaliyyətin həyata keçirilməsi üçün nəzərdə tutulan alətlər aşkar edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilmişdir. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 215.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-935/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-935/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver