Məhkəmə qərarları › İş №3(001)-936/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-936/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-936/2021 08.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 3(001)-936/2021 nömrəli qərarı ilə X2 tərəfindən verilmiş şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 3(001)-936/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında material 06.04.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli, 3(103)-857/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatına alınmaqla fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İşi ilə əlaqədar bir sıra dövlət orqanları ilə icazə və razılıq əsasında fəaliyyətini təşkil etmişdir. O cümlədən, ona məxsus sexin kanalizasiya sisteminin istifadə edilməsinə dair onunla “xxxx” ASC arasında müqavilə bağlanmışdır. 2020-ci ilin iyul ayında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaxınlaşaraq yoxlama aparmışlar və onun xəbəri olmadan orada olan şəxslərdən kim isə onların tərtib etdiyi sənədi imzalamışdır. Son günlərdə ona məlum olmuşdur ki, həmin sənəd inzibati xəta haqqında protokol olmuşdur. Həmçinin daha sonra başqa şəxsin guya onun nümayəndəsi kimi təqdim olunması nəticəsində verdiyi izahat əsasında inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Həmin qərar da ona təqdim olunmamışdır. Yalnız son günlərdə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun ona verdiyi məlumat əsasında bütün bu olanlardan, hətta cərimənin üzərinə əlavə dəbbə pulunun da hesablanmasından məlumatı olmuşdur. Hətta inzibati xəta baş vermişsə də, onun heç bir təqsiri olmamış, həmin protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, əvvəla həm inzibati xəta haqqında protokol, həm inzibati xəta haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Bundan başqa, çirkab sularının axıdılıb-axıdılmaması, axıdılmış suların həqiqətən çirkli olub-olmaması, çirklidirsə belə hansı xüsusi texniki vasitələrlə müəyyənləşdirilməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə, şikayəti və əlavə edilmiş iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan 27.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Böyükşor” gölünün ətraf ərazisi, Binəqədi şosesi, döngə 1-də ətraf mühitə atılan, axıdılan zərərli maddələr normativlərdən artıq olduğundan obyektin məsul rəhbəri X2 barəsində vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Böyükşor” gölünün çirklənməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisənin istismar edilməsinə görə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan “xxxx” ASC ilə X2 arasında bağlanmış Abonent müqaviləsindən görünür ki, tərəflər arasında müəssisənin (mebel sexi) su təchizatı və kanalizasiya sistemindən istifadəyə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında bir sıra hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 01.08.2014-cü il tarixdə qüvvəyə minir, 6.2-ci bəndinə əsasən müqavilə 31.12.2016-cı ilədək qüvvədədir, 6.3-cü bəndində əsasən müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Böyükşor” gölünün ətraf ərazisi, Binəqədi şosesi, döngə 1-də ətraf mühitə atılan, axıdılan zərərli maddələr normativlərdən artıq olması ilə bağlı inzibati icraat başlanmış və aparılmış araşdırma nəticəsində 21.08.2020-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar “Böyükşor” gölünün çirklənməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisənin istismar edilməsinə görə həmin ərazidə yerləşən müəssisə rəhbəri X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. X2 tərəfindən verilmiş şikayətdə həmin pozuntunun onlarla heç bir əlaqəsinin olmaması və müəssisənin kanalizasiya sisteminin istifadə edilməsinə dair “xxxx” ASC ilə aralarında Abonent müqaviləsinin olduğu göstərilsə də, həmin müqavilənin 6-cı bəndindən onun 31.12.2019-cu il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, X2 barəsində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman həmin müqavilənin qüvvədə olmasını və həmin müqavilədən irəli gələn öhdəliklərin “xxxx” ASC tərəfindən icra edilməli olmasını göstərəcək heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar