Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9393/2025 05.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYP idarəsi EQ seriyalı 31847934 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən inzibati xətalar məcəlləsinin 328.2 -ci maddəsinə əsasən 50 manat miqdarında cərimə edilmişdir. DİN BDYP-yə verdiyi elektron şikayət ərizəsinə cəzanın haqlı verildiyi barədə elektron cavab almışdır. Nə DYP-nin protokolunda qeyd olunmuş kilometrdə, nə də İsmayıllıdan Qəbələyə gedən yolun (təxminən 30 km) heç bir hissəsində sürət həddi (3,24) nişanı olmamışdır. Təxminən 30 km məsafədə bu günə qədər də bu nişan qoyulmamışdır. Protokol ** YP *** dövlət qeydiyyat nişanlı DYP avtomobilində quraşdırılmış xüsusi texniki vasitə ilə qeydə alınmışdır. Bu texniki vasitənin nişanı olmadığı halda maksimal surət həddini necə təyin etdiyi sual doğurur. Yolda sürət həddi nişanı olmadığı halda ona 50 km maksimal sürət həddi nişanı (3.24) varmış kimi, 21 km/saat sürət aşma maddəsi (328.2) ilə 50 manat cərimə müəyyən edilmişdir. Onun sürəti 71 km/saat olmuşdur, lakin sürət limiti nişanı (3.24) olmadığı halda bu qayda pozuntusu kimi qiymətləndirilə bilməz. Qadağan nişanı yoxdursa DYP inspektoru maksimal sürət həddini necə təyin edə bilər? Bu yolda olan sürücüyə də aiddir. O və hər bir sürücü avtomobili yol hərəkəti qaydalarını və nişanlarını rəhbər tutaraq idarə edir. Xətanın qeyd alındığı sahə yaşayış məntəqəsi deyil, meşəlik sahədir. Hətta olsa belə bu nişanla (5.22) təmin edilməlidir ki, bu da avtomatik olaraq sürət həddinin 60 km/saat olduğunu sürücüdən tələb edir. Barəsində tərtib edilmiş protokol səhvdir, qanuna ziddir, hüquqlarını pozur, ona maddi və mənəvi ziyan vurur. Odur ki, xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, həmin qərara əsasən guya o, xx.xx.2025-ci il tarixdə Oğuz-Şəki yolunun 48-ci kilometrliyində “Mercedes Benz E200 minik” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Qeyd edilən protokol tərtib edilən vaxt onun hərəkət sürəti saatda 71 km olsa da həmin ərazidə sürətin saat 50 km. məhdudlaşdırılması ilə bağlı heç bir nişan olmamışdır. O, barəsindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə şikayət etmiş, lakin şikayəti təmin edilməmiş, inzibati xətanın təsdiqini tapması ilə bağlı cavab almışdır. Onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 31847934 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 17:07-də Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 48-ci kilometrliyində“Mercedes Benz E200 minik” markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X2 müraciətində inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edildiyini, inzibati xətanın qeydə alındığı ünvanda sürət həddinin saatda 50 km. olması ilə bağlı nişan quraşdırlmadığını, barəsindən əsassız halda inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31847934 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-9393/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9393/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver