Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-9403/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 262.3-cü maddəsi ilə tərtib edilmiş “inzibati xəta haqqında protokol”a açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsinə İXM-nin 262.3-cü maddəsi ilə “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1084L saylı bağ sahəsində xx.xx.2025-ci il tarixdə fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması halı aşkar edilişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, protokolda göstərilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. O, 15 may 2023-cü il tarixdən "xxxx" ASC-nin Bağlar Sukanal İdarəsinə ərizə ilə müraciət edərək, yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədilə Texniki Şərtlərin verilməsini xahiş etmiş, lakin müraciəti indiyədək cavablandırılmamışdır. Digər tərəfdən, hazırki protokol tərtib olunarkən Xidmətin əməkdaşları protokol tərtib olunduqdan sonra evinin su və kanalizasiya xəttinə qoşulması üçün müvafiq icazənin veriləcəyini və suölçən cihazın quraşdırılacağını bildirsələr də, bu vəd də yerinə yetirilməmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 15 dekabr 2025-ci il tarixli, 000363 nömrəli aktda göstərilmişdir ki, 11 dekabr 2025ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində keçirilən monitorinq zamanı Binəqədi rayonu, Novxanı kəndi, 1084L saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin su xəttinə qanunsuz olaraq qoşulma faktı aşkar edilmişdir. - Şəxs "xxxx" ASC-nin Bağlar Sukanal İdarəsinə ünvanladığı 15 may 2023-cü il tarixli ərizədə ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədilə texniki şərtlərin verilməsi xahiş olunmuşdur. Müraciət ******* nömrəsi ilə qeydə alınmışdır; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1084L saylı bağ sahəsi Şəxs xüsusi mülkiyyətindədir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını təmin etməlidir. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin “a)” bəndinə uyğun olaraq su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onun tikinti obyektini o şərtlə su təchizatı sisteminə qoşmalıdır ki, müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaydaların 1.9-cu bəndinə uyğun olaraq STKM-in və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən suyun keyfiyyəti (tərkibi və təchizatın etibarlılığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər müqavilədə göstərilir. Qaydaların 2.1-ci bəndinə əsasən istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in vəzifələri kimi müəyyən edilmişdir. Sadalanan normativ hüquqi aktların tələblərindən görünür ki, mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibinin müraciəti əsasında obyekti su təchizatı sisteminə qoşmaq və suölçən cihazla təmin etmək su təchizatı müəssisəsinin vəzifəsidir. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1084L saylı bağ sahəsinin sahibidir (mülkiyyətçisi) və o, "xxxx" ASC-nin Bağlar Sukanal İdarəsinə ünvanladığı 15 may 2023-cü il tarixli ərizədə ona məxsus yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədilə texniki şərtlərin verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməyərək, Şəxs yuxarıda qeyd olunan müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılıb-baxılmamasını, əgər baxılmışdırsa nəticəsinin nə olması barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin: - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; - 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarında göstərilmişdir ki, inzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsirli olmasını sübut etmək yükü birbaşa protokolu tərtib etmiş şəxsin vəzifəsidir. Hazırki halda isə inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan məhkəmə iclaslarında nümayəndəsinin iştirakını etməyərək, Şəxs müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməmiş, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər isə birmənalı olaraq Şəxs əməlində İXM-nin 262.3-cü maddəsinin tərkib əlamətləri olmasını deməyə imkan vermir. Bundan başqa İXM-nin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta qəsdən törədilən inzibati xətadır və onun tərkibinin yaranması üçün inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Şəxs hələ 2023-cü ildə yaşayış obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması ilə bağlı müraciəti, onun hazırda ittiham olunduğu İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan nəticələri arzu etməsini, yaxud nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsini istisna edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış icraata həmin Məcəllənin 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-9403/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-9403/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver