Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-941/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 80000.00 ABŞ dolları məbləğində vəsaiti 18 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 80000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs tərəfindən 18 yanvar 2023-cü il tarixdə 80000.00 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xaricə köçürülmüşdür. Artıq 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və pul vəsaiti geri qaytarılmamışdır. Avans kodu altında dəfələrlə yoxlasalar belə malın ölkəyə idxalını əks etdirən hansısa sənəd tapa bilməmişlər. Ona görə də, Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, Şəxs ilə “SİDRA GROUP TURİZM İNŞ. TEKS. SAN. İÇ ve DİŞ TİC. LTD.ŞTİ” şirkəti arasında müqavilə bağlanmışdır.
5. xx.xx.2023-cü il tarixli, RB00170123İB146 nömrəli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 80000.00 ABŞ dolları məbləğində pul vəsaiti “SİDRA GROUP TURİZM İNŞ. TEKS. SAN. İÇ ve DİŞ TİC” şirkətinin hesabına köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş, RB-02/320 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs tərəfindən 80000.00 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır.
7. İnzibati xəta haqqında protokol tərtib etmiş qurum olan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə elektron şəkildə ərizə ünvanlayaraq 3(001)- 941/2025 saylı inzibati işdə inzibati xətanın bilavasitə predmeti olmuş valyuta vəsaiti hesabına alınan malların ölkəyə idxalını və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmasını təstiq edən hər hansı sənədin MMC tərəfindən bu günədək təqdim olunmadığını bildirmişdir. Şəxs MMC barəsində tərtib olunmuş protokol üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
8. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 80000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 80000.00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.
9. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının 3.3-cü bəndinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.
10. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
11. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
12. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.
13. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir.
14. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
17. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
18. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır.
19. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 80000.00 (səksən min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 16 000 (on altı min) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 27 200 (iyimi yeddi min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova